Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları... - Binəli Yıldırım açıqladı
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin gözlə görünməyən arxa planları var. Bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım "Milli Məclis” jurnalına müsahibəsində deyib. "Odur ki, kimsənin qalxıb "bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı”, - deyən B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir. O qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi:"Ermənistanla bu qarşıdurma, əlbəttə ki, bir gün olacaqdı. Bax bu günə ciddi hazırlaşan Ali Baş Komandan İlham Əliyev atasına da verdiyi sözə sadiq qalaraq kifayət qədər gənc yaşından Azərbaycanın çətin idarəetmə məsuliyyətinin, onu mütləq qələbəyə aparacaq doğru yolun özülünün qoyulması yükünün altına çəkinmədən girdi. Ermənistan Qarabağdan qopduğunun fərqinə varınca, cəbhəni genişləndirmək, müharibəni Qarabağ müstəvisindən çıxarmaq üçün nələr etmədi!? Tərtər, Gəncə, Ağdam və digər məntəqələrə raket zərbələri endirildi, amma İlham Əliyev bunların bir oyun olduğunu bilərək, səbirli davrandı, müdrik qərarlar verdi və bunun müsbət nəticə verəcəyinə əmin oldu. Gedişat isə məhz belə oldu”. Eks-baş nazir bildirib ki, Türkiyə bu gedişatı narahatlıqla izləyirdi, çünki Azərbaycanın bəzi ictimai dairələrində də ermənilərə onların tərzində cavab vermək istiqamətində qəzəb formalaşmışdı. "Lakin İlham Əliyev bu təhlükələrə qarşı çox ağıllı və həssas mövqe sərgiləyərək, Qarabağ savaşının Azərbaycanla Ermənistan arasında total müharibəyə çevrilməsinə əsla icazə verməyəcəyini açıqca söylədi və bu yöndə əlindən gələni etdi. Bildiyiniz kimi, Ermənistan bu arada böyük oyunlar oynadı, istər Rusiyanı, istər Avropanı və Birləşmiş Millətlər Təşkilatını bu münaqişəyə cəlb etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə salmaq üçün xeyli səylər göstərdi, lakin onların heç biri nəticə vermədi”, - deyə B.Yıldırım söyləyib.(anews.az)