“Tofiq Yaqublu ilə bağlı eyni hüquqi prosedurların başladılacağını düşünürəm” – Pənah Hüseyn
“Mən istənilən situasiyada hakimiyyət-müxalifət dialoqunun baş tutmasının tərəfdarıyam”. Bu fikirləri Yenicag.az-a açıqlamasında ReAl Partiyasının sədri İlqar Məmmədova bəraət verilməsi və ona dəymiş mənəvi zərərə görə təzminat ödənilməsinə dair Ali Məhkəmənin Plenumu tərəfindən dünən qəbul olunan qərarı dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib. Pənah Hüseynin fikrincə, İlqar Məmmədovla bağlı verilən qərar hüquqi yox, siyasi mahiyyət daşıyır: “Azərbaycanda hələ də hüquqi problemlər qaldığına görə şübhəsiz ki, dünənki qərarlar siyasi mahiyyət daşıyır. Hesab edirəm ki, onlar öz mahiyyətinə görə doğru və ədalətin bərpasını simvolizə edən qərarlardır. Eyni məsələyə görə həbs olunmuş Tofiq Yaqubluya da həm bəraət, həm də təzminat ödənməlidir. İlqar Məmmədov barəsində beynəlxalq səviyyədə bir neçə qərar qəbul edilmişdi. Ona bəraət verilməsinə və təzminat ödənilməsinə həmin qərarların ciddi təsiri oldu. Ancaq bir daha deyirəm, bu yanaşma Tofiq Yaqubluya da şamil edilməlidir. Məncə, bu istiqamətdə də müəyyən hüquqi prosedur başladılacaq”. Pənah Hüseyn yaranmış vəziyyətdə iqtidar-müxalifət dialoqunun baş tutmasının mümkünlüyünü də dəyərləndirib: “Karantin rejiminin tətbiq olunmasından sonra iqtidar-müxalifət dialoqu gündəmdə deyil. Həm də əsas etibarilə, müxalifətdə olan bəzi insanlara qarşı təzyiqlərin artdığı görünür. Yəni bu prosesdə artıq müəyyən problemlər yaranıb. Əslində, proses başlananda, onun inkişafı bu şəkildə nəzərdə tutulmamışdı. Prinsipcə, istənilən stiuasiyada hakimiyyət-müxalifət dialoqunun baş tutmasının tərəfdarıyam. Yalnız müəyyən istisna situasiyalarda bu məsələnin əleyhinə çıxa bilərəm”.