Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlaya bilər?

Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlaya bilər? - “Ermənistan təxribatlarına davam etsə...”

Ermənistan son vaxtlar atəşkəsi davamlı olaraq pozur. Atəşkəsin pozulması Azərbaycan-Türkiyə birliyini hansı addımları atmağa məcbur edəcək?

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Fəzail Ağamalı bildirib ki, Ermənistanın Azərbaycanla döyüşməyə gücü yoxdur:

"Son vaxtlar Azərbaycan tərəfinin mövqeləri Ermənistandan atəşə tutulur. İtkilərimiz yoxdur. Silahlı Qüvvələrimiz də onlara layiqincə cavab verib. Bu təxribatı yaradanlar məğlub olan Köçəryan tərəfdarlarıdır. Onlar Azərbaycan və Ermənistan arasında yenidən müharibənin başlanması və Azərbaycanın adekvat addım ataraq Ermənistanın içərilərinə getməsinə ümid edərək bu təxribatlara əl atırlar. Azərbaycan isə bütün bunların fərqindədir.

Qəhrəman Silahlı Qüvvələrimiz, Sərhəd Qoşunlarımız sərhədlərimizi yüksək səviyyədə qoruyurlar. Mən əminliklə deyirəm ki, bu təxribatlar bizə heç bir ziyan vurmayacaq. Düşünürəm ki, bu məsələ heç müharibəyə qədər getməyəcək. Yox, əgər müharibə olarsa, Türkiyə, 44 günlük müharibədə olduğu kimi, yenə bizimlə olacaq. Ermənistan təxribatlarına davam etsə, Azərbaycan-Türkiyə birliyinin gücünü görəcək. Nəzərə alsaq ki, Ermənistan ordusunun 70-80 faizi məhv edilib və hərbi potensialı yoxdur, orada həm də kifayət qədər ruh düşkünlüyü var. Bu vəziyyətdə Ermənistan Azərbaycanla açıq şəkildə döyüşə gedə bilməz". /Sonxəbər.az






Fikirlər