“Ramiz Mehdiyev - Əli Həsənov tandemi yoxdur” - Hüquqşünas
Xaricdə yaşayan bir həmvətənimlə söhbətdən sonra apardığım qısa araşdırmadan bir daha əmin oldum ki, hakimiyyətin xalqla ünsiyyət yaradacaq mətbuatı demək olar ki, yoxdur. Artıq bir neçə aydır ki, Ramiz Mehdiyev - Əli Həsənov tandemi yoxdur, ancaq yenə dünənə qədər onların kadrları iş başında idilər. Doğrudanmı hakimiyyət KİV-in rolunu anlamır və dediklərimi bilmir?! Onda indi yazacaqlarıma cavab versinlər. Məqsədim nə qaraguruhçuluq edib hakimiyyəti zil qara rəngdə görmək, nə də ki, tərifləməkdir, sadəcə baş verənləri anlamaq istəyirəm. Danışdığım həmyerlim Ukraynada oteldə qaldığını dedi və bildirdi ki, burada onunla birlikdə 300-ə yaxın Azərbaycan vətəndaşı qalır və bütün xərcləri Diasporla İş üzrə Dövlət Komitəsi qarşılayır. Buna çox təəccübləndim, çünki, sosial şəbəkədən görünən odur ki, hakimiyyət epidemiya başlayandan heç nə etmir və xalqa gün ağlayan, acından ölməyə qoymayan 3-5 nəfər sıravi vətəndaşdır. Ona görə mənə olan zəngdən sonra internet vasitəsi ilə bəzi araşdırmalar apardım. Məlumat çoxluğundan sadəcə bircə Diasporla İş üzrə Dövlət Komitəsinə köklənib əldə etdiyim məlumatı paylaşacam. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə istinadən yayılan xəbərlərə görə son bir neçə gündə Gürcüstanda yaşayan 650 imkansız ailəyə Diasporla İş üzrə Dövlət Komitəsi gündəlik işlədilən qida məhsullarından ibarət sovqat paylayıb və aksiya bu gün də davam etdirilir. Kiyevdən başqa, Dubayda 100 nəfərə yaxın vətəndaşımız mehmanxanada yerləşdirilib. Dəqiq saylarını bilməsəm də oxşar hallar Varşavada, Minskdə, Kölndə və başqa şəhərlərdə də var. Bundan başqa araşdırma nəticəsində o da bəli oldu ki, internetdə paylaşılan, çoxlarının saxta hesab etdikləri Türkiyədə geniş yayılmış Azərbaycanın Türkiyədəki səfirliyinin orada yaşayan vətəndaşlarına 200 TL dəyərində qida məhsulları alınması üçün pul ayırması xəbəri də düzdür. Bundan savayı minlərlə vətəndaşımız bu günlərdə dövlət hesabına Vətənə qaytarılıb. Buradan müvafiq strukturlara müraciət edirəm ki, izah etsinlər, bu məlumatlar hansı məqsədlə əhaliyə çatdırılmır?! Niyə mətbuatda, sosial-şəbəkələrdə ancaq "hakimiyyət xalqı başdı-başına buraxıb acından qırdırır" abu-havası hökm sürür?! Bəlkə mənim anlamadığım nəsə var?! Onda xahiş edirəm, izah etsinlər. Aslan İsmayılov Hüquqşünas