Müxalifət Milli Məclisə basqını PİSLƏDİ

 Mirmahmud Mirəlioğlu: “Bu, bilərəkdən edilmiş bir məsələdir

Elşad Musayev: “Burada “5-ci kolon”un da, radikal dini kəsimlərin də rolu ola bilər

İqbal Ağazadə: “Orada heç bir təxribat elementi görmürəm

Məlum odluğu kimi, iyul ayının 14-dən 15-nə keçən gecə on minlərlə insanımız paytaxtın mərkəzi küçələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlarda həlak olan şəhidlərimizi anmaq, dövlətimizə, ordumuza dəstək olmaq üçün yürüş keçirdi. İnsanlar “Şəhidlər ölməz, vətən bölünməz!”, “Vur, qır səngəri, Azərbaycan əsgəri!” şüarlarını səsləndirdilər və hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildirdilər. Lakin çox böyük vətənpərvərlik nümayiş etdirən yürüş iştirakçılarının əksəriyyəti bir neçə saatdan sonra evlərinə getsələr də, bir qrup şəxs Milli Məclisin binasına hücum edib, ictimai qaydanı pozaraq qanunazidd hərəkətlərə yol verib ki, bu da ölkəmizin indiki durumunda yolverilməzdir.

“Bu, bilərəkdən edilmiş bir məsələdir”

Yürüş iştirakçılarından bir qrupun qanunsuz olaraq Milli Məclisin binasına daxil olması ilə bağlı KXCP sdəri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə deyib ki, bu məsələni araşdıracaqlar, amma ortalığa həqiqi baş verənlərin təhlili və araşdırılması çıxacaqsa, onun adı olmayacaq: “Bu, bilərəkdən edilmiş bir məsələdir. Yəni son nəticədə bu, baş verənlərə kiminsə imzasını atması, dəsti xəttidir, o yönəldilmiş bir hadisədir. Bu məsələ hansı adla toplanılıb, həmin adla toplananların özlərinin işi deyil. Yəni camaat baş verənlərlə bağlı hansı şüarla toplanmışdı, ona uyğun deyil”.

“Çox uzaq gedən də məsələ deyil”

M.Mirəloğlunun sözlərinə görə, burada “5-ci kolon”un rolunu kimsə ehtimal edə bilər: “Amma məncə, daha başqa bir məsələdir. Çox uzaq gedən də məsələ deyil. Sadəcə olaraq kiminsə özünü göstərməsidir, təxribat da deyil, yəni mən də varam”.

“Məsələni elə artan sürəti ilə davam etdirmək lazımdır”

“Həm dövlət sərhəddində, həm də daxildə baş verən hadisələrə görə çətin bir dönəm yaşayırıq. Bundan sonra vəziyyəti necə görürsünüz” sualına M. Mirəlioğlu belə cavab verdi: “Biz illərdir bunu yaşayırıq, amma yaşadıqlarımızın dünən görsəntisi, yəni ümumxalq bir müdafiəsi oldu. Bundan da bəzi adamlar ola bilər ki, özləri üçün siyasi divident qazanmaq istəyirlər, amma məncə, siyasi, hərbi cəhətdən, bütün sahələrdə də xalqımızın, dövlətimizin qazancını önə çəkmək lazımdır. Onun üçün baş verənlərə uyğun olaraq başlanan məsələni də elə artan sürəti ilə davam etdirmək lazımdır, xalq dövlətə dəstək verməlidir. Müxalifət də dəstək verir. Bu istiqamətdə işləri görmək lazımdır ki, Azərbaycan bu xoşaglməz vəziyyətdən çıxsın”.

“İnsanların küçəyə axışması sırf  Qarabağı geri qaytarmaq istəyi ilə bağlıydı”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd edib ki, son günlər şəhid xəbərlərinin gəlməsi insanlarımızda çox böyük həyacan, eyni zamanda qəzəb hissi oyatdı: “Şəhidlərimiz insanlarımız tərəfindən çox böyük ruh yüksəkliyi, həyacanla qarşılandı. Elə bizim qonşu binada şəhidimiz var idi, polkovnik İlqar Mirzəyev, onun qarşılanması gözümün qabağında oldu, böyük bir izdiham yaşandı. İnsanlar çox böyük sayğı ilə öz şəhidlərini qarşıladılar. Heç bir təşkilatçılıq yox idi, amma hamı nizam-intizamla öz şəhidini qarşıladı. Bizim digər şəhidlərimiz də eyni hörmətlə, sayğı ilə  qarşılandılar. Hiss olunurdu ki, insanların içində, gözündə bir qəzəb var. İnsanlar artıq bu məğlubiyyət şəraitində yaşamaq istəmirlər. Dünyanın ədalətsizliyini, erməni həyasızlığını, onun arxasında duran havadarlarının həyasızlığını qəbul etmək istəmirdilər. Mən hesab  edirəm ki, insanların küçəyə axışması sırf Qarabağı geri qaytarmaq istəyi, ordumuza dəstək ifadə etməsiylə bağlıydı. Ona görə, insanlarımız küçələrə töküldü, meydanları, küçələri doldurdu və “Qarabağ” şüarı hayqırdı. Təbii ki, belə bir izdiham içərisində müxtəlif qruplar ola bilər. Çox təəsüflər olsun ki, bu izdihamın içərsində müəyyən qrup ümumi işimizə bir kölgə saldı, Milli Məclisin binasına soxuldu, orada müəyyən avadanlıqları qırdılar, dağıtdılar. Polis maşınlarına, insanların özlərinə müəyyən xəsarət yetirdilər. Hesab edirəm ki, bu, ümumi gördüyümüz işə böyük bir kölgə saldı. Hər halda, hüquq-mühafizə orqanları o adamların kimliyini araşdıracaqlar, tapacalar. Çünki mən şəhid İlqar Mirzəyein qarşılanmasında da gördüm ki, müəyyən bir  qrup var idi, daha çox dəxli olmayan şüarlar səsləndirirdilər. Ona görə, hesab edirəm, burada planlı sürətdə bir şey ola bilər və hüquq-mühafiə orqanları inanıram ki, elə günü bu gün bu qrupun kim olduğunu aydınlaşdıracaq”.

“Təbii ki, burada “5-ci kolon”un ciddi dayaqları var”

E.Musayevin fikrincə, burada “5-ci kolon”un da, radikal dini kəsimlərin də rolu ola bilər: “Bir də özünü idarə edə bilməyən məsuliyyətsiz adamlar var ki, bunlar da ola bilər.  Təbii ki, burada “5-ci kolon”un ciddi dayaqları var, bunlar  da işləyir, amma radikal dini kəsimi də istisna etmək olmaz. Bir də ki, təsadüfi özünü idarə edə bilməz adamlar ki, bunlar da adətən bu proseslərdə təxribatçı hərəkətlər törədirlər”.

“Kütlə yol göstərilməyən bir vəziyyətə çatanda nəticə belə olur”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab etmir ki, bu, təxribatdır: “Kütlə emosional yanaşmalar, yol göstərilməyən bir vəziyyətə çatanda nəticə belə olur. Bu, kütlə psixologiyasıdır. Bəyəm, Amerikada insanlar qaradərili vətəndaşın öldürülməsinə görə polislə hansı münasibətlər sisteminə girdilər? Onlar Amerikanı sevmirdilərmi? Amerikaya qarşı hansısa bir dövlət təxribat hazırlayırdımı? Yox. Bu, kütlə psixologiyasıdır. Kütlə psixologiyasını bu cür də qəbul etmək lazım idi. Vətəndaşın emosiyasını, yanaşmasını dövlət idarə etməliydi. Mitinqdə münasibətlər sistemi əvvəlcədən düzgün olmalıydı. Yeni Azərbaycan Partiyası ilə müxalif partiyalar bir yerdə kütlənin qarşısında olmalıydı, danışmalıydılar, mövqe ifadə etməliydilər. Yoxsa bunu kütlənin üzərinə yıxmaq lazım deyil ki, burada təxribatçılar oldu. Kütlə harada idarə olunmayanda sonu sakitçilik və yaxud da dağılışmaqla, başa çatır? Dünyanın heç bir yerində belə bir şey olmur. Biz də dünyanın xalqlarından biriyik və bizim də kütlə psixologiyası hamı ilə eynidir. Mən orada heç bir təxribat elementi görmürəm. Kütlə emosiyasıdır, normal emosiyadır. Orada faciə də axtarmaq lazım deyil. Dünyanın hər yerində kütlə toplaşanda sonu belə olur”.

 “Azərbaycan cəmiyyəti, müxalifəti hakimiyyətə görünməmiş dəstək verdi”

İ.Ağazadə vurğulayıb ki, torpaqlar işğaldan azad olunmalıdır: “Xalq bunu istəyir. Hakimiyyət bunun bir çarəsini tapmalıdır. Yalançı uzatmaqlarla bir yerə gedib çıxmaq mümkün deyil, torpaq işğaldan azad olunmalıdır. Ya azad etməlidirlər, ya da deməlidirlər ki, biz bu işi bacarmırıq. Bunun başqa bir yolu yoxdur. Azərbaycan cəmiyyəti, müxalifəti hakimiyyətə görünməmiş dəstək verdi. Hətta biz iddialarımızdan əl çəkdik. Adətən dünyanın hər  yerində müxalifət iqtidarı dəyişmək üçün fürsət axtarır. Bütün bu fürsətlərin hamısından imtina edib dedik, bir müsəlləh əsgərik, ali baş komandan. Vətən, torpaq məsələsi varsa, ali baş komandanın müsəlləh əsgəriyik. Əmr ver, biz də gedək döyüşək, yanındayıq, beynəlxalq aləm səni təhdid etməsin, deməsin ki, “sən müharibəyə başlayarsansa, müxalifət qalxar, mən də onları dəstəkləyərəm. Bu və ya digər şəkildə dəstək verib, səni devirərəm”. O arqumentlərin hamısının əlindən alınması üçün mövqeyimizi qoyduq, dedik biz sizin yanınzdayıq, ali baş komandan, əmr verin, gözünüz arxada qalmasın. Kimsə bu əmrdən sonra dövlət,  xalq, toplum, cəmiyyət məsələsində iradənin ziddinə getməyəcək. Biz bu dəstəyi verdik”.

 “10 minlərlə insanı başlı-başına qoy, hərə bir şüar qışqırsın, axırda hökmən bir şey olacaq”

İqbal Ağazadə hesab edir ki, hakimiyyət baş verən prosesi idarə edə bilmədi: “İnsanlar yığışıb,  Azərbaycan vətəndaşlarıdır, heç nə istəmirlər, torpaq istəyirlər. “Cənab ali baş komandan, bizə silah ver” deyirlər, “Qarabağı tələb edirlər, başqa bir şey tələb etmirlər. Onu idarə etmək lazımıydı. İdarə etmək üçün nə etmək lazımıydı? Sonda ictimai-siyasi nüfuzu olan cəmiyyətin müxtəlif kəsimlərinin adamları bir yerdə çıxmalıydılar, mövqe ifadə etməliydilər, vətəndaşa müraciət etməliydilər, vətəndaş da çıxıb getməliydi. Xalqa deyilməliydi ki, “bu istiqamətdə məsləhətləşmələr gedir, beynəlxlaq və daxili vəziyyəti, imkanlarımızı götür-qoy edirik, qərarımız olacaq”, yoxsa saatlarla 10 minlərlə insanı başlı-başına qoy, hərə bir şüar qışqırsın, axırda hökmən bir şey olacaq. Bunun başqa yolu yoxdur. Dünyanın heç bir yerində bunun alternativi yoxdur”

 

 






Fikirlər