Ermənistan siyasi təlatümün və böhranın girdabında - bizə sərf edirmi?

Ekspertlərin fikrincə, Paşinyanın imzası olduğu müqavilələrin həyata keçməsi baxımından Azərbaycan üçün ən məqbul variant Ermənistanda stabilliyin olmasıdır

Ermənistan qan çanağına dönüb. Parlamentdə müxalifətdən olan deputatla vitse-spiker arasında söz atışması gərginlik yaradıb. “Yeni Müsavat”ın xəbərinə görə, müxalifətçi deputat Qiqan Manukyan çıxışı zamanı “satqınlar” ifadəsi işlədib. Bu sözə görə vitse-spiker Ruben Rubenyan müxalifətçi deputata irad bildirib. Bundan sonra mübahisə daha qızışıb. 

Ermənistanda gərginliyin tək bir səbəbi var: məğlubiyyət. Ermənistan məğlub olduğu üçün daxili didişmələr artır, ictimai-siyasi təzyiq yüksəlir, qarşılıqlı ittihamlar havada uçuşur. Bu proses Ermənistanı daha dərin böhrana sürükləyir. Əslində, 44 günlük müharibənin nəticəsindən asılı olaraq, düşmən ölkənin bu kataklizmlərin, siyasi böhranın girdabına düşəcəyi gözlənilən idi. Son hadisələr erməniləri daha da özündən çıxarıb, bir-birini günahkar bilirlər.

Erməni politoloq Qagik Keryan deyib ki, illər boyu davam edən Şimal-Cənub yolunun tikintisinin biabırçı nəticələrini və onunla bağlı korrupsiya qalmaqallarını xatırladığım zaman məni çox ağır hisslər bürüyür: “Görəsən, azərbaycanlıların aeroportu bu qədər tez müddətdə tikməsi üçün nə qədər ”beyin forumları" lazım olub". Erməni ictimaiyyətinin nümayəndələri isə politoloqun sözlərini reaksiyasız qoymayıblar: “Bu otuz il ərzində vətənpərvər və əsl kişi kimi yaşayan Əliyevə eşq olsun! Bu adam söz verirsə, onu mütləq edir, yalançı vətənpərvərliyini küçələrə tökmür”, - şərhçilərdən biri yazıb və Keryan onunla razılaşıb. Bax, budur, onların düşdüyü vəziyyətin mənzərəsi...

 

Rusiyalı ekspert Qriqori Trofimçuk isə deyib ki, ermənilər əslində heç müharibəyə getmək istəmir, amma onlara sülhü bəxş edəcək müqavilədən də çəkinirlər. Robert Köçəryanın fraksiyası və “Daşnaksutyün”un İrəvanda keçirəcəyi etiraz aksiyasına toxunan Trofimçuk bildirib ki, Ermənistanın sabiq prezidenti ilk olaraq Moskvanın təşəbbüslərini dəstəkləməlidir, əks təqdirdə, onu ikili oyunda günahlandıracaqlar. Bəs onların toparlanması mümkün olacaqmı? Ermənistanın qarışması indiki mərhələdə bizə sərf edirmi? Azərbaycan Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin dəqiqləşdirilməsini istədiyi bir zamanda Ermənistanda siyasi böhran lazımdırmı?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfinin siyasi masada uğurlu addımları artdıqca Ermənistanda siyasi təlatümlər və xaotik proseslər dərinləşir. Onun sözlərinə görə, İrəvanda siyasi krizis revanşist qüvvələrin cəhdləri nəticəsində baş verir: “Ümumiyyətlə, nəinki Ermənistanda, regionda qeyri-sabitliyin olması Azərbaycanın marağında deyil. Biz münaqişənin keçmişdə qaldığını hesab edirik, Qarabağda quruculuq işləri gedir və eyni zamanda bölgədə nəqliyyat-kommunikasiyaların açılmasını istəyirik. Bu da Ermənistandakı qüvvələri narahat edir, qıcıqlandırır və Paşinyan hakimiyyətini ittiham edirlər. Amma anlamalıdırlar ki, sülh və sabitlik indi onlara daha çox lazımdır”.

Ekspertin fikrincə, revanşist qüvvələrin parlamentdə və digər tribunalarda əsassız bəyanatları davam etdikcə Ermənistanda siyasi böhran dərinləşəcək: “Həmin qüvvələrin gələcəyi yoxdur və onlar şam kimi əriyib gedəcəklər. Erməni cəmiyyəti o radikal və başıpozuq qüvvələrdən imtina etməlidir. Necə ki, seçkidə kapitulyasiyaya imza atmış Paşinyanı dəstəklədilər, ona sülh istiqamətində iş aparması üçün şans verdilər”.

Türkiyənin bölgədə aparıcı faktora çevrilməsi rəsmi Tehranı narahat edir" - ZÜRİYƏ QARAYEVA

Züriyə Qarayeva

Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, təbii ki, hər bir məğlub olan dövlətdə belə çəkişmələrin olması normaldır: “Xüsusən Ermənistan kimi geosiyasi mövqeyini hələ də müəyyənləşdirə bilməmiş, həm Qərbin, həm də Rusiyanın masasında əyləşən dövlətdə belə qarşıdurmalar hər zaman olacaq. Qarabağ məsələsi ilə də bağlı Ermənistanda Rusiyanın və Qərbin radikallaşdırdığı qüvvələr var. Azərbaycanın yaratdığı reallıqlar fonunda Paşinyanın məcburən öz dövlətini regional inteqrasiyanın tərkib hissəsinə çevirməsini radikal qruplar, özgə dəyirmanına su tökənlər qəbul etmək istəmir”.

Z.Qarayeva deyir ki, üstəlik, “Qarabağ klanı”nın dövlətə və cəmiyyətə vurduğu zərbələrin üzərinə müharibədəki itkilər də gəldikdən sonra ölkə faktiki uçuruma yuvarlanıb: “İndi əks siyasi qütblər bir-birlərini bu vəziyyətdən dolayı günahlandırmağa can atırlar. Həm də torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ ermənilərinin bir qisminin Ermənistana qayıtması bu konfrontasiyanı daha da gücləndirdi. Bu cür didişmələrin indiki halda Azərbaycana sərf etməsi mümkün deyil. Çünki Azərbaycan üçün ən məqbul variant Ermənistanda stabilliyin olmasıdır. Paşinyanın imzasının olduğu müqavilələrin həyata keçməsi baxımından radikal qüvvələrin hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğun deyil. Əslində kimin hakimiyyətdə olmasından asılı olmayaraq, biz qalib tərəfik və şərtlərimizi istənilən halda qarşı tərəfə diktə edəcəyik. Lakin prosesin uzanması bizə də, Ermənistana da yaxşı heç nə vəd etmir”.  /“Yeni Müsavat”

 
 






Fikirlər