44 günlük müharibədən 44 gün sonra... - İLHAM İSMAYIL yazır...

44 günlük müharibədən 44 gün sonra...

44 günlük müharibə bitəndən 44 gün keçib, amma münaqişə bitməyib, əksinə, köhnə münaqişə yeni siyasi-coğrafi konfiqurasiyada mürəkkəb forma almaqda davam edir. Əslində yeni konfiqurasiyanın subyektlərindən biri olan Rusiya köhnə fiqurdur, sadəcə indiyədək  mövcud olduğu qeyri-rəsmilikdən rəsmi statusa keçib və bu statusu özü zorla, təzyqlə əldə edib. Konfiqurasiyanın yeni və vacib tərəfi isə Türkiyədir. Çox təəssüf ki, 10 noyabr bəyanatından sonra Türkiyənin rəsmi iştirakı monitorinq mərkəzində fəaliyyətlə məhdudlaşıb və hadisələrə təsiri də müəyyən çərçivədən kənara çıxa bilmir. Əslində, cəmiyyətimiz bu mərkəzin hədəflərini sonadək bilmir və bu situasiya  haqlı olaraq narahatlıq yaradır. 
Rusiyanın sülhməramlı missiyadan, məhdud mandat  funksiyasından kənara çıxdığı artıq hamının gözü qarşısında baş verdiyindən onu detallı şəkildə təqdim etməyə ehtiyac yoxdur. Azərbaycan 3, 1 min kvadrat kilometr ərazisinə dövlət olaraq hələ də nəzarət edə bilmir.  Bu, klassik DQMV –in 72 faizi deməkdir. Ermənistan ağır məğlubiyyətə uğramasına baxmayaraq köhnə siyasətindən əl çəkməyib və Dağlıq Qarabağın hələ də müstəqilliyini və beynəlxalq səviyyədə tanınmasını prioritet  kimi qəbul edib.  Yeni xarici işlər naziri Ayvazyan, hətta Azərbaycanın bu istiqamətdə danışıqlardan imtina etdiyi halda “Artsax respublikası”nı tanıyacaqlarını  bildirib. Cəhənnəmə tanısınlar. 
 
Rusiya say baxımından  nəzərdə tutulduğundan çox “sülhməramlı” yerləşdirib və hələ artıracağını da  rəsmən bildirib. Cinayətkar Araik rejimi də fəaliyyətinə davam edir  və Putinin xeyir-duası ilə mövcud status-kvo dəyişməz olaraq qalır. Rusiya sovet dönəmində olduğu kimi sanki Qarabağda ”Baykal-Amur magistiralı”na start verib. Qarabağı  Pskov, Arxangelsk, Volqaboyu kimi görür və iki gün əvvəl 35 vaqon humanitar yük Araik hökümətinə təhvli verilib.  Rusiya siyasətini bütövlükdə təqib edən istənilən şəxs aydın görər ki, bu şimal ölkəsinin sanki ayrı dərdi, səri yoxdu, yalnız Qarabağ  erməniləridir. Putin həftədə ən azı iki dəfə Qarabağla bağlı bəyanat verir, Şoyqu modul xəstəxanaların açılmasından danışır, Zatulin hələ də Bakıda Zəfər paradını sinirə bilmədiyi barədə müəllif yazıları yazır. Rusiya Qarabağdan qaçan erməniləri geri gətirib ocağa atır ki, qaynayan Qarabağ qazanı bir an belə sönməsin. Hələ qış mövsümüdür, yaz, yay aylarında ermənilərin daha kütləvi şəkildə geri dönmələri gözlənilir. 
 
Rusiyanın Cənubi Qafqazda uzun müddətə qalmağı planlaması görünsə də artıq dünyada “beynəlxalq jandarma” ölkəsi statusu qəbul olunmur və bunu ilk sübut edən də elə Azərbaycan oldu. Münaqişəni jandarmlarsız – qlobal güclərsiz  həll etdi. Xankəndi ermənilərinin tezliklə Azərbaycan yurisdiksiyasını qəbul etməsi üçün ləngimədən zəruri adddımlar atılmalıdır. 
Gördüyünüz kimi Rusiya cinayətkar status-kvonu qorumaq mövqeyini Putin səviyyəsində ortaya qoyub, Ermənistan diasporun  gücü ilə  ölkələrin ( Fransa, Niderland, Belçika)  “Artsax Respublikası” nın tanınması istiqamətində xarici siyasətini yeni cəhdlə davam etdirir, çoxsaylı  Ermənistan qoşunları hələ də Azərbaycan ərazisindədir, Araik rejimi də 10 nazirlik yaradıb.  Baş verənlər 44 gündür ki, bizim seyrçi mövqeyimizlə müşayət olunur. Burda bəlkə də Araik rejiminə, daxili problemlər içində boğulan Emənistanın  hərəkətlərinə xüsusi diqqət ayırmağa ehtiyac yoxdur,  amma qarşımızda tarixən ermənini alət edən təhlükəli Rusiya var və onun  atdığı addımlar reaksiyasız qala bilməz.  
Nəzarət edə bilmədiyimiz ərazilərdə baş verənlərə rəsmi reaksiyanın olmadığı faktdır. Ayrı-ayrı millət vəkillərinin etiraz çıxışları hələ rəsmi mövqe deyil, amma buna da şükür.  
Hələ 10 noyabr bəyanatı imzalananda bildirdik ki, dekabrın 1-dən sonra Laçın dəhlizi deyilən, amma iki qitəni birləşdirən Süveyiş kanalından da enli olan bu ərazi Azərbaycanın boşluğu deməkdir.  İndi Qafanda, Zodda, Mehridə aparılan sərhəd demarkasiya işləri Laçın dəhlizindəki boşluğun yanında çox lokal, həll olunası, diqqəti əsas işdən yayındıran məsələlərdir.  Ermənistan rəhbərliyi və Ermənistan silahlı qüvvələri buradan əli silahlı istədikləri vaxt rahat keçirlər, bunu ruslar özü də etiraf edirlər. Biz Rusiya sülhməramlıları ilə dəhlizi yox, dəhlizin başlandığı sərhədi nəzarətə götürüb, bütün beynəlxalq normalara uyğun sərhəd – keçid məntəqəsini yaratmalıydıq. Hələ ki, yoxdu və perspektivi də görsənmir, hətta yeni dəhliz yolu açılandan sonra belə. Bir tərəfimiz boşdursa, girən-çıxandan xəbərimiz yoxsa hansı təhlükəsizlikdən danışmaq olar? Elə ona görə də silahlıdan da təhlükəli ideoloqlar əyləşib Xankəndində. Vaxtilə Livandan köçüb gəlmiş Ovik Esmeryan kimiləri bütün günü Xankəndi küçələrində, sosial şəbəkədə “Artsaxın müstəqilliyi”ndəndən danışr, Rusiya hərbiçilərinə yaltaqlanır, ən azı Rusiyanın tərkibində qalmağı təbliğ edir.  
Ən vacibi isə... Bəyanatda aydın göstərilib ki, qaçqınlar geri qayıtmalıdır. 44 gündə bir dəfə də olsun rəsmi mövqe bildirilməyib ki, bizim qaçqınlar indi nəzarət edə bilmədiyimiz 51 yaşayış məntəqəsinə  nə vaxt qayıdacaq?  İlk tikinti işləri və köçürülmə Dağlıq Qarabağdan başlamalıdır! İşə sistemli yanaşmaq lazımdır. Məsələ olduqca sərt şəkildə qoyulmalıdır.  Qalib ölkənin başqa xarakter nümayiş etdirməsi qəbuledilməzdir.  Xocalının intiqamından danışırıq. Bu intiqamın zirvəsi ilk növbədə Xocalını tezliklə qurub, yaradıb  xocalıları ora köçürməkdir.  Ağdərə rayonu Dağlıq Qarabağın ən böyük rayonudur, ən az da məskunlaşandır.  Ağdərənin 14 kəndi də ilk növbədə qaçqınların yerləşdirələcəyi  ərazi olmalıdır. Ümumiyyətlə, müharibə vaxtı necə tələb edirdik: Ermənistan qrafik versin və elan etsin ki, nə vaxt qoşunlar Azərbaycanı tərk edəcək. İndi də biz qrafik verməliyik ki, 2021-ci ildə Azərbaycan bütün zəruri strukturları ilə ( necə ki, Rusiya ordusu ilə bərabər  FHN, FTX, Səhiyyə Nazirliyi və sairə gəlib) 51 yaşayış məntəqəsində tikinti işlərinə nə vaxt başlayacaq və orada çalışanların təhlükəsizliyinə Rusiya SM cavadehliyi öhdəsinə götürməlidir. Yox, Rusiya SM təhlükəsizliyə cavabdeh olmayacağını bildirsə, alternativ təhlükəsizlik qüvvələri həm özümüzdə var, həm də beynəlxalq təşkilatların köməyindən istifadə etmək çətin məsələ deyil.
 Ermənilər Qarabağda mənzillərini satışa çıxardıqlarını elan ediblər. Biz orada olmasaq, kim alacaq o əmlakı? Rusiya elə məkrli dövlətdir ki, vətəndaşları olan ermənilərin əli ilə o mənzilləri satın alıb sabah da deyər ki, burada yaşayan RF vətəndaşlarıdır və onları qorumaq  vəzifəmizdir. Qarşıda  yaxşı perspektivlər də gözlənilir və biz buna hazır olmalıyıq. Pandemiya hələ ölkələrin sərhədlərini bağlayıb. Çox güman ki, havalar istiləşəndə yollar açılacaq. O zaman Xankəndi ermənilərinin kütləvi emiqrasiyası başlayacaq. Bu prosesi yalnız bizim o yerlərə qayıdan qaçqınlarımız sürətləndirə bilər. Ümumiyyətlə,  bu işin bir neçə variantı var və dövlət bu prosesə hazırlaşmalıdır.
 Rusiyanın hərəkətlərindən hiss olunur ki, birinci beşillikdən sonra bölgəni tərk etmək niyyətində deyil və qalması  üçün bəhanə, girdiyi bəhanələr qədər təsirli və təhdidedici ola bilər. Bizim şərtlərimiz indidən deyilməli və vaxt tamamında  bəhanələrə imkan verilməməlidir. 2021 yanvarından sonra dünya siyasətində çalxalanmalar gözlənir və bu Qarabağ münaqişəsindən də yan keçməyəcək.
Biz Qarabağ ermənilərinin daxili əhval-ruhiyyəsini bilməli,  perspektiv planların kütləvi şəkildə nəyə hesablandığını daim diqqətdə saxlamalı və uyğun addımlar atmalıyıq. Buna imkanlarımız var. Xalq “Xankəndi bizimdir”, “ Ağdərə bizimdir”, “ Əsgəran bizimdir”, “Xocavənd bizimdir” çağırışlarını real olaraq gözləyir.
44 günlük  susqunluğun olduğunu və bunun hamımızı narahat etdiyini  heç kim dana bilməz. Burdan yaranan təhlükəni görməmək mümkün deyil. 
İlham İsmayıl.






Fikirlər