İlqar Məmmədovdan Altay Göyüşova SƏRT sözlər - "qorxaq..."

ReAL sədri İlqar Məmmədov tarixçi alim Altay Göyüşov haqda sərt fikirlər bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki statusunda yazıb.

"Bir qorxaq Altay bəy Göyüşov var" deyə statusuna başlayan İ.Məmmədov daha sonra onunla aralarındakı gərginliyin səbəblərinə toxunub: "Ötən ilin yayından köçdü Almanıyaya, başladı oradan müxalifyönlü qədeş-fason bəyanatlar verməyə. Səbəbinə çox da dərin getməyə ehtiyac yoxdur, mövzu başqadır. Amma oktyabrda birdən məlum oldu ki, hansısa sənədləşmə işlərini yoluna qoymaq üçün qorxaq Altay Göyüşov Almaniyadan Bakıya gəlməlidir. Onun dərdini təsəvvür edə bilərəm: “Axı bu qədər danışdım… Bakıya necə dönüm? Amandır, tutarlar məni...” Ağılına fikir gəldi: “Tapdım! İqtidarın İlqardan zəhləsi gedir, düzdür? Düzdür. Gəlsənə, İlqarı yaxşı-yaxşı vurum, birdən aeroportda tutsalar, deyərəm ki, ağa nəçənnik, mən hətta İlqarı da pis vururam”. Və başlayır! 6-7 oktyabrda İlqar Məmmədov və REAL haqqında 5 dənə dalbadal “vurucu” status yazır, arada birini elə-belə, ədəbiyyat haqda yazır (“e-e, cənab polkovnik, mən ziyalı adamam” vəziyyəti üçün). Başqa heç nə yazmır. Sonra bu statuslardan ibarət Facebook “sığortası”nı yanına alıb minir təyyarəyə, uçub gəlir Bakıya.

Sənədlərini səhmana salır. Hələ bir dövlət xidmətləri haqda xoş status-namə də qoşur, sitat: “özümə də təəccüblü gəlirdi, işlərimi çox tez həll edirdilər, bu, öz yerində, amma üstəgəl, müəllim, xoş gəlmisiniz, burada gözləmə, gəl içəridə otur, bir stəkan çay iç filan, əməlli qayğı göstərirdilər”. 1 günlük işini görüb qayıdır Almaniyaya. İlqar Məmmədov yaddan çıxır".

İ.Məmmədiv iddia edib ki, A.Göyüşov yenidən ona söz atmağa başlayıb. "Yenə Bakıda işi var?" deyə sual edən ReAL sədri bildirib ki, "lap dərinə baxanda Altay Göyüşovu titrəməyə salan başqa məsələdir". O, daha sonra bu məqama da aydınlıq gətirib: "Ötən ilin iyulunda mən ondan xahiş etmişdim ki, müxalifətin birləşib seçkiyə bir yerdə getməsi üzrə planın təşəbbüskarı mən olmayım, sən ol ki, digər partiyalarda qıcıq yaranmasın: "Sən bu işi ziyalı kimi başla, sonra istəsən tezliklə kənara dur, partiyalar olaraq özümüz irəli apararıq. İstəsən lap özün də davam et". Əvvəlcə razılaşdı. Sonra anladı ki, birdən onun xaricə yolu bağlanar - lap köç qabağı idi. Qorxdu. Gedib bu ideyamı partiyalara elə şəkildə çatdırdı ki, iş heç alınmasın. Bu məsələdə şəxsən mənim qarşımda gözükölgəli olduğu üçün heç nədən dedi-qodu salmağa bəhanə kimi bir-iki kənar mövzu tapmalı idi. Klounlaşmış qədeş roluna girib tapdı da".

İ.Məmmədov "qorxaq Altay Göyüşovu həbs etsələr, Avropada müdafiəsini şəxsən özüm təşkil edəcəm", deyə bildirib.






Fikirlər