“Ermənilər yenə nə istəyir: əgər bu fikirlərdən əl çəkməsələr...”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb. "AzerTaym.az" müsahibəni təqdim edir: - Aydın müəllim, erməni tərəfi növbəti dəfə Azərbaycana qarşı əsassız iddialarla çıxış edib. Qarşı tərəfin yenidən belə bir ritorika ilə çıxışı hansı amillərlə bağlıdır? - Görünən odur ki, zaman dəyişir, amma Ermənistan dəyişmir. Azərbaycan Ordusunun Zəfər yürüşü hələ də Ermənistanda tam reallıqla başa düşülməyib. Ermənistan hələ də qonşu dövlətlərin torpaqlarına iddia ab-havası ilə yaşayır. Hakimiyyətdə olanlar dəyişir ancaq onların məsələyə normal təffəkürlə yanaşması dəyişmir. Bu səbəbdən növbəti dəfə Ermənistanın xarici işlər nazirinin Azərbaycana qarşı yalan və ittiham dolu bəyanatını eşidirik. Əslində bu bəyanatların Azərbaycana hər hansı bir təsiri yoxdur. Azərbaycan öz suveren hüquqlarını qoruyur və qoruyacaq. Bu məsələdə beynəlxalq hüquq və beynəlxalq təşkilatların nizamnamələri Azərbaycanı müdafiə edir. Ermənistanın isə bu cür bəyanatları ilk növbədə özünə zərər vurur. Azərbaycanla sülh müqaviləsi imzalanmasını ləngidir. Ermənistanın qonşularının Azərbaycan və Türkiyənin potensialından istifadə etməsini də bu cür yanaşmalar ləngidir. Süni surətdə yaradılmış bu dövlət özünün yaratdığı problemlərlə dövlətçiliyini məhv edir. Güman etmək olardı ki, Vətən müharibəsindən sonra Ermənistan elitası, siyasi dairələri qonşu dövlətlərlə mehriban yaşamağın vacibliyini dərk edəcək. Amma bu hələ də baş verməyib. - Ermənistanın aqressiyasının kökündə dayanan amilləri necə izah etmək olar? - Ermənilər hələ də hesab edirlər ki, onların aqressiv, barbar düşüncələrini hansısa bir dövlət mütləq icra etməlidir. Onlar hələ də düşünürlər ki, indiki Rusiya da, çar Rusiyası, sovet ittifaqı kimi ermənilərin iddialarını yerinə yetirəcək. Amma zaman dəyişib. Artıq müstəqil, güclü Azərbaycan dövləti var. Vətən müharibəsindən sonra yeni bir reallıq yaranıb. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün bir o qədər yaxşı olacaq. - Azərbaycanla Ermənistan arasında sülhə mane olmaq istəyən güclərin planı nədir? - Qlobal güclərin Azərbaycanın ərazi bütövlüyü məsələsinə hər hansı təsiri hiss edilmir. Azərbaycan öz gücünə problemi həll edib. Bu gün problemin tam həlli məğlub olan Ermənistanın reallığı tam dərk etməsi, qonşu dövlətlərlə normal münasibətlər qurmasından asılıdır. 4 dövlətlə qonşu olan Ermənistanın bütün qonşuları ilə ciddi problemləri var. - Bu hansı amillərlə bağlıdır? - Bu ondan irəli gəlir ki, ermənilər bu torpaqların yerli xalqı deyil. Onlar tarixən bu xalqlarla qaynayıb-qarışmayıb. Ümumi münasibətlər yaranmayıb. Çar Rusiyası tərəfindən zamanında yüz minlərlə erməni bu ərazilərə köçürülərək onlara torpaq, yüksək vəzifələr verilib, iddiaları təmin edilib. Ona görə də ermənilər hələ də o ab-hava ilə yaşayır. İndiki halda Azərbaycanın yaratdığı yeni reallıq böyük güclərin də marağındadır. Çünki Azərbaycan tarixi İpək Yolunun keçdiyi bir ərazidə yerləşir. Bura Qərblə, Şərqin kəsişdiyi bir bölgədir. Azərbaycanın İslam, Şərq ölkəsi kimi Avropa ilə yaxşı münasibətlər qurması digər dövlətlər üçün də bir nümunədir. Bu baxımdan böyük dövlətlər burada yaxşı münasibətlərin olmasında maraqlıdır. Ermənistan isə hər zaman böyük dövlətləri özünün çirkin oyununa qatmaq istəyir. Amma Ermənistanın bu cəhdləri alınmır, əcaib və gülünc görünür. - Yenidən ATƏT-in Minsk qrupunun fəaliyyəti, ermənilərin "müqəddəratı" ilə bağlı fikirlər səsləndirilir. Bunu necə şərh etmək olar? - Ermənistan neçə dəfə öz müqəddəratını təyin etmək fikrindədir? Bir dəfə 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında bu xalq öz müqəddəratını təyin edib. Harada bir 10 nəfər erməni yaşayırsa, onun müqəddəratını təyin etmək istəyi absurd məsələdir. Rusiyada, Fransada, ABŞ-da milyonlarla erməni yaşayır. Ermənilər “müqəddərat” məsələsinə elə ilk oralardan başlasınlar, görək başlaya bilirlərmi? Cənab Prezident də vurğuladı ki, xaricdə ermənilər hansısa bir “müqəddərat” təyin edib dövlət yaradacaqlarsa, ilk növbədə Azərbaycan onu tanıyacaq. Azərbaycan torpağında bütün xalqlar bərabər hüquqlara malikdir. Biz heç bir zaman öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ermənistan bu xülyalardan, fantaziyalardan əl çəkməlidir. ATƏT-in Minsk qrupu isə 30 il ərzində heç bir iş görmədi. Fəaliyyətsiz, dişsiz bir qurum kimi özünü tanıtdı. Bir ildir ki, bu qurumun Ermənistanla Azərbaycan arasında normal münasibətlərin qurulması baxımından yeni bir təşəbbüsü yoxdur. Ermənistan sadəcə olaraq Vətən müharibəsinə qədər olan situasiyanı reanimasiya etmək istəyir. Ancaq hələ də başa düşmürlər ki, Azərbaycan öz suveren hüquqlarını bərpa edib və geriyə dönüş yoxdur.