“ELÇİBƏY İlham Əliyevi çox rahatlıqla qələbənin memarı kimi TƏBRİK edərdi”
"Fikrimcə, Əbülfəz bəy 2003-cü ildən sonra bu formatların heç birinə yaxın durmazdı. İç siyasətdən tamamilə çəkilərdi və ağırlığı Azərbaycanın bütövlüyü və dünya türklüyünün inteqrasiyası üzərinə yönəldərdi. Hətta irreal olaraq düşündüyümüz proqramlar üzərindən olsa belə, kifayət qədər idealist insanı öz çevrəsinə toparlamağı bacarardı. Bir növü ideoloji məktəb üzərindən siyasətüstü bir mövqeyə üstünlük verərdi. Digər tərəfdən dürüst və səmimi bir insan olduğuna görə, 44 günlük savaşdan sonra İlham Əliyevə telefon açaraq, əleyhinə səsləndirilən sərt ifadələri də bir kənara qoyaraq görüşmək istərdi və çox rahatlıqla qələbənin memarı kimi əlini də sıxıb açıq şəkildə təbrik edərdi. Çünki Əbülfəz bəy öz qürurunun üzərindən adlayıb Vətənin qürurunu ucaltmağı düşünən bir şəxsiyyət idi." “AzerTaym.az" bildirir ki, bunu millət vəkili Fazil Mustafa Moderator.az -ın "Elçibəy bu günləri görsəydi və hələ də müxalifətdə olsaydı, İlham Əliyevi Qarabağdakı zəfər savaşına görə təbrik edərdimi?" sualını cavablandırarlkən deyib: "Siyasətdə hipoteza ilə danışmaq olduqca çətindir. Çünki xarakterlərin hansı davranış sərgiləyəcəyi, onların özlərini hansı formada təkmilləşdirməsindən çox asılı məsələdir. Zaman göstərdi ki, illər uzunu düşüncə dəyişikliyini yaxına buraxmayan, 30-40 il əzbərlədiyindən bir sətir də əlavə öyrənməyən obrazların sayı kifayət qədərdir. Bu illər ərzində Azərbaycanın dünya siyasətində yeri dəyişmiş, qlobal dünya düzəni rəngarəng dəyişikliklər yaşamış və bəzi adamların düşüncəsində "geriyə dönüşdən" başqa bir ideya cücərməmiş. Əlbəttə, bir illik Elçibəy hakimiyyəti dövründə xeyli müsbət işlər görülmüş, lakin bizim də təmsil olunduğumuz bu hakimiyyət ölkədə siyasi nəzarəti bir ildən uzağa apara bilməyərək məğlub olmuşdur. Bir neçə il də yenidən Elçibəyin hakimiyətə qayıdışı hədəfi ilə sərt inad mübarizəsi aparsaq da, yenə də daha ustalıqla davranan Heydər Əliyevdən itirilmiş hakimiyyəti geri qaytara bilməmişik. Son şans olaraq da İsa Qəmbərin prezidentliyə namizədliyi ətrafında xalq hərəkatından qalma resursları əhəmiyyətli dərəcədə səfərbər alsaq da, hakimiyyət nomenklaturasının namizədi olan İlham Əliyevə məğlub olmaqla yenidən dirçəliş üçün əsas şansları itirmişik. Bundan sonra artıq iki seçim qalırdı. Ya keçmiş xatirələrlə ovunmaqla yalançı revanşizm nağılları uydurub bir qrup adamı demokratiya savaşı adı ilə inad mübarizəsinə qoşmaq və hakimiyyətlə qeyri-bərabər toqquşmada sıradan çıxarmaq, ya da maksimalist siyasətdən əl çəkərək hakimiyyətlə konstruktiv əməkdaşlığa üstünlük verərək mövcud siyasətin çərçivələri içində cəmiyyətin və dövlətin demokratikləşməsinə töfhə vermək. Suala cavaba gəlişə qədər bu məqamları ona görə izah etməyə çalışdım ki, məhz bu konfiqurasiya içində Əbülfəz bəyin təxmini yerini müəyynələşdirmək mümkün olsun. Fikrimcə, Əbülfəz bəy 2003-cü ildən sonra bu formatların heç birinə yaxın durmazdı. İç siyasətdən tamamilə çəkilərdi və ağırlığı Azərbaycanın bütövlüyü və dünya türklüyünün inteqrasiyası üzərinə yönəldərdi. Hətta irreal olaraq düşündüyümüz proqramlar üzərindən olsa belə, kifayət qədər idealist insanı öz çevrəsinə toparlamağı bacarardı. Bir növü ideoloji məktəb üzərindən siyasətüstü bir mövqeyə üstünlük verərdi. Digər tərəfdən dürüst və səmimi bir insan olduğuna görə, 44 günlük savaşdan sonra İlham Əliyevə telefon açaraq, əleyhinə səsləndirilən sərt ifadələri də bir kənara qoyaraq görüşmək istərdi və çox rahatlıqla qələbənin memarı kimi əlini də sıxıb açıq şəkildə təbrik edərdi. Çünki Əbülfəz bəy öz qürurunun üzərindən adlayıb Vətənin qürurunu ucaltmağı düşünən bir şəxsiyyət idi. Onun üçün İlham Əliyev ölkə daxilində siyasi opponent kimi qəbul olunardı, lakin Azərbaycan milli davasının ən böyük problemlərindən birini qətiyyətlə həll etmiş lider kimi hər cür minnətdarlığa layiq şəxsiyyət kimi anlaşılardı. Bununla belə, Rusiya sülhməramlılarının bölgəyə yerləşməsinə qarşı da ən sərt mövqeni yəqin ki, Əbülfəz bəydən eşidərdiniz. Bununla belə, Türkiyənin bu mübarizədə Azərbaycanla birlikdəliyinə güvənərək kimsənin qınağından çəkinmədən öz mənəvi dəstəyini Azərbaycan iqtidarından əsirgəməzdi. Ümumiyyətlə, Əbülfəz bəy üçün siyasət həmişə insanlıq dəyərlərindən aşağıda durduğuna görə, Azərbaycanın milli maraqları üçün faydalı addım atan hər kəsi düşüncə, ideologiya fərqliliyinə əhəmiyyət vermədən dəstəkləyərdi. Bu, əlbəttə, mənim subyektiv yanaşmamdır, hər halda siyasi yaşamının əhəmiyyətli hissəsini bir yerdə olduğum və dərindən tanıdığım Əbülfəz Bəyin mümkün davranışlarından söhbət getdiyinin fərqindəyəm."