10 PARTİYA TÜRKİYƏ ORDUSUNUN AZƏRBAYCANDA QALMASINI İSTƏYİR ...
Sərdar Cəlaloğlu: “Bu sənədlər Azərbaycan və Türkiyə parlamentlərinə, prezidentlərinə göndəriləcək” “Azərbaycanın da, Türkiyənin da, türk dünyasının da milli maraqları Türkiyənin Azərbaycanda hərbi bazalarının olmasını istəyir” Son vaxtlar regionda və ölkəmizdə baş verən bir sıra proseslər Azərbaycan müxalifətinin də birgə mövqe ifadə etmək zərurətini yaratmışdır. Çünki həqiqətən də ölkədə müəyyən məsələlərdə çox böyük boşluqlar var. Görünür, 10 siyasi təşkilatın (Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Ağ Partiya, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Aydınlar Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milliyətçi Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası) Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahına toplaşaraq birgə bəyanatla çıxış etməsi də bu zərurətdən irəli gəlib. Elə toplantının açılışında ADP sədri Sərdar Cəlaloğlu da dedi ki, uzun illərdən sonra Azərbaycan müxalifətinin ilk dəfə geniş tərkibdə bir araya gəlib, bu məsələlərlə bağlı mövqe ortalığa qoyması həmin boşluqları doldurmaq niyyətindən xəbər verir: “Demək istəyirəm ki, biz Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların, o cümlədən Xalq Cəbhəsinin, Müsavat Partiyasının və digər siyasi partiyaların nümayəndələrini bura dəvət etmişik. Dəvət edilmiş partiyalardan 10-u dəvəti qəbul edib, iştirak edib. Partiyalar ümumi bəyanat qəbul edib. 10 partiyanın iştirakı ilə qəbul edilmiş bəyanatı sizə verəcəyik. Bu bəyanat Türkiyə parlamentinə, Azərbaycan parlamentinə, Azərbaycan və Türkiyə prezidentlərinə göndəriləcək. Biz Azərbaycan müxalifətinin Türkiyə-Azərbaycan əməkdaşlığı ilə bağlı rəsmi mövqeyini çatdırmağa çalışacağıq. Ümumiyyətlə, bu, mətbuata açıq bir mövqedir. Biz bunu xalqlarımıza – həm Türkiyə, həm Azərbaycan xalqına çatdıracağıq”. Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, mövcud siyasi durum haqqında bəyanat partiya rəhbərləri arasında müzakirə olunub: “Qeyd olunan düzəlişlər müzakirə zamanı və təkliflər, əlavələr nəzərə alınmadığına görə, yaymaq imkanımız yoxdur. Həm pandemiya ilə bağlı yaranmış situasiyaya, həm Qarabağ məsələsinə, həm Tovuz bölgəsindəki erməni təcavüzü məsələsinə, həm 14 iyul Bakıda keçirilən orduya dəstək aksiyasına, həm aksiya zamanı, həm aksiyadan sonra aparılan həbs-təqib kampaniyasına, həm iqtidar-müxalifət münasibətlərinə, bundan sonra onların davam etməsi məsələsinə, həm müxalifətdaxili münasibətlərə siyasi partiyaların mövqeyi ifadə olunub. Konkret olaraq bunun nədən ibarət olduğunu biz sənəddə göstərəcəyik”. Daha sonra Sərdar Cəlaloğlu 10 siyasi partiya adından yayılan bəyanatı oxudu. Bəyanatı oxucularımıza təqdim edirik: “Cənubi Qafqazda baş verən son qarşıdurma bir daha Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində yeni strateji mövqeyin sərgilənməsinə ehtiyac yaradır: “Qeyd edək ki, Ermənistanın son günlərdə Azərbaycan ərazilərinə silahlı hücumları onun və himayədarlarının təcavüzkar niyyətlərini ortaya qoydu. Qardaş Türkiyə Respublikasının bu hücumlara adekvat olaraq Azərbaycanı dəstəkləməsi gözlənilən və arzuolunan idi. Bu dəstəyin tərkib hissəsi kimi hal-hazırda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərini dəstəkləyir və davamlı olmasını istəyirik. Türkiyə və Azərbaycan səlahiyyətli dövlət orqanları yaranmış vəziyyətə uyğun olaraq yeni hərbi əməkdaşlığın forma və imkanlarını müzakirə etməli, strateji hərbi əməkdaşlığın yaranmış hərbi vəziyyətə uyğun olaraq optimal variantlarını tapmalı, hər iki dövlət üçün olduqca vacib olan birgə hərbi bazalar yaradılmalıdır. Hesab edirik ki, ləngimədən bu strateji əməkdaşlığın formaları zamanın, hadisələrin və təhlükəsizliyin tələblərinə uyğun qurulmalı, işğal altında olan torpaqlarımızın azadlığı üçün bütün imkanlar səfərbər olunmalı, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsi, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin formalaşdırılması ən qısa zamanda həyata keçirilməlidir”. ADP sədri daha sonra bu sənədlərin Azərbaycan və Türkiyə parlamentlərinə, prezidentlərinə göndəriləcəyini vurğuladı. Bundan sonra ADP sədri Sərdar Cəlaloğlu və AXP sədri Pənah Hüseyn brifinqdə jurnalistlərin suallarını cavablandırdı. – Hansısa dəstək piketləri keçiriləcəkmi? Sərdar Cəlaloğlu: Bu cür məsələlərdə piketlərin keçirilməsi məqsədə uyğun deyil, mənası da yoxdur. Əvvəla bilirsiniz ki, koronavirusla bağlı sərt rejim dəyişdirilsə də, hələ də vətəndaşların 5 nəfərdən artıq bir arada toplanması və s. məhdudiyyətlər qalır. Birincisi, bu koronavirus şəraitində piketlərin keçirilməsi mümkün deyil. Bu obyektiv səbəbdir. Subyektiv səbəb budur ki, ümumiyyətlə, belə tədbirlərin keçirilməsinə ehtiyac yoxdur. Pənah Hüseyn: Məncə, bu Azərbaycan Demokrat Partiyasının mövqeyidir. Konstitusiyada sərbəst toplaşmaq hüququ təsbit olunub. Ölkədə fövqəladə vəziyyət yoxdur və mövcud qanunvericilik bazası sərbəst toplaşmaq azadlığını qadağan etmir. Xüsusi karantin rejimində müəyyən olunmuş sanitar-epidemioloji standartlara, yəni sosial məsafə və maska taxmağa əməl olunmaqla insanların mitinq, yürüş, piket azadlıqları təmin olunmalıdır. Lazım gəlsə, Azərbaycan Xalq Partiyası bu formuladan istifadə edəcək. Yəni bu məsələ də məlum olsun. Məncə, digər partiyaların da əksəriyyəti bu fikirdədir. – Bəzi müxalifət partriyalarının gəlməməyinin səbəbi nədir? Sərdar Cəlaloğlu: Milli İstiqlal Partiyası, Əli Kərimlinin rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasını da dəvət etmişik. Gəlməməyin səbəblərini onlardan soruşsanız, daha yaxşı olar. Pənah Hüseyn: Əslində, bu məsələdə, açığını deyək, texniki xarakterli qarışıqlıq olmuşdur. Bizim tərəfimizdən buraya 10 partiya dəvət olunmuşdu. Arzuxan Əlizadə xəstədir, temperaturu var, ona görə də yoxlamaya gedəcəyini bildirdi. Digərləri gəlib. Amma hörmətli Qələndər bər, Milliyyətçi Demokrat Partiyası və Hörmətli Sərdar bəy həm də Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq mövzusunun özəl müzakirəsi məsələsini təklif etmişdilər. Bundan irəli gələn texniki qarışıqlıq məsələsi yaranmışdı. O məsələyə görə digər partiyaların dəvət olunması məsələsi olub. Amma prinsip etibarilə siyasi vəziyyətin müzakirə olunması üçün 10 partiya dəvət olunmuşdu, üzrlü səbəbdən Milli İstiqlal Partiyası olunmamışdır, bir də Sülhəddin bəy dəvət olunmamışdır. Yəni bu, bizim o partiyaları ittihamımız kimi çıxmasın. Milliyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı: Biz Milliyyətçi Demokrat Partiyası bu təşəbbüslə çıxış edəndə Sərdar bəylə məsləhətləşdik. Bəyanatı 10 partiya imzalayıb, amma bu məsələ digər partiyalara açıqdır. O cümlədən qeyri-hökumət təşkilatları, sivil toplum örgütləri. Yerdə qalan partiyalar üçün bu məsələ açıqdır və güman edirik ki, bu istiqamətdə də onların da təşəbbüsü yəqin ki, sabah üçün reallaşacaq. Biz müraciət edəcəyik ki, mətbuatda da açıq şəkildə getsin. Çünki, mənim fikrimcə, bu, bütöv Azərbaycanı əhatə etməlidir. Hətta qaçqınlara qədər bu şəkildə müraciətlər olunmalıdır ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha dərin ictimai dəstək qazansın və türk ordusunun burada qalıcı olması təmin olunsun. Bu, çox vacibdir. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: İcazənizlə mən də bir söz deyim, bizim ictimai dəstəyimizlə, partiyaların sayı, tərkibi ilə bağlı bir nümunə var. Bilirsiniz ki, bizim müzakirədə iştirak edən, hal-hazırda imzası burada olan 10 partiyadan biri tədbirdə iştirak etmir. Amma özü telefonla müzakirəyə qatıldı, dedi ki, mən dəstək verirəm. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi nəzərdə tuturam. İmzası buradadı. Bu davam edəcək. Mən hesab edirəm ki, Azərbaycanda Türkiyə Cümhuriyyəti Silahlı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təliminə dəstək verməyən kimsə ola bilməz. Hər kəs buna dəstək verəcək. Siyasilər də, vətəndaşlar da. O dediyiniz məsələlər də mütləq olacaq. Piketlərimiz də, mitinqlərimiz də. Əgər hərbi təlimlər keçirilə bilirsə, bu qadağalar və s. bəzi məsələlərdə ötəri olacaq. 14-15 iyul yürüşü da bunu bir nümunə olaraq göstərdi. Bakıda düzənlənən, sövq-təbii meydana gələn dəstək də hər kəsin yadındadır. -Bəzi media kanallarında yayırlar ki, ayın 10-u Türkiyə ordusu qayıdacaq. Ayın 10-na qədər hansısa piket gözlənilirmi? Mirmahmud Mirəlioğlu: Bütün hallarda hərbi təlim nəzərdə tutulan vaxtda başa çatmalıdır və başa çatandan da sonra, təbii ki, o hərbi hissə dislokasiyaya qayıtmalıdır. Amma bizim arzu-istəyimiz fərqlidir. Bizim bu sənəddə bir məqam var. BMT-nin nizamnaməsinə uyğun olaraq Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin formalaşdırılması ən qısa müddətdə həyata keçirilməlidir. Dedikləriniz də təbii ki, bu istiqamətdə öz həllini tapan məsələlərdir. Bizim arzularımızla reallıq biraz fərqlidir. BMT-nin nizamnaməsinə uyğun olaraq hərbi müttəfiqlik, bazalar, strateji müttəfiqlik istənilir. Sərdar Cəlaloğlu: Zatən iki dövlət arasında bağlanan müqavilə BMT-nin nizamnaməsinə əsaslanır. Bunu yaza da bilərik, yazmaya da bilərik. Amma bütün beynəlxalq sənədlər bu nizamnamə əsasında imzalanır. Yeni ideya ondan ibarətdir ki, qətnamələrin icra edilməsində yeni bir güc ortaya qoyulsun. Artıq beynəlxalq təşkilatılar bu qətnamələri qəbul edib, həmin qətnamələrin icrası üçün biz yeni bir gücün formalaşmasını istəyirik. Türkiyə-Azərbaycan hərbi münasibətləri yeni bir müstəviyə qalxsın və Dağlıq Qarabağ tezliklə azad edilsin. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: Ölkənin gələcəyi ilə bağlı biz – sənədi imzalayan siyasətçilər – konkret olaraq ortaya mövqe, milli iradə qoyuruq, dünyaya da bəyan edirik ki, biz Azərbaycanın gələcəyini və Türkiyənin gələcəyini birgə müttəfiqlikdə, hərbi ittifaqda görürük. Eyni zamanda, bu, cəmiyyətə də mesajdır. Azərbaycanda hamı bizim kimi fikirləşmir və onlar səsini çıxarmayacaq. Rusiyaya, Qərbin müəyyən dairələrinə xidmət edən qüvvələr var. Bunlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını istəmir. Ümumiyyətlə, Türkiyənin Cənubi Qafqazda olmasını istəmirlər. Biz hesab edirik ki, Azərbaycanın milli maraqları da, Türkiyənin milli maraqları da, türk dünyasının milli maraqları da Türkiyənin Azərbaycanda hərbi bazalarının olmasını istəyir. Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığını istəyir. Bu əməkdaşlığa sonra bizim qardaş türk respublikaları qoşulacaq, Pakistan qoşulacaq və s. O da bizim işimizin yalnız xeyrinə olacaq. -Cəmiyyətdə belə bir fikir var ki, Türkiyə Azərbaycanda hərbi bazalarını yaratsa, Türkiyə-Rusiya münasibətlərinə xələl gələ bilər. Millət vəkillərindən biri də artıq bununla bağlı açıqlama verdi. Sərdar Cəlaloğlu: Türkiyə-Azərbaycan məsələsini bir tərəfə qoyaraq, Türkiyə Ukrayna məsələsində Rusiya ilə münasibətlərinin pozulmasını nəzərə alaraq, yenə də Krım məsələsində Ukraynanın yanındadır. Eləcə də son vaxtlar Türkiyə Ukraynaya çox sayda silah verib. Həmçinin Türkiyə ilə Ukrayna “AN” təyyarəsinin istehsalı ilə bağlı razılıq əldə ediblər. Ukrayna cəmiyyətində və mətbuatında Türkiyənin Ukraynada hərbi bazalarının yaradılması ilə bağlı ideyalar səslənir. Eləcə də ukraynalıların Dağlıq Qarabağ məsələsində azərbaycanlıların tərəfində döyüşməsi üçün könüllülərdən ibarət səfərbərlik gedir. Eləcə də Ukrayna mətbuatında açıq və birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. İndiki situasiya elədir ki, biz Qarabağı azad etmək istəyiriksə, mütləq bu və başqa şəkildə Rusiya ilə münasibətlərimiz korlanmalıdır. Kimsə düşünürsə ki, Rusiya ilə münasibətləri korlamadan Qarabağı azad etmək mümkündür, görünür, onun Dağlıq Qarabağ probleminin mahiyyətindən xəbəri yoxdur. Dağlıq Qarabağ konflikti Rusiya tərəfindən yaradılan bir məsələdir. Bunun 200 illik tarixi var. Rusiya bu münaqişəni daim gündəmdə saxlayır, həll olunmasına ciddi əngəldir. Bu baxımdan Türkiyə də bunu çox yaxşı başa düşür. Türkiyənin son vaxtlarda atdığı bütün addımlar zatən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır. İdlib məsələsində, Liviya məsələsində, Ağ dəniz, Qara dənizdə netf və qaz yataqlarının axtarılması məsələsində demək olar ki, Türkiyənin Rusiya ilə dəfələrlə maraqları toqquşub və Türkiyə də öz maraqları naminə, lazım gəlsə Rusiya ilə maraqlarının toqquşmasından bir o qədər də narahat olmayacaq. Azərbaycan da bundan narahat olmamalıdır. -Türk ordusunun Azərbaycanda qalmasının Rusiyanı qıcıqlandıracağını təxmin edirik. Bəs, sizcə, Rusiya bunun qarşısında hansı cavab tədbirləri görə bilər və o cümlədən cənub qonşumuz İranın reaksiyası necə olacaq? Sərdar Cəlaloğlu: Zatən biz gecikmiş addım atırıq. Rusiya ilə Ermənistan arasında belə bir ittifaq var. Rus qoşunları Ermənistan ərazisindədir. Bizə qarşı müharibədə rus texnikasından istifadə olunur. Biz sadəcə olaraq Ermənistan-Rusiya ittifaqına cavab olaraq Azərbaycan-Türkiyə-Pakistan ittifaqının yaradılmasını istəyirik. -Bəs İranın reaksiyası necə olacaq? Sərdar Cəlaloğlu: İranın reaksiyası bizi maraqlandırmır. İranın dövlət reaksiyası mənfi olacaq, amma İran xalqının reaksiyası müsbət olacaq. Çünki İranda dövlətlə xalqın mövqeyi fərqlidir. Dövlət səviyyəsində Ermənistanı dəstəkləyirlər, amma xalq səviyyəsində Azərbaycan dəstəklənir. İran dövləti xalqın iradəsini nəzərə almadan bu məsələdə əvvəlki kimi Ermənistanın yanında dura bilməz. Faktiki olaraq bu gün hətta Ermənistanın ənənəvi dostları belə, son işğal hərəkətlərindən sonra Azərbaycanın mənafelərinə kifayət qədər uyğun mövqe ortaya qoymağa başlayıblar. Biz sadəcə olaraq beynəlxalq hüquqa uyğun olaraq öz haqlarımızı tələb edirik və hüququn bizə verdiyi imkanlar çərçivəsində addımlar atmaq istəyirik. Bu məsələdə kimsə bizi qınaya bilməz, ittiham edə bilməz. Azərbaycan ərazilərinin işğaldan təmizlənməsində kimsə bizə mane ola bilməz, hətta Rusiya. Təbii ki, əgər müharibə Ermənistan ərazisinə keçərsə, İrəvanın, Zəngəzurun qaytarılması məsələsi gündəmə gələrsə, formal olaraq ora Ermənistan ərazisi sayılır, onda Ermənistanla müqaviləsinə əsasən Rusiya bu məsələyə müdaxilə edə bilər. Amma Azərbaycanın sərhədləri daxilində Azərbaycan ərazilərini azad edilməsinə Rusiyanın hər hansı bir şəkildə müqavimət göstərməyə nə hüququ, nə gücü, nə də mənəvi haqqı var. Bu torpaqlar Azərbaycanındır, Azərbaycanın da olacaq. Azərbaycan öz torpaqlarını azad etməlidir. Pənah Hüseyn: İnşallah, Qarabağı da Azərbaycan əsgəri azad edəcək. Qələndər Muxtarlı: Əsas məsələ o deyil ki, türk əsgəri bura gəlib bizim təhlükəsizliyimizə təminat versin. Əsas məsələ odur ki, gəlsin Qarabağın azad olunması, vətən torpaqlarının bütövləşməsi məsələsini həll etsin. Burada Ermənistanın Rusiya ilə hərbi-siyasi müttəfiqliyi var. Demək olar ki, konfederativ ittifaqdadırlar. Azərbaycan heç bir blokda yoxdur. Türkiyə ilə də hərbi blokda olması, hərbi müttəfiqliyi çox doğal haqqımızdır. Biz xristian dövlətini ya da qeyri dövləti çağırmırıq, öz millətimizi çağırırıq. Hazırladı: Ülviyyə ŞÜKÜROVA