“Ermənilər müharibədən İT dəyənəkdən qorxan KİMİ QORXURLAR” - Üç deputat

Ermənistanın son zaman həm cəbhə xəttində təxribatları, həm də informasiya müharibəsində aktivləşməsi medianın gündəminə çevirilib.

 Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatları rəsmi İrəvanın bütün sahələrdə Azərbaycana qarşı təxribatlara davam etdiyini vurğulayıblar. 

 Deputat Asim Mollazadə hesab edir ki, Ermənistanın son zamanlar aktivləşəsində yeni bir şey yoxdur:

 “Onlar hər zaman etdiklərini ediblər. Ermənistan Azərbaycanla müharibəni tək işğal etdiyi ərazilərimizin ətrafında, sərhədlərində aparmır. Bu dövlət həm də bizimlə böyük bir informasiya müharibəsindədir. Baxmayaraq ki, Ermənistanın daxilində hakimiyyət uğrunda çox ciddi mübarizə gedir, Azərbaycanla mübarizədə onlar vahid qüvvə kimi çıxış edirlər. Mənə elə gəlir ki, Ermənistan öz təxribatlarını davam etdirəcək, buna son qoymayacaq. Daxildə ciddi problemləri olsa belə Ermənistan bu yoldan əl çəkməyəcək”.

 Deputat Elman Məmmədov isə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən, eyni zamanda beynəlxalq təşkilatlardan dəyişməz bir tələbi olduğunu xatırladıb:

 “Onlar xarici təşkilatlar qarşısında tələb qoyurlar ki, biz sizə arxayınıq, Azərbaycanı müharibəyə başlamağa imkan verməzsiniz.  Bu məntiqlə eyni zamanda Azərbaycanın məlum gücü, qüdrəti qarşısında Ermənistan acizdir və müharibədən qorxur. Düşmən dövlətimizin gücü qarşısında özünün gücsüzlüyünü bilir. Cəbhə bölgəsində təxribatlar aparmaq, atəşkəsi pozmaq, bəzən sərsəm-sərsəm bəyanatlarla çıxış etmək Ermənistanda mövcud siyasi hakimiyyətin vəziyyətdən çıxış yolu tapmaq üçün çabalamasıdır. Ermənistanda siyasi hakimiyyətin başında duran şəxs küçədən gəlib, qeyri-qanuni şəkildə hakimiyyəti zəbt etdi. O küçə nümayişlərində çoxsaylı vədlər vermişdi. Bunun heç birini yerinə yetirə bilmədi. Əksinə, Ermənistanı daha gərgin vəziyyətə saldı. Bütün sahələrdə geriləmə getdiyinə görə erməni cəmiyyətinin diqqətini problemlərdən yayındırmaq üçün müxtəlif variantlara əl atırlar. Həmçinin cəbhədə təxribatlar törətmək, fikri yayındırmaq məqsədi güdürlər. Həqiqətdə isə ermənilər müharibədən it dəyənəkdən qorxan kimi qorxurlar”.

 Elman Məmmədov düşünür ki, Azərbaycan Ermənistan dövləti ilə müharibə etməyəcək, sadəcə qısa müddətdə öz torpaqlarını işğaldan azad etmək üçün mövcud hərbi gücümüzdən istifadə edib, antiterror əməliyyatları keçirəcək:

 “Ərazi bütövlüyümüzü təmin etmək haqqımızdan ermənilər qorxurlar, ona görə haray həşir salırlar.

Həmçinin Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini cəlb etmək istəyir. Azərbaycanın onlara təhlükə yaratdığını iddia edərək, üstə çıxmağa çalışırlar. Mən hesab edirəm ki, onlar etdikləri təxribatın cavabını alacaqlar. Biz torpaqlarımızı işğaldan azad etmək üçün fəaliyyətə başlamalıyıq”.

 Deputat Anar İsgəndərli isə tarixi müqayisə edərək bildirib ki, indi dünya dəyişilib, 1990-cı illərin əvvəlindəki vəziyyət deyil:

 “Bu gün erməni təbliğatının heç bir təsir gücü yoxdur. Hətta Ermənistanı müdafiə edən qüvvələr özləri də bilirlər ki, Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Ölkə başçısı prezident İlham Əliyev bir qədər də irəli gedərək, bütün dünyanı inandıra bildi ki, bu gün qurulmuş erməni dövlətinin özü də Azərbaycan torpaqlarında yaradılıb. Düşmən dərk edir ki, xaricdən kömək əvvəlki kimi gəlmir, lobbi əvvəlki kimi fəaliyyət göstərmir və Ermənistan çabalayır. Mən demirəm, Ermənistan sabah çökəcək. Sadəcə Ermənistan gec-tez Azərbaycanın torpaqlarını qaytarmalı olduğunu bilir. Sadəcə indi hansı sabotajdan, hansı hay-küydən istifadə edərək, addım atacağını dəqiqləşdirməyib.

Bu illər ərzində Azərbaycan dövləti, Azəraycan hakimiyyəti, Azərbaycan xalqı dünyanı inandıra bilib ki, hüquqa, torpağa haqqı olan da işğala məruz qalan da Azərbaycan tərəfidir. Ermənilər havadarlarından bircə gün kömək almasa, 2016-cı il aprel döyüşlərində olduğu kimi Azərbaycan qısa müddət ərzində öz tarixi torpaqlarında, İrəvanda otura bilər. Ermənistan bununla bağlı nə fikirləşir, fikirləşsin, gec-tez Azərbaycan işğal altındakı torpaqlarını qaytaracaq”.

 Anar İsgəndərli onu da deyib ki, Azərbaycan koronavirusla bağlı BMT-yə üzv olan ölkələrə müraciət edirsə, 130-dən çox ölkə bir saat ərzində bu təklifə müsbət cavab verirsə, bu Azərbaycanın nüfuzudur:

 “Bütün bunlar göstərir ki, ölkəmiz 1980-cı illərin sonu, 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Əminəm ki, Ermənistan nə deyir, desin, sonda torpaqlarımızı qaytaracağıq. Azərbaycan bu gün dünya dövlətlərinin çaldığı ilə oynamır. Biz müstəqil dövlət kimi öz təkliflərimizi, qərarlarımızı irəli sürə bilirik, haqqımızı müdafiə edirik. Azərbaycan tarixi torpaqlarını qaytarmaq üçün istər hərbi, istərsə də hüquqi baxımdan əlindən gələni edəcək. Ermənistan tarix boyu çabalayıb, göz yaşı töküb, güclü dövlətlərdən kömək dilənib. Lakin bu köməklər ermənilərə heç bir zaman başqasının  torpağında dövlət qurmaq haqqı vermir. Bu gün də qədəri ilə müəyyənləşdirilən köməyi artıq Ermənistan alıb. Heç bir dövlət Azərbaycanın gücünü, haqqını görəndən sonra Ermənistana böyük səviyyədə kömək edə bilməz”.






Fikirlər