Arifoğlu “dublikatı”nı axır ki, tapdı və nələr yazdı... - FOTO
35-ci Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu (Rauf Arif oğlu Abbasov) öz dairəsində “dublikatı” olan Rauf Abbasovun (Rauf Çərkəz oğlu Abbasov) fotosunu əldə edə bilib. Axar.az xəbər verir ki, bu barədə R.Arifoğlu özü açıqlama yayıb. O bildirib: “Rəqibimin (sözügedən dairədən digər namizəd İ.Ağazadə nəzərdə tutulur – red.) uzaqvuran silahı, mənim adaşım, qardaşım! Onun təbliğat kampaniyasını özüm aparacam!” Qeyd edək ki, R.Arifoğlunun namizədliyini irəli sürdüyü dairədən onunla eyni ad-soyadda (Rauf Abbasov) daha bir şəxs iddiasını ortaya qoyub. R.Arifoğlu adaşının nəinki Xətai rayonu, ümumiyyətlə, Bakıda yaşamadığını, bəlkə də bu əraziləri tanımadığını bildirib və onun namizədliyinin irəli sürülməsində məqsədin seçiciləri çaşdıraraq, “Rauf Abbasov” ad-soyadına veriləcək səslərin parçalanması olduğunu qeyd edib. R.Arifoğluna qarşı bu “seçki texnologiyası”nın dairənin digər əsas namizədi, Ümid Partiyasının sədri İqbal Ağazadənin komandasından qaynaqlandığı ehtimal edilir.