Erməni kilsəsində zəngi çalan azərbaycanlı - Eynulla Fətullayev yazır...

Qarabağın təzə, təmiz və azad havasını udmaqla doymaq olmur. Bu hava ilə nəfəs aldıqca almaq istəyirsən. Burada döyüş izlərindən və bu billur havadan başqa heç nə qalmayıb. Qar hələ təzə yağıb, elə də qalın deyil, amma uzaqlardan, Füzulinin düzənlik hissəsindən Hadrutun qarla örtülü dağları görünür. Bulanıq səmada isə bir dənə də olsun bulud yoxdur...

Qarabağın qızıl üzüyü

Budur o-Qarabağın qızıl üzüyünün brillyant qaşı. Lap çoxdan, unudulmuş sovet illərində məşhur erməni aktyoru, 1920-ci illərin əvvəllərində öz truppası ilə SSRİ-ni dolaşan Vaqram Papazyan Hadrutun ermənilər üçün əhəmiyyətini gizlətmirdi: əgər Qarabağ qızıl üzükdürsə o zaman Hadrut onun brillyant qaşıdır.

 

Qarabağın dağlıq hissəsinə qapılar açıqdır, amma nəyin bahasına?...

Qarabağı azad edərək Azərbaycan onun düzənlik hissəsinin təhlükəsizliyi məsələsini birdəfəlik həll edib. Hadrut ətrafındakı dağlar təbii keçilməz qaladır, düzənlik boyu uzanan Azərbaycan dəhlizi üzərində üstünlüyü saxlamağa imkan verir. Məhz Hadrutu əldə saxlayan erməni quldur dəstələri 1918-ci ildə Foma Nazarbekovun, Andranikin və Moves Silikyanın başçılığı ilə azərbaycanlıların kütləvi qırılmasının qarşısını almaq üçün Zəngəzura və Arazın sol sahilinə daxil olmuş Türk azadlıq ordusunu sıxışdıra bilmişdi.

Hadrut Qarabağın dağlıq hissəsinin qapısıdır. Bu günlərdə başa çatmış müharibədə dağılmış qrunt yollarla qarla örtülü dağlara tərəf irəliləyirik. Yol boyu qarşımıza vurulmuş erməni tankları, hərbi amunisiya qalıqları və tələm-tələsik qurulmuş müdafiə istehkamları çıxır. Onlar amansız döyüşlərdən geriyə qalanlardır.

Reinkarnasiyadır, ya paramneziya, amma hərdən oxuduqlarımız şüursuz səviyyədə öz həyatımızın bir hissəsi kimi qəbul edilir. Yadıma yazıçı Elçinin romanından ötən əsrin 20-ci illərində Hadrutda tüğyan edən vəba epidemiyası barədə parça düşür. Burada əsl faicə yaşanırdı, bu dağlıq qəsəbənin əhalisinin böyük hissəsini qara ölüm mələyi öz ağuşuna almışdı. O yenə qayıdıb, həmin qara mələk. Yenə də Hadrut üzərində ölüm kölgəsi var. Düşüncələrimi rayonun yeni komendantı-Xocavənd polis idarəsinin nümayəndəsi yarımçıq kəsir. İndiki Hadrut bir vaxtlar rayon idi, amma ləğv edilərək Xocavənd rayonuna birləşdirilib.

-Bəs bu Hadrutun adını nə vaxt dəyişəcəklər?,-komendant işğalçı ordunun özü kimi darmadağın edilmiş yol nişanını göstərir. Orada “Hadrut” yazılıb. Polis əməkdaşı bu toponimdə erməni izləri axtarmağa çalışır.

Ona “Hadrut” toponimi barədə uzun-uzadı danışıram, hansı ki, bu toponimin ermənilərlə heç bir əlaqəsi yoxdur. Yer adı fars mənşəlidir və “iki çay arasında” mənasını verir-şimal və cənubdan axan. Erməni tarixçiləri isə həmişə olduğu kimi bu toponimi başqa cür yozurlar. Ermənilər Hadruta Dizak və ya Getaxat deyirlər. Qəribədir, amma miflərdə mövcud olan qədim erməni çarlığında “dolaşan” işğalçılar bütün bu işğal illərində Hadrutun adını dəyişdirməmişdilər. 

Görünür onlardan biri Rəsulzadədir, digəri Nuru Paşa. Reinkarnasiyadır, deyirəm axı...

Ola bilsin müasir tarixin təkzibedilməz faktlarını nəzərə alıblar. Hadrutda yeni həyat rusların gəlişi ilə başlayıb və sovet dövründə qəsəbə statusu alan eyni adlı kəndin əhalisinin çoxu ermənilər idi. Hərçənd işğala qədər Hadrutda azərbaycanlılar da yaşayırdı.

Qarlı zirvələrin fonunda Əliyevin və Ərdoğanın portreti

Ancaq indi əsrin dörddə birindən də çox vaxt ərzində işğal altında qalmış qəsəbə Azərbaycan şəhəri simasına bürünür. Hadrutun girişində qoyulmuş böyük posterin yanından keçirik: İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın porterti bu yerlərin tarixində yeni epoxanın başladığını simvolizə edir. Yüz il qabaq, böyük Qafqaz ordusunun Azərbaycanı erməni işğalçılarından azad etmək üçün başlatdığı azadlıq yürüşündə olduğu kimi  olduğu kimi indi də Qarabağda Azərbaycan və Türkiyə bayraqları qürurla yanaşı dalğalanır.

-Ermənilər Hadruta qayıdacaqlarmı? Dağlıq Qarabağa qaçqınların geri qayıtması haqda çox danışırlar?,-gənc komendantdan bu başlıca məsələ haqda soruşuram.

-Hələ ki yox. Onlar bütün əşyalarını qoyub gediblər. Görünür sona qədər inanmayıblar ki, şəhər alınacaq. 1983-cü ildə biz də Füzulini belə tərk etmişdik. Biz də inanmırdıq...

Komendant Füzuli rayonundandır, doğma yerlərini göz yaşları ilə tərk edəndə anasının qucağında, balaca oğlan uşağı idi. On ilə yaxın ailə vaqonlarda məskunlaşıb, sonradan normal mənzilə sahib olublar. Yüz minlərlə azərbaycanlı quldur erməni işğalçı ordusunun hücumları qarşısında öz evlərini, tarixi yurdlarını tərk edərək uşaqlarını və özlərini güclə xilas edə bilmişdi. Bu gün isə Hadrutdakı evlərdə Azərbaycanın nizami ordusunun hissələri məskunlaşıb. Axı haradasa yaşamaq lazımdır.

 

Öz ayağımla polisə gedirəm...

İndi böyük əsgər kazarmasına çevrilən Hadrutun mərkəzinə gedirik. İki əsr əvvəlki tarix sanki təkrarlanır, axı məhz burada çar ordusunun Poltava polkunun kölgəsi əyalət qəsəbəsində sakit həyatı pozmuşdu. Komendaturanın qarşısına ağır hərbi yük avtomobilləri gəlir, əsgərlər isə kiçik Hadrut daxmaları qarşısında sıra düzülüşünə tələsir. Qavranılması çətin olan mənzərədir.

Birbaşa mərkəzdə yaşıl rəngdə, açıq darvazalı iki mərtəbəli ev var. Darvazanın üstündə qəribə yazı-burada hərbi polis yerləşir. Ehtiyatla həyətə daxil oluram. Görünür bu evin əvvəlki sahibi maşın ustası olub, həyətdə sovet “Jiquli”lərinin ehtiyat hissələri qalaqlanıb. Dilənçi kökündə yaşayan “arsaxlılar” əlbətdə ki, normal xarici marka avtomobilləri heç xəyal da edə bilməzdilər. Evə daxil oluram, amma burada heç bir polis-filan yoxdur. Görünür, gediblər. Əvəzində evin əvvəlki sahibinin əşyaları-mebellər, qab-qacaq, uşaq oyuncaqları...qalıb. Oyuncaqları görəndə istər-istərməz ürək ağrısı hiss elədim. Küncdə sınmış şüşə parçaları var. Böyük yanğının müəllifləri bu tarixən naharat qiyamçı diyarda nələr ediblər?!

 

Keşişin məzarı başında

Erməni kilsəsində zəng

Əsgərlərin qalmadığı bütün evlərə baxıram. Lakin əsgərlərimizə afərin! Qarət barədə heç bir əlamət yoxdur. Hətta divarlarda xalçalar da qalır. Və az qala hər evdə duza qoyulmuş xiyar balonları var-qışa hazırlıq görüblər. Doğrudanmı kimsə bizim həyatımızda hələ də düşünə bilər ki, Allaha sabahkı gün üçün planlarını bəribaşdan desin?!

Sürüşkən qarlı cığırla Müqəddəs Arutyun erməni kilsəsinə tərəf gedirəm. Girişdə kilsə keşişinin 19-cu əsrin əvvəllərinə aid olan məzar daşı var. Kilsənin özünə daxil oldum və kilsə şamı tapmağa çalışdım. Lakin mənim üçün şam yandırma daha çox okkult ritualdır, allahlı dünyaya aid olduğumu göstərməkdir. 2005-ci ildə Qarabağa səfər zamanı, hansı ki, bu haqda mən birinci gündəliyimdə yazmışam, Şuşadakı Qazançılar kilsəsinə də baş çəkmişdim. Və müharibənin tezliklə başa çatması və iki xalqın barışması naminə dua edib şam yandırmışdım. Lakin Bakıya qayıdandan dərhal sonra mənə qarşı vendetta quran xüsusi xidmət orqanları öz nəzarətlərində olan KİV-lərdə alçaqcasına yalan və böhtan kampaniyası başladılar. Yazırdılar ki, mən müharibədə ölən erməni əsgərləri üçün kilsədə şam yandırmışam. Bu ittihamları sükutla qarşıladım, axı erməni kilsəsi də mənim nəzərimdə Allahın müqəddəs evidir və biz onu qorumalıyıq. Allahsızlığa və qaragüruha nə ilə cavab verəsən? Hansı arqumentlərlə?

Kilsədə şam tapmadım, amma kilsə zəngini tapdım. Və mən yəqin ki, Azərbaycanın Hadrut qəsəbəsindəki erməni kilsəsində ilk zəng çalan oldum. Bu qədər çoxsaylı qurbanların qanının hopduğu bu torpaqlarda firəvan dünyanın başladığını elan edən din adamı olmağı elə istəyirsən ki...

Və sözün əsl mənasında mənim kədərli düşüncələrimlə eni vaxtda kilsənin qarşısından üstündə Rusiya bayraqları olan hərbi avtomobillər keçir.

-Bəyəm Hadrutda Rusiya sülhməramlıları var?-komendantdan soruşuram.

-Yox. Sülhməramlılar ermənilərlə birlikdə dağlardan eniblər. Onlar hələ də cəsədləri toplayırlar.

 

Heyif ki, Gtçavanka, bu qədim alban monastrına gedib baxmaq mümkün olmadı...

Amansız, allahsız müharibə! Mən yaxınlıqdakı Tuğ kəndinə də baş çəkib orada ermənilərin dağıtdığı qədim alban kilsəsi Gtçavanka girməyə tələsmirəm. Uzun illər ərzində erməni mistikası daşıyıcıları şeytani məqsəd güdərək Qarabağda alban sivilizasiyasının izlərini məhv edirlər. Lakin həmin kilsəyə qarlı dağ yolları ilə gedib çıxmaq çətindir. Təəsüf ki, dünyanın yaşı iki min ilə çatan ən qədim çinarlarından birinə baxmaq da nəsib olmur. Çinar dağlıq Sxtoraşen kəndində yerləşir, onun kölgəsinə eyni vaxtda yüz adam yerləşə bilər!

Təbiət bizim hamımızı bax belə ağuşurna ala bilər, amma nəyə görəsə biz insanlar Allahın nəsib etdiyi bu nemətləri bölüşdürə bilmirik. Axı təbiətimiz belədir, yaranışdan bəri...Kilsənin çıxışında, sahibsiz qalmış bağlardan birində üstü meyvə ilə dolu şərq xurması ağacları var. Cənnət meyvəsinin möhtəşəm görünüşündən həzz alıram. 

Nəyə görə bizə bu qədər nifrət edirsiniz? Və bu nifrət nə vaxta qədər davam edəcək?

Və ağacın altında qəribə ura-patriotizm ruhunda hazırlanmış ideoloji plakata rast gəlirəm. Plakat erməni əsgərlərini və onların yaxınlarını telefonla danışarkən ehtiyatlı olmağa çağırır. Başında üçrəngli bayrağımız olan şeytan təsviri erməni əsgərlərinin yerini müəyyən edə bilərmiş...

Görünür bu plakatları Azərbaycan pilotsuz aparatlarının hücumlarının kulminasiya məqamında bütün Qarabağ boyu tirajlayıblar...Bizim xalqlar arasında həddən artıq ifrat düşmənçilik və qan davası var. Hansısa çoxəsrlik, dəfolunmaz dərin boşluq, uçurum bizi ayırır.

-İndi yolumuz harayadır?,-komendant məni Hadrutun dadlı yunan qozlarını ovcumda sındırmaq məşğuliyyətindən ayırır.

-Uzaqlara!,-dilimdən bu ifadə çıxır.

Hadrutun ətraflarında Rusiya sülhməramlıları, erməni hərbçiləri və Qırmızı Xaçın əməkdaşları qarşımıza çıxır. Onlar meyitləri toplamaqda davam edirlər...Qarabağda hər yerdə ölümün itməyən kölgəsi dolaşır. Mən ölümlərdən yoruldum...

EYNULLA  FƏTULLAYEV

 Davamı olacaq






Fikirlər