Qarabağda Azərbaycana qarşı döyüşən PKK terrorçuları ilə bağlı ŞOK FAKTLAR
“PKK Suriyanı terror laboratoriyasına çevirib. Terror təşkilatının işğalında olan Suriyanın şimalında yetişdirilən terrorçular ABŞ, Yunanıstan, Ermənistan kimi ölkələrə ixrac edilir”.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı deyib.
T.Dağlı qeyd edib ki, bu ilin may ayında PKK daxilində erməni taboru qurulmuşdu: “PKK-nın erməni terrorçularından ibarət olan bu tabor aylarla silahlı təlim keçdi. İndi o terrorçulardan 250-si Ermənistanın Azərbaycana hücumlarında iştirak etmək üçün Cənubi Qafqaza göndərilib”.
Türkiyəli yazar 2016-cı ildə PKK-nın işğalında olan Suriyanın Afrin şəhərinə Yunanıstan üzərindən çoxsaylı terrorçu göndərildiyini bildirir: “Yunanıstanda yaradılan “RUİS” adlı qlobal silahlı qrup MLPK terror təşkilatının tərkibində yer alır. Avropanın müxtəlif ölkələrindən Yunanıstana gələrək, RUİS və MLPK-ya qoşulan terrorçular oradan Afrinə göndərilmişdi. PKK-nın çətiri altında silahlı təlim keçən bu terrorçuların düşərgələrinə yunanca mesajlar yazdığı aşkarlanıb. PKK-nın yunan qanadı 2018-ci ildə “Zeytun budağı” əməliyyatı zamanı sıradan çıxarıldı, bir çox terrorçu Fəratın şərqinə keçərək, fəaliyyətlərini orada davam etdirdilər. 2017-ci ildə ABŞ-da PKK-nın Suriyadakı düşərgələrinə gətirilən döyüşçülər təlimlər keçdi. Antifa adlandırılan bu qlobal anarxist qrup təlimlərdən sonra ölkələrinə qayıtdılar və indi ABŞ küçələrində xaos yaradırlar. ABŞ prezidenti Donald Tramp da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra baş verən etirazların əsas iştirakçılarının Antifa terror təşkilatı olduğunu bildirmişdi”.
T.Dağlı qeyd edir ki, Suriyada PKK-nın işğalındakı ərazilərdə PKK-PYD-YPG və ya SDQ çətiri altında çoxmillətli terror təşkilatlanması mövcuddur.
Onun sözlərinə görə, Suriyada PKK düşərgələrində təlim keçən ermənilər də bu gün Azərbaycana qarşı hücumda iştirak edir.