BU TƏXRİBATIN ARXASINDA RUSİYA DURURMU? – “Paşinyan Rusiyaya qarşı geniş anti-təbliğat aparacaq”
Pandemiya dövründə Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi avantüraya əl atmasının arxasında hansı səbəblər dayanır? Sosial fəlakətin siyasi böhrana çevrilmə mərhələsini yaşayan, daxili siyasi qüvvələrin birləşərək iqtidara qarşı geniş koalisiya qurduğu bir dönəmdə cəbhə xəttində nisbi sakitliyi pozmaq Paşinyanın nəyinə lazımdır? Ekspertlər bu suallarla bağlı bir neçə versiya irəli sürürlər. Onlardan biri də Rusiyanın Ermənistandakı imkanlarından istifadə edərək Azərbaycana müəyyən təzyiqlər göstərməsi ilə bağlıdır. Bu təzyiqlər nə ilə bağlı ola bilər? Siyasi müşahidəçilərə görə, Azərbaycanda şərti olaraq “beşinci kolon” adlandırılan, Rusiyadan ciddi dəstək alan qruplaşmaların hakimiyyətdən götürülməsi və təsir imkanlarının məhdudlaşdırılması Kremldəki bəzi dairələri qıcıqlandırır. Onlar müxtəlif vasitələrlə bu prosesin qarşısını almağa çalışırlar. İstisna deyil ki, Azərbaycanın dövlət sərhədində Ermənistanın əli ilə təxribatlar törətmək növbəti cəhdlərdən biridir. Xatırladaq ki, cəbhə xəttində baş verən insidentlə bağlı Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib. Diqqət çəkən məqamlardan biri budur ki, TŞ üzvlərindən biri olan AMEA sədri onlayn iclasa dəvət olunmayıb... Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Azpolitika.info”-ya açıqlamasında bildirib ki, bu versiyanı istisna etməsə də, cəbhə xəttində baş verən hadisələrin səbəbinin fərqli olduğunu düşünür: “Hesab edirəm ki, Ermənistanın təxribatlara əl atmasının əsas səbəbi daxili siyasi vəziyyətlə bağlıdır. Məlumdur ki, Ermənistanda koronavirus pandemiyası ölkə iqtisadiyyatını çöküş halına gətirib, daxili narazılıqlar, etirazlar pik həddədir. Paşinyan hökumətinin nüfuzu aşağı düşüb və sosial-iqtisadi fəlakətin siyasi böhrana çevrilməsi qaçılmazdır. Digər tərəfdən, Paşinyan iqtidarı siyasi rəqiblərinə qarşı ciddi repressiyalar aparır, onları təzyiq altında saxlayır. Bu da daxildə müxalif siyasi qüvvələrin konsolidasiyasına gətirib çıxarır ki, hökumət qısa müddətdə çox ciddi müqavimətlə üzləşir. Paşinyan Azərbaycanla sərhəddə təxribata əl atmaqla ilk növbədə diqqəti daxildə üzləşdiyi problemlərdən yayındırmağa çalışır. Məncə, buna nail ola bilməyəcək”. Fəzail Ağamalı hesab edir ki, daha bir məsələ Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərinin test edilməsi və Moskvadan qırılma xəttini genişləndirmək niyyətində olması ilə bağlıdır: “Məlumdur ki, Paşinyanın hakimiyyətə gətirilməsi Qərbin müəyyən dairələrinin layihəsdir. Onun qarşısında qoyulan öhdəliklərdən biri Rusiya ilə münasibətləri tədricən azaldıb, Qərbə inteqrasiya kursunu gücləndirməkdir. İndi cəbhə xəttində Azərbaycanın mövqelərinə artilleriya zərbəsi endirib bunun məsuliyyətini Azərbaycan ordusunun üstünə atmaqla bərabər, dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardım üçün müraciət edilib. Təbii ki, bu təşkilat indiki mərhələdə Ermənistana hər hansı hərbi yardım etməyəcək. Bundan isə Paşinyan hökuməti faydalanaraq Rusiyaya qarşı cəmiyyətdə geniş anti-təbliğat aparacaq. Nəticə etibarı ilə hökumət ölkədə ictimai, siyasi zəmin yaradaraq Qərbə inteqrasiya kursunun dərinləşdiriləcəyini bəyan edəcək”. Rusiyanın mövqeyinə gəlincə, F.Ağamalı Moskvanın hələlik aydın münasibət ifadə etmədiyini düşünür: “Xarici İşlər Nazirliyinin sözçüsünün dediklərini ciddi qəbul etmək olmaz və bu Rusiyanın mövqeyini ifadə etmir. Ona görə, bir qədər də gözləyib Rusiyanın hadisələrə münasibətinin nədən ibarət olduğunu aydınlaşdırmağa ehtiyac var”. Partiya sədri deyir ki, Azərbaycan Ordusu düşmənin təxribatına layiqlı cavab verib: “Prezidentin də ifadə etdiyi kimi, ordumuz üstün gücündən yararlanaraq düşməni geri oturdub. Bu cavablar verilməkdə davam edir. Azərbaycanın hərbi, siyasi, diplomatik mövqeləri möhkəmdir, regionda və dünyada nüfuz sahibidir. Hesab edirəm ki, dövlətimiz, ordumuz bu imkanlardan faydalanaraq mənasız danışıqlar prosesindən çıxsın və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı əməliyyatlara başlasın”. Politoloq Elxan Şahinoğlu isə xatırladır ki, hər zaman Rusiyanın regionda apardığı siyasətini ciddi tənqid edənlərdən biri olub: “Amma hesab etmirəm ki, son insidentin arxasında Rusiya dayanıb. Hazırda qonşu ölkənin problemləri başından aşır. Koronavirus epidemiyası iqtisadi, sosial vəziyyəti ağırlaşdırıb. Belə bir şəraitdə Cənubi Qafqazda gərginliyin yaranması onun marqlarına cavab vermir”. Politoloq hesab edir ki, bu hadisə Ermənistandakıların öz təxribatları idi və Rusiyanın da dəstəyini almağa çalışırlar: “Cəbhə xəttində baş verənlər iki ölkə arasında növbəti hərbi qarşıdurma idi. Azərbaycan Ordusu da əks həmlə ilə düşmənin cavabını verdi. Burada hansısa üçüncü dövlət izini axtarmağın əleyhinəyəm. Biz düşmənlə üz-üzəyik, Rusiya da onun arxasında dayanıb. Əlbəttə, bu reallıq bizi narahat edir. Amma Rusiya XİN-in yaydığı bəyanatdan göründü ki, Moskva dəstək verdiyi ölkənin tərəfini tuta bilməyib”. /“AzPolitika.info”