Artıq “5 rayon məsələsi“ bitdi, Prezidentin dediyi kimi... - ŞƏRH
Ordumuz hər gün irəlilədikcə və torpaqlarımız azad edildikcə düşmən tərəfin tələb və təkliflərinin əhəmiyyətini itirdiyi görünür. Bu sözləri politoloq İlqar Vəlizadə Prezident İlham Əliyevin “Nikkei” qəzetinə müsahibəsi zamanı Dağlıq Qarabağda referendumun baş tutmayacağı və status-kvonun ləğvi barədə çıxışını təhlil edərkən deyib. Politoloqun sözlərinə görə, danışıqlar masasında qoyulan məsələlər artıq öz aktuallığını itirib: “Bura əvvəlcə beş, daha sonra iki rayonun Azərbaycana qaytarılması, qaçqınların evlərinə qayıtması, Dağlıq Qarabağda referendumun baş tutması və s. məsələlər daxil idi. Lakin artıq nə əvvəlki status-kvo, nə də təmas xətti mövcuddur. O beş rayonun geri qaytarılması da artıq müzakirə mövzusu ola bilməz. Çünki Azərbaycan Ordusu Ali Baş Komandanın uzaqgörən siyasəti və gücü sayəsində artıq bəlli rayonları düşmən tapdağından azad edib və etməkdədir. Prezidentimiz də dediyi kimi, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsinin geri alındığı bir vaxtda bundan söhbət belə gedə bilməz”. /Axar.az