Korrupsionerlərin HAKİMİYYƏT SEVDASI...
Taksi sürücüləri məlumatlı adamlar olurlar; yerin altını da bilirlər, üstünü də. Bir dəfə taksi ilə 30 nömrəli məktəbin yanından keçəndə, sürücü Hökumət Evinin əkiz tayı olan nəhəng binanı göstərib, belə dedi: "Bilirsən, kimin villasıdır?" Günahkar uşaqlar kimi çiynimi çəkib durdum... Gözünü yoldan ayırıb, mənə tərəf əyildi: "Kənd təsərrüfatı naziri Heydər Əsədovun villasıdır". O nəhəng binanı yaddaşıma həkk etmək üçün maşının pəncərəsindən arxaya boylandım... Amma söhbətimiz bununla yekunlaşmadı. O, qarşıdan gələn maşına yol verəndən sonra yenidən mənə tərəf çevrildi: "Bakıda yeddi-səkkiz belə mülkü var. Obyektlərinin isə sayı-hesabı yoxdur". Axtarış saytlarına daxil olub, Ramiz Mehdiyevin adını yazsanız, məlum olacaq ki, Bakıda onun himayəsi altında fəaliyyət göstərməyən bircə zavod-fabrik də yoxdur. Bayılın yarısını onun şirkəti tikərək, qanı bahasına camaata satıb. Bu adamın Zülfüqarlı qardaşlarının başına gətirdiyi müsibəti ancaq Kərbəla müsibəti ilə müqayisə etmək olar. Eldar Mahmudovun güclü əlləri həmişə iş adamlarının xirtdəyində olub. Bu adam hətta nazirlərdən də xərac alırdı. Tabeliyində olan adamlar ondan geri qalmırdılar. Eldar Mahmudov işdən çıxarılandan sonra bir iş adamı mənə dedi ki, min bir əziyyətlə ərsəyə gətirdiyi klinikanı MTN generalı olan bacanağı döyə-döyə onun əlindən alıb. Bu siyahını istədiyimiz qədər uzada bilərik. "Köhnə qvardiya"nın elə bir nümayəndəsi yoxdur ki, adı korrupsiya və rüşvətxorluqda hallanmasın, yalan və talan kampaniyasının iştirakçısı olmasın. İlin-günün bu vədəsində, "Yasamal olayları"nın mətbuatın aparıcı mövzusuna çevrildiyi bir vaxtda tarixə ekskursiya etməyim səbəbsiz deyil. Keçmiş Səhiyyə naziri Əli İnsanov bir neçə aylıq fasilədən sonra yenidən sükutu pozdu. İnsanov “Xural" TV-yə verdiyi müsahibə zamanı onu 14 il türmədə çürüdən keçmiş komanda yoldaşlarının əl-üzünü “yumağa” çalışdı. Əli İnsanovun sözlərindən belə aydın oldu ki, Ramiz Mehdiyev, Ramil Usubov, Eldar Mahmudov süddən çıxmış qaşıq kimi tərtəmizdir. Əgər o, nə vaxtsa hakimiyyətə gəlsə, indiki məmurları meşədəki qoca palıdla həmyaşıd olan bu adamlar əvəzləyəcək... Açıq deyirəm, Əli İnsanova heç vaxt simpatiyam olmayıb. Nazir olanda bunu yazdığıma görə indi də yazmaqda heç bir qəbahət görmürəm. Beyləqandan olan tələbə yoldaşımın xərçəng xəstəliyindən əziyyət çəkən bacısı pulu olmadığı üçün dövlət xəstəxanasında zarıya-zarıya canını tapşırmışdı. Əli İnsanova münasibətim həmin vaxt formalaşıb. Heç kim məni İnsanova rəğbət bəsləməyə məcbur edə bilməz. Çox güman ki, İnsanovun da mənə rəğbəti yoxdur. Hansı ki, mənim buna dünəndən ehtiyacım yoxdur… Simpatiya məsələsini bir tərəfə qoyub, mətləbə keçmək istəyirəm. Müxalifətçilər arasında tanıdığım xeyli adam var ki, onlar İnsanov faktorunun hakimiyyət dəyişikliyini sürətləndirəcəyinə ümid edirlər. Şəxsi söhbətlərimizdə dəfələrlə bunu etiraf ediblər. Onları heç cür inandıra bilmirdim ki, İnsanovun iştirakıyla baş tutan dəyişikliyin əqidəli müxalifətçilərə heç bir xeyri olmayacaq. Əgər bu adamın nə vaxtsa hakimiyyətə gəlmək şansı olsa, onunla birlikdə Ramiz Mehdiyev, Səfər Əbiyev, Eldar Mahmudov kimi sabiqlər gələcək… Bu adamların adı gələndə, ağlınıza ilk gələn nə olur? Saflığına, təmizliyinə şübhə etmədiyim, əqidəsinə güvəndiyim dostlarıma bu barədə düşünməyi təklif edirəm. Şəxsən mən yağışdan çıxıb, yağmura düşmək istəmirəm… Seymur VERDİZADƏ