“Onların şərəfsizliyini görməlidirlər...” - Aslan İsmayılovdan SƏRT SÖZLƏR

 Vaxtilə "Real"ın sədri İlqar Məmmədovu dəstəkləyənlər ...

Dəfələrlə REAL-ın sədri İlqar Məmmədov haqqında tənqidi fikirlər yazmışam. Bu gün isə onun haqqında olan haqsızlıqlara susmayıb müdafiə etmək qərarına gəldim”. 

"AzerTaym.az" bildirir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun bəraət almasına münasibət bildirərkən deyib. 

Məlumat üçün deyək ki, bu gün Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edib.

Aslan İsmayılov məhkəmənin bu qərarına sevindiyini bildirib və İlqar Məmmədovu tənqid edənləri qınayıb: “Əlbəttə istənilən normal insan kimi məhkəmənin bu qərarına bir neçə səbəbdən sevindim. Birincisi, 5 ildən artıq həbsxana zülmü keçmiş bir şəxsin haqqının tanınmasına sevindim. Mən İlqarı yeni həbs olunanda həbsxanada görmüşdüm və onun azad olunub evinin yanında verdiyi müsahibəsini dinləyəndə elə zahirən hansı iztirablar keçirdiyini gördüm. 

Bu gün onun vəkili Fuad Ağayevin və Altay Göyüşovun İlqarla bağlı yazılarına olan şərhlərin bəzilərini oxuduqca çoxlarının yerinə peşmançılıq hissi keçirdim və düşündüm ki, bizlər elə haqq etdiyimiz həyatı yaşayırıq. Ömürlərində mız qoymaqdan başqa heç nə bacarmayanlar, əllərindən bir iş gəlməyən, bir az zor görəndə dinindən, imanından keçməyə hazır olanlar bu gün İlqarı satqınlıqda ittiham edirlər. 

Bir az vicdanı, əxlaqı olan şəxs “satqın” deməyin ən ağır təhqir olduğunu bilməmiş deyil. Vicdan, əxlaq demirəm, görəsən belələri heç olmasa Allahdan qorxurlarmı? Bilirlərmi ki, böhtan atmaq ən ağır və ən şərəfsiz addımdır? Belələri heç olmasa İlqarın 5 ildən artıq həbsxanada yatdığını, bunun nə olduğunu bilirlərmi?

İkincisi, ona görə sevindim ki, illərdir bütün şikayətlərə hökm əsaslıdır deyənlər bu gün qələt etdikləri barədə özləri qərar qəbul ediblər. İndi ən çox istədiyim onların tək bunu görməsi deyil, həm də cəzalanmalarıdır. O üzəduranları, bunun hesabına vəzifə, imtiyaz alanları da hamı tanımalı, onların şərəfsizliyini görməlidirlər.

Üçüncüsü, inanmaq istəyirəm ki, hamımız gözlədiyimiz islahatlara bu cür addımlar da təkan ola bilər.

Dördüncüsü, elə özüm bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsinin vəkillikdən xaric olunmağım barədə Azərbaycan məhkəmə qərarlarının ləğv olunub yenidən baxılmasına qaytarılması barədə qərarı almışam. Buna görə 7 il mübarizə aparmışam, sağlamlığımı itirmişəm, işsiz qalmışam. İndi mən də belə bir qərarı gözləyirəm. İstəmirəm ki, hansısa bir yaramaz məni də satqınlıqda ittiham etsin. İstəyirəm ki, üzümə durduğuna görə Səbail məhkəməsi hakimliyindən Bakı Apellyasiya məhkəməsinin hakimi gedən Elnur Həsənovu da hamı tanısın. O da layiqli cəzasını alsın. Əminəm ki, belələri cəzalandırılmasa bu alçaqlığı edənlərin sayı getdikcə çoxalacaq və hamı bunun dadını görəcək”.






Fikirlər