Əli İnsanov onları NİYƏ TƏRİFLƏYİR? – Gizli MƏQAMLAR

Əli İnsanov onları niyə tərifləyir? – Gizli məqamlar

Sabiq Səhiyyə naziri Əli İnsanovun məhbəs həyatıyla vidalaşması ölkənin siyasi mühitində xüsusi canlanmaya səbəb olmadı. İnsanovun siyasi proseslərin ilhamverici qüvvəsinə çevriləyəcəyilə bağlı proqnozlar özünü doğrultmadı. Keçmiş nazirin fəaliyyətində məhbəsdə olduğu dövrlə müqayisədə ciddi irəliləyiş baş vermədi.

  Siyasi həyata Haqq və Ədalət Partiyası adlı kiçik təşkilatla qədəm qoyan İnsanov böyük gücə çevrilə bilmədi. Müşhadəçilər keçmiş nazirin uğursuzluğunu bir neçə vacib amillə əlaqələndirirlər. Başlıca faktor kimi hakim komandanın İnsanovdan üz çevirməsi göstərilir. İddiaların əksinə olaraq, Əli İnsanov nəinki hakimiyyət komandasını parçalaya bilmədi, hətta “vurulduğu” üçün iqtidardan narazı qalan adamları belə öz ətrafında cəmləşdirməyi bacarmadı. İnsanovun başçılıq etdiyi HƏP-də bircə nəfər belə parlaq simanın olmaması onun personası ətrafında yaranan ajiotajın qısa müddətdə səngiməsinə səbəb oldu. İnsanovun və komandasının timsalında siyasətdə növbəti dəfə fiasko baş verdi. Onun personası ətrafında yaranan ajiotajın “sabun köpüyü” olduğu isə tezliklə üzə çıxdı.

Əli İnsanovun yenidən siyasi proseslərin mərkəzinə düşmək cəhdi son günlər aşkar sezilir. O, jurnalist Əvəz Zeynallının rəhbərlik etdiyi “Xural” TV-yə son müsahibəsi ilə gizli niyyətini aşkara çıxarmış oldu. Onun heç bir sosial bazaya, təşkilatlanmış siyasi partiyaya, iqtidara gəlmək üçün tələb olunan ən xırda resursa belə malik olmadığı halda hakimiyyət bölgüsündən dəm vurması mövcudluğunu növbəti dəfə yada salmaq cəhdindən başqa bir şey deyildi. Mənzərə Azərbaycan cəmiyyətinə tanışdır: ortada konkret fəaliyyət, real güc olmayanda, siyasi bəyanatlar gündəmdə qalmaq üçün yeganə vasitəyə çevrilir…

İnsanovun məlum müsahibəsində ən çox diqqətçəkən məqam sabiqlərə stavka etməsi idi. Onun vaxtilə hakimiyyət komandasında yüksək post tutmuş Ramiz Mehdiyev, Ramil Usubov, Eldar Mahmudov kimi keçmiş məmurların “əl-üzünü yumaq” cəhdi nəzərdən yayına bilməz. Hakimiyyətdən narazı təbəqəni öz tərəfinə çəkə bilməyəcəyini yaxşı anlayan keçmiş YAP-çının iqtidar düşərgəsində təfriqə yaratmaq niyyəti dərhal özünü biruzə verdi.

Müşahidəçilər hesab edirlər ki, İnsanov bu taktika ilə uğur qazana bilməyəcək. Bunun isə iki əsas səbəbi var. Birinci səbəb odur ki, hətta nazir postunu tutanda da öz komanda yoldaşları ona rəğbət bəsləməyiblər. Acıdil və təkəbbürlü olduğu üçün keçmiş komanda yoldaşları həmişə onunla məsafə saxlayıblar. İnsanovun son dərəcə regionçu olması iqtidar düşərgəsində onu “arzuolunmaz şəxs”ə çevirib.

İkinci və çox mühüm amil isə odur ki, İnsanovun stavka etdiyi adamlar da onun özü kimi hakim düşərgədə xüsusi hörmət və rəğbət qazana bilməyiblər. Təkcə onu xatırlatmaq kifayətdir ki, Eldar Mahmudovun güclü əlləri həmişə komanda yoldaşlarının xirtdəyində olub. Aydın məsələdir ki, ağlı başında olan heç bir məmur hətta nazirlərdən də xərac alan generalın olduğu yerdə olmaq istəməz. Bu isə İnsanovun növbəti dəfə uğursuzluğa düçar olacağını söyləməyə əsas verir.

Əli İnsanovun bu taktika ilə xalqdan dəstək alması da qeyri - mümkündür. Çünki onun müdafiə etdiyi sabiqlərin yola salınması bir müddət əvvəl əməlli-başlı toy-bayrama çevrilmişdi. Ölkədə rüşvətxor və korrupsioner məmurlara qarşı ciddi mübarizə aparıldığı bir vaxtda rüşvətxor və korrupsionerləri yenidən “diriltmək” niyyəti adamın özünü “öldürmək” cəhdindən başqa bir şey deyil… /Yenisabah.az






Fikirlər