Sərdar Cəlaloğlu ona “avtobus müxalifəti“ deyənlərə hiddətləndi: - “Bunun adı mənəviyyatsızlıqdır!“

Sərdar Cəlaloğlu ona “avtobus müxalifəti“ deyənlərə hiddətləndi: - “Bunun adı mənəviyyatsızlıqdır!“

Hakimiyyəti təmsil edən iqtidar nümayəndələri ilə birlikldə ğaldan azad edilmiş bölgələrdə səfərdə olan müxalifət liderləri tez-tez həmkarlarının qınağına tuş gəlirlər. Onları “avtobus müxalifəti” adlandıran radikallar, bu partiyaların və sədrlərinin iqtidara səmimi opponetlik etmədiyini düşünürlər. 

 

Bəs özlərini konstruktiv müxalifət adlandıran qüvvələr “cib müxalifəti", "avtobus müxalifəti” kimi yarlıqlardan narahat olurlarmı?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb. O, yalnız hakimiyyətə müxalif olmadıqlarını bildirib:

“Biz yalnız hakimiyyətə müxalif deyilik, həm də bir-birimizlə rəqabətdəyik. Azərbaycanda çox sayda müxalif partiyalar var və hər biri rəqibdir. Lakin bu rəqabət qurşaqdan aşağı, qeyri-etik, siyasi mədəniyyətə uyğun aparıldıqda öz məqsədinə çata bilmir. Biz siyasi mədəniyyəti yüksəltməli, siyasi münasibətləri lazım olan səviyyədə qurmalıyıq. Bu gün Azərbaycanda mənfi tendensiyaların böyük əksəriyyətinin əsasında siyasi mədəniyyət problemi durur. Bu səbəbdən mən həmin sözləri deyənləri siyasi mədəniyyəti olmayan adam hesab edirəm”.

Cəlaloğlu müxalifətə qarşı bu cür tənqidi fikirlərin onu narahat etmədiyini bildirib:

“İşğaldan azad edilmiş ərazilərə heç kimi sərbəst şəkildə buraxmırlar ki, mən öz maşınıma oturum tək gedim ora. Azad edilmiş əraziləri görmək mənim arzum idi, hökumət də belə bir təklif etdi və böyük məmnuniyyətlə qəbul etdim.

“Avtobus müxalifəti", cib müxalifəti” - bunlar gülünc fikirlərdir. İnsan özündə olan eyibi görmürsə başqalarında eyib axtarmamalıdır. Bizim avtobusla Şuşaya getməyimizdə nə qəbahət ola bilər?

Azad edilmiş bölgələrə müxalifətin də səfəri Azərbaycanın qələbəsinin iqtidar və müxalifətin birgə əldə etməsinin sübutudur.

Bu cür ciddi, siyasi cəhətdən əhəmiyyətli olan məsələləri gətirib  müxalifətdaxili rəqabətin mövzusuna çevirmək mənəviyyatsızlıqdır, naşılıqdır.

Lakin məni qətiyyən narahat etmir. Əsas odur ki, xalqımızın xeyrinə addımlar atılsın. Mənim məqsədim dövlətimə, xalqıma xidmət etməkdir”.






Fikirlər