"ƏN YEKƏ erməni DVERSANT TƏXRİBATÇI, mina basdıran Xankəndindədir..." -İLHAM İSMAYIL yazır...

{title}

Hamı Xankəndinə gəldi, bizdən başqa. Biz o yerlərə gedə bilmədikcə, bayrağımızı qaldırmayınca dünyanın hansı dərəsində bir erməni azsa, bir də görəcəyik ki, Qarabağda peyda olub. 
 
 Erməni diversantların Azərbaycan ərazisinə keçib təxribat törətmə cəhdləri, mina basdırmaları, sərhəddə gərginlik yaratmaları gündəlik həyatımıza çevrilib. Ordumuz, sərhədçilərimiz gücü çatdığı qədər bu təxribatların qarşısını alır. Əlbəttə, o yerdə ki, ora hərbçilərimiz nəzarət edir. Amma, dünən ermənilərin ən böyük diversantı, gec partlayan minaları basdırmaq üzrə ən böyük mütəxəssis sərhədimizi keçib və Qarabağa girib. O yerdən keçib ki, biz ora nəzarət edə bilmirik.
 
Laçın dəhlizini keçən ən yekə erməni diversant, təxribatçı, mina basdıran bütün ermənilərin katolikosu II Qaregin Xankəndindədir. Onu keçmiş separatçı lider Bako Saakyan və bir sürü Eçmiadzin din xadimləri müşayət edir. II Qaregini Qarabağ üzrə yepiskopla birlikdə Rusiya sülhməramlıları komandanının inanclı hərbiçilərlə iş üzrə köməkçisi Boris Qrişin ata da qarşılayıb. Təəccüblü heç nə yoxdu, fevral ayında da Qrişin erməni mərasimində ön cərgədə idi.
 
II Qaregin üç gün Qarabağda olacaq. O artıq bir neçə dini məbədlərə baş çəkib, bazar günü də missiyasını davam etdirib geri dönəcək. Zəngəzura, Gorusa, Şurnux kəndinə səfər edən bütün ermənilərin katolikosu II Qareginin son dayanacağı Qarabağ olub. 22 ildir ki, bu vəzifəni daşıyan 70 yaşlı II Qaregin ermənilik deyilən faşist ideologiyasının, Azərbaycan, türk düşmənçiliyinin başında dayanıb. Həmişə belə olub. Özündən əvvəlki 131 patriarx və katolikosların hamısı ermənilik deyilən antibəşəri ideologiyanın başında necə dayanıbsa, bu da elədir. 
 
Müharibə bitəndən sonra Qarabağa Ermənistandan müxtəlif ranqda rəsmi şəxslər çox gəlib. Gələnlər hərəsi bir cür Qarabağ ermənilərinə ürək-dirək verib. Amma, katolikosun gəlişi bunların hamısından təsirlidir. O, bu gəlişi ilə sınmış, psixoloji sarsıntı keçirən Qarabağ ermənilərinə böyük təsəlli vermiş oldu. Görüşdüyü hərbiçilərə, yerli əhaliyə, rejim rəhbərlərinə- “Yaşadığımız çətin sınaqlar və qarşılaşdığımız problemlər bizi birləşdirməli, bizi daha güclü və müdrik etməlidir ki, səhvlərimizdən nəticə çıxarıb vəziyyəti ayıqca qiymətləndirək”- deyən katolikos birliyə, mübarizəyə səsləyir. Kiminlə mübarizə edəcəklər? Azərbaycan xalqı ilə, Azərbaycan dövləti ilə. 
 
Erməni kilsəsi ASALA terror təşkilatını yaradan, xeyir-dua verən mərkəzdir. Bu kilsə Türkiyə diplomatlarının qətl edilməsinin təşkilatçısıdır. Katolikoslar isə terrora müqəddəslik donu geyindirən baş terrorçulardır. Tarixən belə olub. 
 
 Bu gedişlə hamı Xankəndinə gəldi.., bizdən başqa. Azərbaycan nə vaxt Xankəndi və ətrafına nəzarət edəcək? Bir izahat verən olacaqmı ki, biz Xankəndi və ətrafına nəzarət etmək üçün niyə  iş görmürük, niyə susmuşuq? Bu susqunluq nə vaxta kimi davam edəcək? Və heç kim deməsin ki, “30 il Qarabağsız yaşamışdın, indi hara tələsirsən?”. Məhz 30 ilin dərsi məcbur edir ki, bir də 30 il mina partlayışları ilə bu millət səksəkədə yaşasın. Biz sükuta qərq olduqca qareginlər, patriarxlar, yepiskoplar hər gün Qarabağ ermənisinə moizə oxuyub, ermənilik uğruna savaşa səsləyəcəklər. Hər cür təxribatın, özü də artıq sərhəddə deyil, Qarabağda şahidi olacağıq. Sarsıntı keçirən toplum katolikosun çağırışları ilə dirçəlməyə çalışacaq. Zaman bizim xeyrimizə işləməyə bilər.  
 
Belə getsə II Qareginin bu üç gündə basdırdığı minaların hansısa formada partlamasını çox gözləməyəcəyik.
 
İlham İsmayıl






Fikirlər