Qarabağda döyüşən Suriya erməniləri tabutda geri qayıtdı
Türkiyənin “Yeni Şafak” qəzeti Suriyadan Qarabağa gələrək Azərbaycana qarşı döyüşən Suriya ermənilərinin ölkələrinə tabut içərisində döndüyünü yazıb. Qəzetin yazdığına görə, 30 nəfərə yaxın erməninin cəsədi İrəvandan Latakiyadakı Xmeymim aerodromuna uçan təyyarə ilə aparılıb. Əksəriyyəti Hələbdən olan ermənilərin cənazələrinin Moskvaya tabe olan yaraqlılar tərəfindən öz şəhərlərinə aparıldığı bildirilir. Cənazələrin ötən həftələrdə Süleymaniyyə və Əziziyyə məhəllələrində mərasim ilə dəfn edildiyi bildirilir. Digər tərəfdən isə, Əsədə tabe olan bəzi hərbçilər ilə Moskvadakı bəzi məmurların xristian qüvvələrinə hərbçi cəlb eləmək işini gizli şəkildə yerinə yetirdikləri iddia edilir. Hətta xristian yaraqlılarla Vaqner kimi muzdlu hərbi şirkət modelinə bənzər şəkildə 3 aylıq müqavilə imzalandığı, bu müqavilə ilə də döyüşmək üçün Ermənistana göndərildiyi aşkara çıxıb. Suriya erməniləri ilə assuriyalılardan ibarət muzdlu hərbçilərin Qarabağda döyüşmək üçün ayda 1500 dollar maaş aldığı, maaşla yanaşı, gələcəkdə Ermənistana səyahət eləmək üstünlüyü, hətta Ermənistan vətəndaşı olmaq şansı əldə edəcəkləri də vəd edilib. Ermənistanda ölən 30-dan artıq Suriya ermənisinə təzminat ödəməyi isə Əsəd hökumətinin öz öhdəsinə götürdüyü iddia edilir. Qarabağda Azərbaycan əsgərinə qarşı döyüşərkən ölmüş hər suriyalı erməninin ailəsinə 200 min Suriya lirəsi həcmində təzminat ödənilib. Suriyalı vətəndaşları döyüşlərə cəlb eləmək üçün cəhdlər edən Rusiya idarəçiləri əvvəlcə xristian döyüşçüləri toplayaraq güclü bir qüvvə yaradıb. Ermənilərdən və assuriyalılardan ibarət hərbi qüvvələrə döyüşçü cəlb eləmək üçün keşiş və rahiblərin fəal olduğu bildirilir. Əsəd rejiminin bu din xadimlərinə hərbçi cəlb eləmək üçün maddi dəstək verdiyi də iddia edilir.