“YAP-ın fəaliyyətində məntiq görmədim“ - Gülər Əhmədova
Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın yenidən aktiv siyasi fəaliyyətə başlaması ictimai-siyasi mühitdə maraqla qarşılanıb. Gülər Əhmədov bu dəfə hakim Yeni Azərbaycan Partiyasının deyil, Müasir Müsavat Partiyasının təmsilçisi kimi siyasi fəaliyyətlə məşğul olacaq. O, artıq üzvlüyə qəbul olunub və tezliklə keçiriləcək qurultayda pariya sədrinin müavini postuna təyinat alacaq. Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Eldaş Abdullayevlə aralarında baş verən “mandat qalmaqalı” ilə bağlı həm deputat mandatından məhrum olunmuş, həm də YAP-ın sıralarından xaric edilmişdi. Bu olaya görə həbs edilən sabiq deputat qısa müddət sonra azadlığa buraxılsa da, pedaqoji fəaliyyətə üstünlük vermişdi. Bu baxımdan, onun yenidən siyasətə dönüşü və hakimiyyətin keçmiş deputata loyal münasibətinə rəğmən YAP-ı deyil, Müasir Müsavat Partiyasını seçməsi maraq doğurur. Keçmiş deputat Yenisabah.az-a açıqlamasında bildirib ki, YAP-ın fəaliyyətində məntiqsizlik gördüyündən yenidən hakim partiyanın sıralarında olmaq istəməyib: “Hər zaman mövcud quruluşdan, iqtidardan narazı bir kəsim olur. Bu, həmişə olub, təkcə bizim ölkədə yox, həm də Avropa ölkələrində olub. Avropanın ən demokratik sayılan ölkələrində belə mövcud iqtidardan narazı kəsim olur. Bu narazı kəsimlə iqtidar partiyası hər zaman işləyir, müəyyən işlər görür. Amma Yeni Azərbaycan Partiyası iqtidar partiyası olmağına baxmayaraq, özü-özünü buraxır, deyir ki, “Biz cənab prezidentin sürətinə çatmırıq, özümüz-özümüzü buraxırıq”. Parlament belə buraxıldı. Özü-özünü buraxır, sonra yenidən namizədliyini verir. Mən burada bir məntiqsizlik gördüm və məni çaşdırdı. Bu dərəcə məntiqsizlik nə ilə bağlı ola bilərdi? Mən bilirəm ki, YAP-da bunu görən insanlar var. Mən onları şəxsən tanıyıram. Amma onlar belə özlərində cəsarət tapıb bunu dilə gətir bilmədilər. Xalqa bunu bəyan edib özünü buraxan şəxslər seçimlərdə yenidən namizəd oldular. Bu səlis məntiqdir, ya qeyri səlis məntiqdir? Bunu nə ilə izah etmək olar? Belə şeylərə görə mən yenidən YAP-a üzv olmaq haqda düşünmədim”.