Akif Əli: "İnsanlara mənəvi sarsıntılar yaşadan məmurlar bundan sonra da İFŞA OLUNACAQ"
"AzerTaym.az" bildirir ki, bir neçə gün öncə KONKRET.az saytında Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Qızıl qələm” mükafatı laureatı, professor Qafar Cəbiyevin “Əli Həsənovun jurnalistikaya aid olmayan şəxslərə verdiyi mənzillər geri alınmalıdır” başlıqlı açıqlaması dərc olunub. Professorun açıqlamasında xüsusən peşəkar jurnalistlərə qarşı vaxtilə olunan haqsızlıqlara dair məqamlar geniş rezonans doğurub. Müxtəlif mətbuat nümayəndələri qaldırılan məsələyə dair fikirlərini bizimlə bölüşür. KONKRET.az saytı problemlə ilgili mövqe bildirilməsi üçün tanınmış ziyalılara, o cümlədən, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif ƏLİyə müraciət edib. Onun mövqeyini oxuculara təqdim edirik. Jurnalist həmkarımız, professor Qafar Cəbiyevin açıqlaması ilə tanış oldum. Mühüm məqamlara toxunulub. Həqiqətən dünyanın heç bir ölkəsində dövlət müstəqil fəaliyyət sferası olan mediaya bu qədər maddi dəstək göstərmir. Xüsusən, jurnalistlərə əvəzsiz və ödənişsiz mənzil verilməsi faktına rast gəlinmir. Xaricilərin diqqətini çəkən digər bir uğurlu layihə olan “ASAN xidmət” kimi, bu unikal media layihəsinin də müəllifi müstəsna olaraq Azərbaycan Prezidentdir. Və əgər həqiqətən də, professorun yazdığı kimi, “ölkə prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq edilib, mənzillər jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlara paylanıbsa” – bu yolverilməz hal ilk növbədə həmin bölgünün etibar edildiyi, mətbuat üzərində təsir imkanları olan vəzifəli şəxslərin məsuliyyətsizliyinin nəticəsidir. Yeri gəlmişkən, məhz mətbuat üzərində təsir imkanlarından istifadə edib şəxsi münasibətlər zəminində ayrı-ayrı vicdanlı dövlət qulluqçularına qarşı mətbuata yalan “kompromatlar” ötürən, əl altında saxladıqları buyruqçuların vasitəsilə qurama kompaniyalara rəvac verən saxtakarları da bir müddət öncə Prezident İlham Əliyev ifşa edib. Xatırlayırsınızsa, 2019-cu il oktyabrın 15-də Prezidentin yanında keçirilən iqtisadi məsələlərə dair müşavirədə əldə olunan uğurlardan, həyata keçirilən islahatlardan danışaraq, Azərbaycanda islahatlara alternativin olmadığını bəyan edən Prezident bir məsələni xüsusi vurğuladı: “…Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir… bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı işlərin üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir.” Bəli, respublikada ən məlumatlı şəxs bəzi səlahiyyət sahiblərinin mətbuatdan “qara piar” vasitəsi kimi istifadə etməsini vurğulayırdısa, demək onun sözlərinin arxasında təkzibolunmaz faktlar dayanırdı. Bu isə o demək idi ki, “dəvəquşu sindromu” ilə yaşayan həmin əcaib vəzifə görəvlilərinin bəd əməlləri ölkə rəhbərliyinə məlumdur. Sadəcə belələrinin səviyyəsinə enmək istəməyən Prezident müşavirədə dərinə getməyə lüzum görmədi. Lakin sonrakı mərhələdə atılan addımlardan, aparılan kadr islahatlarından çox mətləblər ictimaiyyətə agah oldu. Xalq gördü ki, dövlət işində özünə isti yuva quran hansısa maskalı saxtakarın öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, paxıllıq, qısqanclıq, qisasçılıq zəminində Prezidentin kursuna uyğun işləyib dövlətçiliyə sədaqətlə xidmət edən bacarıqlı, vicdanlı kadrları ləkələməyə cəhd göstərməsi nə böyük qəbahət imiş! Əlbəttə, belələrinin yedəyində gedən səbatsız mətbu orqanların da qınaq payı var. Bir halda ki, missiyası dəqiqlik, obyektivlik, qərəzsizlik olan mətbuatın əli ilə o cür aşağılıq əməllərin törədilməsi Prezident səviyyəsində dilə gətirilir, bir məmurun digər məmur haqqında mediada kompromat yayması, əleyhinə qərəzli kampaniya təşkil etməsi kimi rüsvayçı faktın mövcudluğu açıqlanır, demək “qara piar” işbirliyinin digər iştirakçısı olan həmin media nümayəndəsi, yaxud mediaya nəzarət funksiyasını itirən müvafiq qurumlar da bundan ciddi nəticə çıxartmalıdır. Redaksiya heyətlərinin və jurnalist kollektivlərinin, xüsusən mətbuatın özünüidarə institutu kimi yaradılmış AMŞ, bilavasitə mətbuatla sıx təmasda işləyən KİVDF və digər anoloji qurumların fəaliyyətində ciddi dönüş yaradılmalıdır. Şərəfli jurnalist adının ləkələnməsinə yol verməmək, bu adın ləyaqətini qorumaq, mətbuat işini dirçəltmək naminə bütün vicdanlı və obyektiv jurnalistlər belə sağlamlaşdırma prosesində iştirak etməlidir. Düşünürəm, məhz bu baxımdan cəsarətlə səsini ucaldan peşəkar jurnalist həmkarımız Qafar Cəbiyev ürək yanğısı ilə yazır: “Uzun illərdir Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanı yeni inkişaf və yüksəliş mərhələsinə aparan titanik fəaliyyəti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu xətti ilə ölkə miqyasında və ölkə hüdudlarından kənarda həyata keçirilmiş çoxsaylı uğurlu layihələr barədə silsilə yazılar yazan, kitablar nəşr etdirən peşəkar jurnalistlər kənarda qaldı, hamam suyu ilə özünə dost tutanlar jurnalistikaya heç bir aidiyyəti olmayan təsadüfi adamlara mənzillər hədiyyə etdilər.” Demokratik cəmiyyətin ən mühüm atributlarından olan mətbuatın inkişafına bu qədər böyük dövlət qayğısı göstərildiyi halda, ölkə başçısı tərəfindən KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlığının artırılmasına şərait yaratmaq üçün ciddi tədbirlərin görüldüyü zamanda, kimlərinsə bu xeyirxah işləri özünün korporativ məqsədlərinə yönəltməsi – dövlətin və dövlət başçısının xoş məramını diskreditə etməkdən başqa bir şey deyildir. Vətənə, dövlətə və xalqa vicdanla xidmət edən təmiz kadrlara qarşı natəmiz “qaralama”, hətta “söyüş” kampaniyaları başladaraq onu idarə edənlər həqiqətən sərt qınağa layiqdirlər ki, bunu da bütün vicdanlı adamlar adından Prezident sözügedən müşavirədə etdi! Vurğulayaq ki, bu istiqamətdə atılan addımların ardıcıllığı artıq prosesin dönməz xarakter daşıdığını göstərir. Belə ki, ötən ay, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş nitq söyləyən Prezident bir daha açıq şəkildə ictimaiyyətə müraciətlə dedi: “ …Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı.“ Bu çağırışlardan sonra geniş ictimaiyyət nümayəndələri də, millət vəkilləri də, vicdanlı jurnalistlər də, sadə vətəndaşlar da aşkarlıq işığında bütün haqsızlıqlar, nöqsan və çatışmazlıqlar barədə açıq danışır, faktları göstərirlər. Çünki ayrı-ayrı “yeri səhv düşən” vəzifə sahiblərinin dövlət səviyyəsində cəzalandırıldığını görür və təqdir edirlər. Düşünürəm, bu proses getdikcə daha geniş faktiki açıqlamalarla cəmiyyətin “katarsisinə” rəvac verəcəkdir. Bu yeni kursun dalğasında professor Qafar Cəbiyevin çoxlarını narahat edən fikirləri də yerinə düşür: “Dostluq, tanışlıq, qohumluq əlaqələri zəminində xeyli sayda qeyri peşə sahiblərinə jurnalist adı altında mənzil verilməsi düzgün hərəkət deyildir. Hüquqları pozulmuş insanların haqları özünə qaytarılmalıdır.” Açığı, bu cür pozuntuların çox ciddi araşdırılması, hüquqi qiymətini alması və dələduzluq yolu ilə haqqı oğurlananların haqqının qaytarılması – bir daha ölkədə aparılan islahatların dönməzliyinə ictimaiyyətin inamını və dəstəyini artırardı. “At belində” olanda hiylə və yalanlarının ayaq açıb yeriməsindən xoşhallanan (və varlanan) saxtakarların ifşası daha da sürətlənərdi. Təbii, “heç kim unudulmur, heç nə yaddan çıxmır”! Ortalığı qarışdıran “divanə bəbəkli” İblislər kimi, çağımızın “tülkü siyasilərinin” iblisanəlikləri də gözardı edilə bilməz. Prezidentin etimadından sui-istifadə edən, dövləti aldadan, insanlara mənəvi sarsıntılar yaşadan, pakları ləkələməyə qalxan, saysız-hesabsız haqsızlıqlar törədən, ən nəhayət, şərəfli keçmişi olan milli mətbuatımıza daraşıb onu bazar qaydaları ilə yönəldərək şərəfsizliyə doğru sürükləyən qəlbi və üzü qara kimsələr unutmasın ki, tez-gec bir gün bu dünyanın haqq-ədalət tərəzisi ilə də üzləşəcəklər. Çünki bu dünyada Ədalət həmişə zəfər çalır.