“Ya Rusiyanın siyasəti dəyişəcək, ya da Azərbaycan Moskvaya rəğmən nəyisə DƏYİŞDİRƏCƏK" (ŞƏRH)

“Ya Rusiyanın siyasəti dəyişəcək, ya da Azərbaycan Moskvaya rəğmən nəyisə dəyişdirəcək

"Ya Rusiyanın siyasəti dəyişəcək və Bakı ilə Moskva birlikdə regionda nəyisə dəyişməyə nail olacaqlar. Ya da Rusiya dəyişikliyə getsə də, bu özünü ancaq kosmetik şəkildə göstərəcək. Belə olanda Azərbaycan 44 günlük müharibədə olduğu kimi, Rusiyaya rəğmən nəyisə dəyişdirəcək. Moskva müəyyən dərəcədə olsa da, bunu anlayacaq və nəticə yaratmaqda iştirak edəcək”. 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Kremlin Azərbaycan Prezidentinin Türkiyənin "CNN Türk" kanalına müsahibəsində Rusiyaya yönəlik sərt çıxışından nəticə çıxarıb-çıxarmayacağı ilə bağlı sualı dəyərləndirərkən deyib. Həmsöhbətimiz bildirdi ki, Kremlin siyasəti daha mürəkkəb şəraitdə formalaşır:
"Yəni Azərbaycan və yaxud hansısa digər dövlətin reaksiyası Kremlin siyasətində birbaşa müəyyənləşdirici olmur. Amma aydın məsələdir ki, Bakının öz mövqeyini ortaya qoyması, Rusiyanın Qafqaza yanaşmasına, Ermənistanı silahlandırmasına yönəlik addımlarla bağlı Azərbaycan Prezidenti tərəfindən verlən çoxsaylı sərt mesajlar mütləq bir nəticə yaradacaq. Bunu gözləyirəm. Rusiyanın Qafqaz siyasətini müəyyənləşdirən amillər çoxsaylıdır. Rusiya daxilində müxtəlif qrup və güc mərkəzlərinin Qafqaz siyasətinə baxışları da müxtəlifdir. Onların hamısının ümumiləşməsi fonunda şimal ölkəsinin Qafqaz siyasəti formalaşır”. 
Ekspert qeyd etdi ki, Azərbaycanın yanaşması Rusiyanın ümumi siyasətini müəyyən dərəcədə olsa da, dəyişdirir. 44 günlük müharibə də göstərdi ki, Bakı mövqe ortaya qoyanda nələrsə dəyişir: 
"Amma bu Rusiyanın siyasətində hər şeyin dəyişməsi deyil. Hər şey heç zaman dəyişməyəcək. Bu mümkün də deyil. Bununla belə nəticə yarada biləcək dəyişiklikləri də görürük. Azərbaycan Prezidentinin mövqeyindən sonra Rusiyanın Qafqaz siyasətində, xüsusən də Qarabağ probleminin tam nizamlanması istiqamətində müəyyən dəyişikliyin şahidi olacağıq”. 
A. Aslanlının fikrincə, bu mesajdan sonra Rusiya siyasətini dəyişməsə, rus sülhməramlılarının Qarabağda məskunlaşması vaxtından əvvəl başa çata bilər: 
"Laçın koridorundakı Rusiya sülhməramlıları mahiyyətə uyğun davranmalıdır. Bunu etməsələr onların burada məskunlaşması başa çata və ya Azərbaycanın əlavə nəzarət mexanizmləri dövriyəyə girə bilər. Habelə qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan sərhədindən kənara çıxarılmalıdır. Bu hissə bir qədər çətin görünür. Çünki Rusiyada həmin qanunsuz silahlı erməni dəstəsinin orada qalmasında maraqlı olan müəyyən qruplar var”. 






Fikirlər