Paşinyanı niyə İSTEFAya göndərə bilmirlər? - Yeganə çıxış yolu...
Ermənistanda hərbi vəziyyətin ləğv edilməsi gündəmə gələ bilər. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanı istefaya göndərmək üçün hərbi vəziyyətin ləğv olunması zərurətə çevrilib. Ermənistan cəmiyyəti Paşinyanı Qarabağ savaşında məğlubiyyətin əsas günahkarı hesab edir. Xüsusilə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Qarabağda atəşin dayandırılması barədə birgə imzaladıqları bəyanat xəyanət kimi qiymətləndirilir. Bəyanatdan sonra Ermənistanda Paşinyan əleyhinə etiraz aksiyalar başlayıb. Ölkədə faktiki olaraq siyasi böhran yaşanır. Əsas tələb Paşinyanın istefasıdır. Lakin Baş nazir postundan getmək niyyətində görünmür. Ermənistan konstitusiyasının 115-ci maddəsini də icra etmək mümkün deyil. Məlumat üçün deyək ki, bu maddədə Baş nazirə etimadsızlıq göstərilməsi nəzərdə tutulur. Amma maddənin 4-cü bəndində hərbi vəziyyət dövründə Baş nazirə etimadsızlıq göstərilməsi qadağan edilir. Ölkədə tətbiq edilən hərbi vəziyyət isə hökumətin qərarı ilə ləğv edilə bilər. Beləliklə, Baş nazirə etimadsızlıq göstərilməsi üçün hüquqi maneəni onun rəhbərlik etdiyi hökumət aradan qaldırmalıdır. Erməni ekspertlər yaranmış qarışıq situasiyanı hüquqi böhran kimi dəyərləndirir. Beynəlxalq Parlamentarizmin İnkişafı Mərkəzinin icraçı direktoru Qoar Meloyan “SputnikArmenia”ya bildirib ki, vəziyyətdən yeganə çıxış yolu siyasi qərardır. Yəni, Paşinyan özü istefa verməlidir. O həmçinin hərbi vəziyyətin başqa bir qanuni yolunun olduğunu da bildirib. Ekspertin sözlərinə görə, Milli Məclis hərbi vəziyyəti təmin etmək üçün nəzərdə tutulan bütün tədbirləri ləğv edə və bununla da avtomatik olaraq hərbi rejimin aradan qaldırılmasını şərtləndirə bilər. Lakin bu proses səsvermə yolu ilə həyata keçirildiyi üçün müxalifətin istənilən nəticəni əldə edəcəyi inandırıcı görünmür.