“ƏRDOĞAN mesaj verir ki, türk dövlətlərini müdafiə etməyə qadirəm" - Zərdüşt Əlizadə
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğal olunmuş bölgələrinə səfəri, Şuşada birgə bəyənnamə imzalanması mühüm hadisədir. Bu, həm də Ərdoğanın türk dünyası və müsəlman Şərqində formalaşmış reputasiyasının möhkəmlənməsi baxımından da mühüm addımdır. Ərdoğanın səfəri həm Azərbaycanın, həm də Türkiyənin nüfuzu baxımından önəmlidir". "AzPolitika.info" xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Ərdoğanın Azərbaycana səfərin, eləcə də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini şərh edərkən bildirib. Bəyannamədə göstərilib ki, tərəflərdən birinin ərazi bütövlüyünə, müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına təhdid yaranarsa, o zaman iki ölkə bir-birinə yardım göstərmək üçün BMT Nizamnaməsinə uyğun olaraq, qarşılıqlı məsləhətləşmələr aparacaq, silahlı qüvvələrin idarəetmə və güc strukturları birgə fəaliyyət göstərəcək. Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi də qərara alınıb. “Ərdoğan mesaj verir ki, mən türk dünyasının, müsəlman dövlətlərinin himayədarıyam, türk dövlətlərini, xüsusən Azərbaycanı müdafiə etməyə qadirəm, müsəlman dövlətlərinin işğal olunmuş torpaqlarının qaytarılmasına yardım edirəm”,-deyə Z.Əlizadə vurğulayıb Politoloqun sözlərinə görə, Türkiyə prezidenti bu siyasətini həyata keçirmək üçün dünya gücləri ilə toqquşmağı da gözə alır. O, Fələstin-İsrail toqquşmalarsı zamanı Ərdoğanın reaksiyalarını yada saldı: “O, hər şeyi gözə alaraq, Fələstinlə sıx münasibətlərin qurulması barədə siyasi qərarlar verib”. Ekspertin fikrincə, Türkiyə prezidenti Şuşa səfərinin mümkün nəticələrini, müəyyən dairələrdə doğuracağı reaksiyaları hesablayıb. Z. Əlizadə bunun Türkiyə və ya Azərbaycan üçün mənfi nəticəsi olacağını düşünmür: “Ərdoğan bunları hesablamamış deyil. O özü də nümayiş etdirir ki, mən kiməm, neyləyirəm, ətrafımda kimlər var, məqsədim nədir. Türkiyənin hərbi, siyasi, iqtisadi gücünü də anlayırlar. Rusiya da, Çin də, Avropanın aparıcı dövlətləri də bunu yaxşı başa düşür. Böyük güclər qıcıqlansa belə, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar. Lazım olsa, Ərdoğanın bölgədəki davranışına dözümlü yanaşacaqlar”.