“Erməni kişilər Qarabağda baş çıxara bilmir, Annanın orda NƏ İŞİ VAR?!“ -- Gülər Əhmədova
Hərbi müstəvidə məğlubiyyətə uğrayan Ermənistan son çarə kimi qadınları orduya cəlb etməyə başlayıb. Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan 13 qadından ibarət birlik yaradaraq, təlimlərə başlayacaqlarını açıqlayıb. A.Akopyan özünün “Facebook” səhifəsində yazıb ki, təlimlərdən sonra Qarabağda döyüşə yollanacaqlar. "AzerTaym.az" bildirir ki,mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş deputat Gülər Əhmədova hesab edir ki, A.Akopyanın açıqlaması sadəcə PR xarakteri daşıyır: “Bu bir PR taktikasıdır. Bu dəqiqə Ermənistan nə danışırsa buna hesablanıb, saytları, onlara işləyən rus media orqanları yalnız PR-la məşğuldurlar. N.Paşinyanın oğlunun şəklini yaymışdılar, guya əsgərlərlə birgədir, altda öz paltarı qalıb, əsgər formasını da üstünə atmışdılar. Anna Akopyanın da etdiyi PR-dır. O, Qarabağa gələndir? Orada erməni kişiləri baş çıxara bilmir. Peyklər var, yuxarıdan hər şey izlənilir. Onlar hamısı ovuc içindədir, Qarabağda kim hara gedir, hardan gəlir hamısı görünür. Bu yaxınlarda bizim hakerlər Ermənistan Müdafiə Nazirliyinin sözcüsü Şuşan Stepanyanın evini çəkmişdilər. Uşaqları ilə evdən çıxması, maşına minməsi, evinin həyəti və s. hamısı görünürdü. Bu bir mesaj idi, yəni biz istəsək, sənin uşaqlarını da vurarıq. Siz Gəncədə, Bərdədə uşaqları öldürdünüz, ancaq bunu etmirik, siz də dayanın, çünki ovcumuzun içindəsiniz! Onlar bunu çox gözəl bilirlər. Onlar bilirlər ki, Azərbaycan 30 ildə dövlət qurub, informasiya texnologiyası qurub, ordu qurub və hər şey yüksək səviyyədədir”. G.Əhmədova deyib ki, hazırda Ermənistanda Qarabağda döyüşməyə könüllü getmək istəyən faktiki olaraq yoxdur. “Orada qadınlar dalaşırlar, övladlarının cəbhəyə getməsini istəmirlər. Akopyan da guya onları qeyrətə gətirmək istəyir, deyir ki, oğlanlarınız gəlmir, amma mən rəfiqələrimlə gedirəm. Bizim hakerlərin görüntüləri yaymasından sonra inanın, onlar evlərindən çıxmağa da qorxurlar. O hadisədən sonra xalqa müraciət olundu, dedilər ki, evinizdəki təhlükəsizlik kameralarını söndürün. Bu qədər şeydən sonra Anna Akopyan belə bir şey edə bilərmi? Bu sadəcə ucuz PR taktikasıdır. O yaxşı bilir ki, hamısı izlənilir, bundan sonra Qarabağa gələrmi?”, - deyə keçmiş deputat əlavə edib.