Niaqara şəlaləsi bayrağımıza büründü! Kanadada Zəfər bayramımız qeyd edildi FOTOLAR
Noyabrın 7-də Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə Toronto şəhərində bayram tədbirləri təşkil edilib. Musavat.com xəbər verir ki, tədbirdə ötən ilin sentyabrın 27-də başlamış və noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsində igid Azərbaycan ordusunun qəhrəmanlığından danışılmış və müharibədə canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib. Toplantıda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri, Kanadadakı Azərbaycan səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab V.Abutalıbov, Türkyənin Torontodakı Baş Konsulu xanım Sinem Mingen, Türkiyənin Torontodakı icmasının rəhbərləri iştirak etmişlər. Qonaqlar Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Tədbir Azərbaycan xalq və bəstəkar musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb. Noyabrın 8-də, Zəfər günü münasibətilə Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Şimali Amerikanın ən böyük şəlaləsi olan Niaqara Şəlaləsi üzərində Azərbaycan bayrağının rənglərinin proyeksiyası təşkil edilib. Kanada Azərbaycan icmasının nümayəndələri Niaqara şəhərində açıq havada bayram şənliyi keçirərək Zəfər gününü qeyd ediblər.