RUSİYA “SÜLHMƏRAMLI KOMANDANINI” YENƏ DƏYİŞDİ – General Anaşkin hansı “qəhrəmanlıqlar”ı göstərib?

Rusiya bir ay ərzində artıq ikinci dəfədir ki, Qarabağdakı hərbi kontingentinin rəhbərini dəyişir. Bu dəfə general-leytenant Gennadi Anaşkin general-mayor Mixail Kosobokovu əvəzləyib.

Kosobokov bu vəzifəyə təyin olunanda mətbuatda və sosial şəbəkələrdə onun Ukraynada və Abxaziyada Rusiyanın işğalçı qoşunlarının tərkibində qulluq etdiyi, hətta Ukraynanın onu terrorçuluqda günahlandırdığı qeyd olunurdu. Bu səbəbdən də Moskvanın həmin təyinatı cəmiyyətimizdə etirazla qarşılanmışdı.

Bu baxımdan onun qısa müddətdən sonra qəfil geri çağırılmasının səbəbi maraq doğurur. Ancaq bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. 

Qeyri-rəsmi məlumatlarda isə Mixail Kosobokovun geri çağırılması rəsmi Bakının onun fəaliyyətindən narazı qalması ilə izah olunur. Bu barədə musavat.com-un verdiyi  məlumatd bildirilir ki, Kosobokov fəaliyyətdə olduğu qısa müddətdə bir neçə dəfə ciddi yanlışlıqlara yol verib.

Belə ki, sentyabrın 17-də Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “təəssüf və təəccüb” ifadələri ilə təkzib edib.

"Haqqında bəhs olunan hadisə Azərbaycanın Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil",- deyə Azərbaycan MN təmsilçisi bildirmişdi. 

Bu yalan məlumat əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin reputasiyasına kölgə salan hadisə kimi də qəbul edilə bilər. Necə ola bilərdi ki, hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumat sonradan məhz Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında tamamilə əks formada təqdim edilsin? 

Bundan əlavə məlumata görə, general Kosobokov Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.

"Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağa dislokasiya olunmuş sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi ilə bağlı bir neçə dəfə Azərbaycanı narazı salan məqamlar olub. Sonradan bu yanlışlar aradan qaldırılıb. Amma Kosobokovun özbaşınalığı sıradan hadisə deyildi. Görünür, baş verənlər Bakının kifayət qədər etirazına səbəb olub ki, Rusiya Müdafiə Nazirliyi Kosobokovu geri çağırıb" - deyə, məlumatda bildirilir.. 

 

 

Bununla belə Rusiyanın Kosobokovun yerinə göndərdiyi növbəti general da bir çox “xidmətlərinə” görə əvvəlki iki generaldan – Rüstəm Muradov və Mixail Kosobokovdan irəli gedib. Belə ki, 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olan general-leytenant Gennadi Anaşkin hərbçi həyatının böyük hissəsini Rusiyanın işğal və diversiya əməliyyatlarında iştirak etməklə keçirib. 2007-ci ildən məşhur Pskov diviziyasına rəhbərlik edən Anaşkin hətta 2008-ci ildə Cənubi Osetiya bölgəsinin işğalı və Gürcüstanın digər ərazilərinə hərbi müdaxilə zamanı törətdiyi əməllərə görə “Rusiya qəhrəmanı” adına layiq görülüb. Belə ki, onun rəhbərlik etdiyi hərbi birləşmə Qori şəhərinə hücum təşkil edərək, Vaziani hərbi bazasını ələ keçirib. Ona “qəhrəman” adı da elə buna görə verilib.

 

 

Ukrayna mətbuatı yazır ki, 2014-cü ildə Anaşkinin rəhbərlik etdiyi 31-ci briqada Krım yarımadasının işğalında xüsusi əməliyyat keçirməklə iştirak edib. Daha sonra onun hərbi qruplaşması Ukraynanın şərqindəki ərazilərin işğalı əməliyyatlarına qoşulub. 2017-ci ilin iyulunda onu Rusiyanın işğal etdiyi Donetsk və Luqanskdakı ordu korpuslarının birləşdiyi Cənub Hərbi Dairəsinin 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin ediblər. Ukrayna mətbuatı onun faktiki olaraq, LNR və DNR kimi tanınan qondarma respublikalardakı rus hərbi birləşmələrinə rəhbərlik etdiyini yazır. Onun bu “missiyası” zamanı uydurma soyad olaraq Volqin soyadından istifadə etdiyi qeyd olunur. Həmçinin, Ukrayna hərbi kəşfiyyatı diversiya əməliyyatlarında Anaşkinin rabitə əlaqəsinə “Stalinqrad” kod adıyla çıxdığını bildirir. Göründüyü kimi, Moskva bütün bu “xidmətlərindən” sonra Anaşkini Qarabağa göndərməyə qərar verib. Bu generalın da əvvəlkilər kimi separatçılarla “işləmək” təcrübəsinin böyük olduğunu nəzərə alsaq, Qarabağdakı rus hərbi kontingentinin fəaliyyətində hansısa müsbət yeniliklərin olacağını düşünməyə dəymir.

Ancaq əvvəllər də qeyd etdiyimiz kimi, suveren ərazilərimizdə müvəqqəti(!) yerləşən rus hərbi birləşməsinə konkret olaraq kimin rəhbərlik etməsi o qədər də əhəmiyyətli deyil. Muradov getdi, Kosobokov getdi, Anaşkin də getməyə məhkumdur, necə ki, onları buraya göndərənlər də biraz gec, ya biraz tez öz dəstəsini buradan bir dəfəlik çəkib aparmağa məhkumdurlar. /“AzPolitika.info”

 

 






Fikirlər