“Cəsarətsizdir, yazılarında ad çəkmir, üstəlik…” - Redaktorlar Mehdiyevin məqalələrindən DANIŞDILAR...
AMEA prezidenti Ramiz Mehdiyevin son günlər yazdığı məqalələrdə mətbuatın işini təftiş etməsi birmənalı qarşılanmayıb. Akademikin redaktorlara irad tutması, üstəlik, KİV-ləri qeyri-peşəkar davranmaqda günahlandırması ona qarşı geniş cəbhənin yaranmasına səbəb olub. Baş redaktorlar Ramiz Mehdiyevin iradlarıyla razıdırlarmı? Onun məqalələri müasir oxucunun maraq dairəsinə düşə bilərmi? KİV-lər gələcəkdə Mehdiyevlə əməkdaşlıq edə bilərlərmi? Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ramiz Mehdiyevin məqalələrində özünü təmizə çıxarmağa çalışdığını bildirib: “AMEA-nın prezidenti Ramiz Mehdiyev artıq dördüncü dəfədir, öz məqalələriylə cəmiyyətə meydan oxuyur, ideoloji əzələ və güc nümayiş etdirir. Davranışlarından qəzəbli və incik adam təsiri bağışlayan akademik çoxillik siyasi təcrübəsindən, əlindəki elmi resurslardan bəhrələnib həm özünü təmizə çıxarmağa, zərərçəkmiş obrazı formalaşdırmağa, həm də intellektual üstünlüyünü nümayiş etdirməyə çalışır. Bir neçə gün əvvəl mən məsələyə bir cümləlik münasibət bildirmişdim: “Bu proseslərdən və Siyavuş Novruzovun açıqlamasından sonra Ramiz Mehdiyevin yeganə düzgün qərarı ərizə yazıb Akademiya prezidentliyindən istefa verməsi olardı”. Amma görünür, akademik “mübarizə”ni birmənalı olaraq davam etdirməkdə israrlıdır. Belədə isə onun arqumentlərinə daha bilğili və daha səlahiyyətli şəxslərin cavab vermələri zərurəti ortaya çıxır”. Ramiz Mehdiyevlə əməkdaşlığa gəlincə, baş redaktor bunun real olmadığını bildirib: “Ramiz Mehdiyev akademiyanın saytında yazılarını onsuz da verir, hamı da baxır, oxuyur, istəyənlər də paylaşır. Heç onun elə bir niyyəti də olmaz ki, bizimlə əməkdaşlıq etsin”. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Mehdiyevin fəaliyyətinin mətbuat azadlığını daima boğmaq yönündə olduğunu deyib: “Ramiz Mehdiyevin yazdıqlarını təbii ki, oxuyuram, amma qəbul etmirəm. Çünki bu insan həm sovet dönəmində, həm müstəillik dövründə Azərbaycanı inkişafa deyil, tənəzzülə istiqamətləndirib. Azərbaycanda mətbuatla bağlı, qeyri-hökümət təşkilatları, diplomatik korpuslarla bağlı tənqidi fikirlərini bəyan edir və mətbuatın azadlığı ideyasını irəli sürür. Həmin insan ömrünün 30 ilini Azərbaycanda mətbuat azadlığının boğulmasına sərf edib. Bizim kifayət qədər qəzetlərimiz, jurnalistlərimiz var idi. Qəzetlərin bağlanmasının, həmin jurnalistlərin tərki-vətən olmasının səbəbkarı Ramiz Mehdiyevdir. Bunu hamımız bilirik, Azərbaycan kiçik məmləkətdir, hamı kimin hansı mövqe tutduğunu çox yaxşı bilir. Qəzetlərimiz günlərlə məhkəmələrə çəkilirdi və bizə məhkəmələrdə açıq şəkildə deyirdilər ki, bu proseslər R.Mehdiyevin göstərişi ilə həyata keçirilir. İndi nəvəsinə ciddi karantin rejimində toy edib və haqlı olaraq kürəkəni də, qudası da cərimələnib. Özü də etiraf edir ki, haqlı olaraq cərimələnib. Bunun üzərindən mətbuata gəlmək və mətbuatı qınamaq, onu saf-çürük etmək nədir? Y.V.Çəmənzəminlinin məqaləsindən sitat gətirir, mən o məqaləni orijinaldan oxumuşam. Təbii ki, Azərbaycanda azad mətbuat formalaşırdı, bunun rüşeymləri var idi, o insansa buna imkan vermədi. Elə bilir ki, bu ölkədə hər şey edə bilər, toxunulmazdır. Xeyr, heç kəs toxunulmaz deyil. Hər kəsə əməlinə görə hüquqi və mənəvi qiymət verilir”. Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Azərbaycanda Mehdiyev erasının başa çatdığı qənaətindədir: “Cəmiyyətə diş qıcamaq uğurlu taktika deyil. Daha faydalı işlərlə məşğul olmaq lazımdır. Memuar yazmaq, nəvə-nəticəylə vaxt keçirmək indi Mehdiyev üçün ən yaxşı məşğuliyyət sayılır. Ömür qısadır, sabah, ya da birisigün bu şans əldən çıxa bilər”. Əməkdaşlığa gəlincə, baş redaktor hesab edir ki, Ramiz Mehdiyev cəmi dörd məqalə ilə maraqsız yazar olduğunu ortaya qoydu: “Manevr imkanları çox məhduddur. Üstəlik, cəsarətsizdir, yazılarında ad çəkmir. Yaradıcılığında sovet ənənəsi özünü açıq büruzə verir. Mehdiyevin müəllif kimi müasir oxucunun zövqünü oxşaması mümkün deyil. Buna görə də “Yeni Sabah” ailəsi olaraq onu aramızda görməyə həvəsli deyilik. Ötən il məzun olan müxbirlərimiz bizə Ramiz Mehdiyevdən daha çox fayda verirlər. Mən bu “layihəyə” pul xərcləməyin əleyhinəyəm”.