“İlham Əliyevin səfirlə açıq danışması...” – Tofiq ZÜLFÜQAROV

“İlham Əliyevin səfirlə açıq danışması...” – Tofiq Zülfüqarov

Azərbaycan Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşmasına çalışır”. 

Bunu Yenisabah.az-a keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov ölkə başçısı İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən səsləndiridiyi fikirləri şərh edərkən bildirib.   

Tofiq Zülfüqarlı bildirib ki, Prezident səfirlə görüşdə diplomatik praktikaya uyğun olaraq birbaşa əsas problemə toxunub. “Etimadnamə digər ölkə başçısının bizim dövlət başçısına məktubudur. Orada qeyd edilir ki, filan şəxsi sizin ölkəyə səfir göndəririk və xahiş edirik onu qəbul edəsiniz. Bu diplomatik praktikada tətbiq edilən üsuldur. Ölkə başçısı da praktikaya uyğun olaraq birbaşa əsas problemə toxunub və Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması üçün Azərbaycanın xoşməramlı addımlar atmağa hazır olduğunu bir daha nümayiş etdirib. Azərbaycan bu məsələdə həmişə bu mövqeni tutub. Bu həm də Türkiyənin mövqeyidir. Çünki Türkiyə də problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”, - deyə Tofiq Zülfüqarlı bildirib.

Keçmiş nazir onu da qeyd edib ki, Prezident İlham Əliyevin səfirlə açıq danışması həm də Ermənistanın bu məsələdə tutduğu avantürist mövqeyi ilə bağlıdır. “Ölkə başçısı İlham Əliyev məhz bu səbəbdən birbaşa əsas problemə keçərək Azərbaycanın mövqeyini ifadə etdi”, - deyə politoloq vurğulayıb. 

Xatırladaq ki, İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

O səfirlə söhbətində Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizində baş verən gərginliyə toxunub.

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.

Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”, - deyə ölkə başçısı bəyan edib.






Fikirlər