TÜRK dünyasının tarixini, milli irsini tanıdan AKADEMİYA

Qazaxıstan Respublikasının birinci prezidenti, Elbaşı Nursultan Nazarbayev 3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında Türk dünyasının elmi, tarixi irsini araşdıran bir quruma ehtiyac olduğunu söyləmişdi. Və onun bu təklifi bütün iştirakçı üzv dövlətlər tərəfindən dəstəklənmişdi.
Beləcə Naxçıvan Razılaşması əsasında Mayın 25-də 2010-cu ildə Nur Sultan şəhərində Türk Akademiyası öz işinə başladı. Bu müstəqil bilik mərkəzinin açılış mərasimində Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə Respublikasının prezidenti Abdulla Gül özü şəxsən iştirak etmişdi.

2014-cü ildə 22-23 avqust tarixlərində Qırğızıstanda keçirilən Türk Şurasının Zirvə toplantısında üzv ölkələrin parlament rəhbərlərinin iştirakı və razılığı ilə Türk Akademiyasına Beynəlxalq statusu verlməsi müzakirə olundu. 28 avqust 2014-cü ildən etibarən Beynəlxalq Türk Akademiyası kimi fəaliyyətini davam etdirməkdədir.
Bu gün Beynəlxaq Türk Akademiyası təkcə Türkdilli ölkələr tərəfindən tanınmaqla yanaşı, onun beynəlxalq layihələri Avropa İttifaqında, UNESCO-da, BMT-də ən maraqlı layihələr kimi tədqiq olunur. Həmin beynəlxalq təşkilatlarda TWESCO-nun prezidenti Darhan Kıdırali Türk dünyasının tarixini, milli irsini tanıdır. Türk dünyasının görkəmli alimləri bu Akademiyanın yardımı ilə dünyanın hər yerində öz bacarıqlarını, elmi axtarışlarını dünya ictimaiyyətinə çadıra bilirlər. Beynəlxalq Türk Akademiyası yarandığı gündən doğulduğu fikrin məkanına-- Azərbaycana böyük sayğı göstərir.
2016-cı ildən bəri Akademiyanın keçirdiyi bütün forumlarında Azərbaycan Respublikasının türkoloq alimləri , dilçiləri, tarixçiləri yaxından iştirak edirlər. AMEA TWESCO-nun bütün layihələrində, türk tarixinə , coğrafiyasına, ədəbiyyatına dair olan çalışma və araşdırmalarında ən yaxın dostudur. Təsadüfi deyil ki, Beynəlxalq Türk Akademiyasının "QIzıl medalı"nı Azərbaycanda ilk alan şəxs vətənimizin böyük türkçü oğlu, Milli Məclisin Avropa Parlamentlərarası Komitəsinin sədri Cavanşir Feyziyevdir. Daha sonra bu “Qızıl medal” AMEA-nın vitse prezidenti İsa Həbibbəylinin, Müstəqil Azərbaycanın ilk baş naziri olmuş Həsən Həsənovun da sinəsini bəzədi.
Beynəlxalq Türk Akademiyası Azərbaycanın Xocalı dərdini unutmadı.
Təsadüfi deyil ki, 2018-ci ildə Türk dünyası qarşısında göstərdiyi xidmətlərinə görə, akademiyanını prezidenti Darkan Kıdıralı Azərbaycan prezidenti tərəfindən "Dostluq" ordeninə layiq görüldü. Bəli qədim türk tarixini yenidən yazan, yenidən araşdıran, əl çatmaz, ün yetməz yerlərdən türklərdən qalan nişanələri tapıb gətirən müasir Kül tekin ruhlu ellər oğlu Darxan Kıdıralı böyük mükafatlara layiqdir.
Beynəlxalq Türk Akademiyasının bütün layihə və forumlarında bir jurnalist kimi yaxından iştirak edən, bu layihələrə ürək verən o xoşbəxt jurnalistlərdən biri də mənəm. 2017-ci ildə Akademiyanın təsis etdiyi İsmayıl Qaspralı adına "Dildə, fikirdə, əmlədə" birlik mükafatına layiq görülən ilk qadın jurnalist oldum. Beynəlxalq Türk Akademiyası bir Azərbaycan jurnalisti və publisisti kimi məni çox uzaqlara apardı.

Bütün Türklərin qibləgahı Ötükən ziyarətimiz bu təşkilatın sayəsində oldu. Daha sonra Azərbaycanlı dostlarım Füzuli MəcidliAkif Aşırlı, Aqil Camal... ilə daha neçə möhtəşəm ekspedisiyaların iştirakçısı olduq.
Nursultan Nazarbayevin "Həyat yolu" kitabını tərcümə etdiyim zaman, Azərbaycanın Qazaxıstandakı Fözqəladə və Səlahiyyətli səfirliyi və səfiri Rəşad Məmmədovun da dəstəyi ilə kitab ilk dəfə Qazaxıstanın Birinci Prezidentinin muzeyində böyük təntənə ilə təqdim olundu.

Bir neçə gün əvvəl Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə türk dünyasının böyük mütəfəkiri və filosofu Abayın 175 illiyi münasibəti ilə tərcümə etdiyim "Qara söz" kitabı işıq üzü gördü.
Ən gözəl yazılarım bu Akademiyanın təşkil etdiyi səfərlərindən sonra yazıldı. TWESCO mənə gözümzdən uzaqda, könlümüzə yaxın olan dəyərli bilgələri, elm adamlarını tanıtdı. Alimlərlə hər görüşdən bir damcı işıq qazandım. Bu gün o qazandığım işığı dostlarımla bölüşə bilirəmsə, xoşbəxtəm.
Biz birlikdə güclüyük! Biz bir ağacın şaxələnmiş qollarıyıq! Yaşasın dünyanın düzənini dəyişən türk tarixi!

Aida Eyvazlı GÖYTÜRK.






Fikirlər