“RUSLAR MÜTƏLLİBOVA QORXAQLIĞINI BAĞIŞLAMADILAR…” – “Surət Qraçovun AGENTİ idi”

Rəsul Quliyevi: “Surət Hüseynovun verdiyi məlum müsahibə onun boş başının məhsuludur”

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynovun Meydan.TV-yə verdiyi son müsahibəsi ətrafında yaranan qalmaqal səngimək bilmir. AXC iqtidarının rəhbərliyi barəsində sensasion ittihamlar irəli sürən S.Hüseynov Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevi də “unutmayıb”.

Müsahibədə 1994-cü ildə parlamentdə R.Quliyevin sədrliyi ilə keçirilən iclasda Milli Qəhrəman adının alınması barədə deyilənlərlə razılaşmayan sabiq baş nazir bütün bunların sabiq spikerin oyunları olduğunu söyləyib: “Məndən heç kəs milli qəhrəmanlığımı almayıb. Milli Məclis başından yekə səhv edir. Bu, Rəsul Quliyevin oyunları, tamaşası idi. Onların bunu etmək üçün heç bir ixtiyarları yox idi. Konstitusiyada Milli Məclisə elə bir səlahiyyət verilməyib. Milli Qəhrəman adı o zaman götürülür ki, prezident məhkəməyə müraciət edir və məhkəmə də qərar qəbul edib, adı səndən alır. Bu hal isə məndə olmayıb”.

S.Hüseynovun dedikləri ilə bağlı “Yeni Müsavat”a danışan R.Quliyev ona ağır cavab verdi: “Surət Hüseynova nə qəhrəman adının verilməsindən, nə də polkovnik rütbəsi almasından xəbərim olub. Milli Qəhrəman adının Milli Məclisin iclasında alınması iddiası yadıma, ümumiyyətlə, gəlmir. Çünki məlum iclasda onun məsələsi heç bir əhəmiyyət kəsb etmirdi. Ümumiyyətlə, nə sovet vaxtı, nə də müstəqil Azərbaycanda orden, medal məni heç vaxt maraqlandırmayıb. Ona görə də heç bir orden, medalım yoxdur. Surət Hüseynovun Meydan.TV-yə verdiyi məlum müsahibə onun boş başının məhsuludur. Onun özü birbaşa Rusiya Federasiyasının, lap dəqiq desək, müdafiə naziri Qraçovun agenti idi.

Surət Hüseynovu Moskvadan Baş Kəşfiyyat İdarəsi (QRU) idarə edirdi. Bunu rəhmətlik Əbülfəz Elçibəy hökuməti bilirdi və onu öz aləmlərində şirnikləndirmək üçün ona polkovnik rütbəsi verdilər, daha sonradan isə Milli Qəhrəman adına layiq gördülər. Bütün bunlara baxmayaraq, Surət Hüseynov şirniklənmədi, əksinə, 4 iyunda ağalarının əmrini yerinə yetirdi. Əmr isə belə idi: Elçibəy rejimini yıxmaq və Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək. Sözsüz, plan və proqramı birbaşa QRU hazırlamışdı. Ancaq onlar bu hökumətin bu səviyyədə zəif olduğuna, xalqın dəstəyini itirməsinə inanmırdılar. Bir sözlə, Rusiya Mütəllibova Gəncəyə getmək və çevrilişə rəhbərlik edib prezidentliyini bərpa etmək təklifini etdi. Hətta təyyarə belə hazır dayanmışdı. Ancaq təbiətcə qorxaq olan Mütəllibov ”Hüseynov Bakıya gedib onları qovsun, sonra məni çağırsın” dedi. Bir sözlə, Surət Hüseynov gəldi, baş nazir oldu. Ruslar Mütəllibova qorxaqlığını bağışlamadılar və prezident Heydər Əliyevlə hesablaşmağa məcbur qaldılar. Əsas məsələ neft kontraktları idi. Rusiya bu kontraktlardan böyük pay götürmək istəyirdi. Bu kontraktlarda Rusiyanın rolu nədən ibarət olmalıdır mövzusunda mərhum prezident Heydər Əliyevlə mənim düşüncələrim üst-üstə düşürdü. Qısası, neft kontraktlarında Rusiya pay ala bilmədi. Bu səbəbdən də Rusiya Surət Hüseynova yenidən iğtişaş salıb, çevriliş etmək tapşırığını verdi. Bu prosesə Cavadovlar da qoşuldu. Xüsusilə Heydər Əliyevin Bakıda olmamasından da istifadə edib bir neçə tanınmış şəxsləri qətlə yetirməklə iğtişaş salmaq istədilər. Prezident ölkədə olmadığından parlament sədri (ölkənin ikinci şəxsi) və ölkəyə cavabdeh qalmış səlahiyyətli kimi mən çox operativ tədbirlər gördüm. Televiziyaların, hökumət idarələrinin hamısını silahlı qüvvələrlə nəzarətə götürdüm. Bir sözlə, Surət Hüseynovun vəzifədən çıxarılması məsələsi aktuallaşdı. Atılmış bütün qanunazidd əməlləri ifşa edildi”.

R.Quliyev Milli Məclisin tarixi iclasından da danışdı: “Surət Hüseynov Milli Məclisə gəldi. Ona axıra qədər sözünü deməsinə şərait yaradılmasını tələb etdi. Televiziyada birbaşa canlı yayım istədi. Hər iki tələbin yerinə yetiriləcəyi barədə ona söz verdim. Yeganə olaraq televiziyada iclas qurtarandan sonra olduğu kimi veriləcəyini dedim. Bir sözlə, iclas başladı. Surət Hüseynov primitiv ağlının məhsulu olan çıxışını etdi. Belə bir ağıl sahibinin 1 il baş nazir olması və Rusiya kimi bir dövlətin bu ağıl sahibinə ”stavka” etməsi məndə çox böyük təəccüb doğururdu. Hüseynov çıxışını bitirdikdən sonra deputatlara söz verdim. Çox təəssüf edirəm ki, heç kim danışmaq istəmirdi. Çox ehtimal hamı ehtiyat edirdi. Mən çıxış etdim. Onun bir ildə buraxdığı səhvləri, törətdiyi qanunsuz əməlləri bir-bir söylədim, səsə qoydum və vəzifədən azad edildi. Heç bir Milli Qəhrəman mövzusu ortaya çıxmadı və çıxa da bilməzdi. Milli Məclisin növbədənkənar toplantısından sonra onun qolundan tutub kabinetimə qaldırdım.

O yazıq-yazıq mənə “indi mən nə edim?” deyə sual etdi. Mən də “get prezidentin qəbuluna, xahiş et, səni bağışlayıb, bir iş versin” dedim və Heydər Əliyevə zəng edib onu qəbul etməsini xahiş etdim. Bütün bunlar bir tarixdir. Vətəninə, millətinə və dövlətinə Rusiyanın və birbaşa QRU-nun tapşırıqları ilə xəyanət etmiş birisi abırına bükülüb sussa, daha yaxşı olar, təbii ki, abrı varsa… Bəlkə də köhnə sahiblərindən yeni aldığı sifarişlər mövcuddur. Hər halda, bir xalq olaraq ayıq-sayıq olmaq zamanıdır”.






Fikirlər