Həbs olunan deputatın rəqibi danışdı: “Bundan əvvəlki də tutulmuşdu“
55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimov barəsində məhkəmə hökmü elan olundu. Mandatı ləğv edilən sabiq deputat 3,6 il müddətinə azadlıqdan məhrum edildi. 2020-ci ildə keçirilən parlament seçkilərində həmin dairədən deputatlığa namizəd olan Əməkdar jurnalist Azər Həsrət isə məsələyə özünəməxsus münasibət bildirib: “Eldəniz Səlimov artıq 3-cü deputatdır ki, mənimlə eyni dairədə “yarışıb” və “qalib gəlib”, sonra da deputatlığını tam başa çatdıra bilməyib. Ona qədər də bir deputat rəqibim həbs edilmişdi. Daha biri isə deputatlığı başa vurmadan başqa vəzifəyə göndərilmişdi”. Yenisabah.az-a danışan Azər Həsrət “həmin dairədə təkrar seçkilərin keçiriləcəyi təqdirdə, yenidən namizədliyini irəli sürəcəkmi” sualına belə cavab verib: “Hələki bir qərar verilmədiyinə görə, konkret söz demək çətindir. Yəni siyasət, xüsusən də parlament seçkiləri elə bil mərhələdir ki, bu, duruma uyğun qərar tələb edir. Əgər dövlətimiz təkrar seçki keçirmək üçün qərar verəcəksə, biz də yəqin ki, onunla bağlı müəyyən fikirlərimizi, qərarımızı açıqlayacağıq. İndidən bir şey demək çətindir və əlbəttə ki, zamanı da qabaqlamaq istəmirəm. Bəlkə, ümumiyyətlə, seçki keçirilməyəcək. Onu da deyə bilmərik. Hərçənd konstitusiyanın tələbidir ki, boş qalmış yerlərə mütləq seçki keçirilməlidir, yəni o yerlər daimi boş qala bilməz”. “İkinci bir tərəfdən də söhbət haqqıma girənlərin deputat vəzifəsini sonadək yerinə yetirə bilməməsindən gedir. Allah, Eldəniz Səlimovun qapısını açsın, çünki mən onun arxasınca danışmaq istəmirəm, amma o, ümumiyyətlə siyasət adam deyildi, təsadüfi bir insan idi. Onu zorla gətirib bir dəfə deputat etmişdilər və növbəti dəfə də deputat etdilər. Biz o vaxt da deyirdik ki, bu cür təsadüfi adamlar gəlib bizim kimi ömrünü siyasətə, ictimai fəaliyyətə, beynəlxalq əlaqələrə, qlobal məsələlərə həsr etmiş adamların qarşısına çıxarılmamalıdır. Amma təəssüflər olsun ki, müəyyən adamlar çox güman ki, şəxsi maraqlarına və mənafelərinə üstünlük verərək Azərbaycan dövlətinin parlamentinə buc ür bir adamı “yeridə” bildilər. Təəssüflər olsun ki, o və onun arxasındakılar mənim haqqıma girmiş oldu və nəticə də bundan ibarətdir. Digər iki nəfərə gəlincə isə, mən onların adlarını çəkmək istəmirəm. Hər halda onların da arxasınca danışmaq istəmirəm, amma bir dəfə Bakıda 34 saylı Xətai seçki dairəsində ciddi hazırlaşırdım və proses mənim deputat olmağıma doğru gedirdi və kənardan, dairəyə heç dəxli olmayan bir nəfər şəxsi gətirdilər, YAP-dan onu qəfil göndərdilər və bu adamı deputat etdilər, sonra da onu həbsə saldılar. Özünüz araşdırsanız görəcəksiniz”, - deyə A.Həsrət əlavə edib. “Bu faktları göstərərək həmin namizədin gözünü qorxutmağa çalışacaqsınız" sualını cavablandıran jurnalist qeyd edib ki, o bunları deməklə heç kimi qorxutmaq istəmir: “Sadəcə, onları niyə xatırlatdım deyim. Ona görə xatırlatdım ki, kimsə, kimsənin haqqına girməməlidir. Bilirsiniz, siyasət, siyasətdir, bu öz yerində, amma mənim əvəzimə parlamentə Eldəniz Səlimovu göndərən təfəkkür tərəzinin bir gözünə qoysun Eldəniz Səlimovu, o biri gözünə də Azər Həsrəti. Görsünlər ki, Azər Həsrət bu dövlətə nə fayda verə bilər, Eldəniz Səlimov nə fayda verə bilər. Bizim təhsilimizi, təcrübəmizi, əlaqələrimizi, bütün bunları müqayisə etmək lazım idi. Dünyadan və siyasətin “s”-sindən xəbəri olmayan bir adamı götürüb deputat qoyurlar. Məni 2020-ci ildə Xaçmazdakı seçkidə necə uduzdurmuşdular? 7 namizəd arasında guya mən 7-ci yerdə qərar tutmuşdum, ən az səs toplamışdım. O namizədlərin arasında elə adamlar var idi ki, ümumiyyətlə, Xaçmazda onları tanımırdılar. Bu adamların siyasətlə yaxından-uzaqdan əlaqəsi yox idi. Amma YAP-ın Xaçmazdakı təşkilat sədri Şəmsəddin Xanbabayev, Eldəniz Səlimovu yüksək göstərmək və Azər Həsrətin çox zəif olduğunu bildirmək üçün gətirib elə bir qurğu qurmuşdu ki, indi də çanaq başlarında çatladı. Deməyim odur ki, mən bu sözləri kimisə qorxutmaq üçün demirəm, sadəcə deyirəm ki, bir insanın haqqına girilə bilər, amma bu sonadək mümkün deyil. Ona görə, mən onu xatırlatmışdım ki, 3 ayrı seçki dövründə mənim dairəmə namizədlər gətirilib, onların qələbəsi təmin edilib, amma onların üçü də deputat müddətini tam başa vura bilməyib. Onlardan ikisi həbsə gedib, biri isə başqa vəzifəyə keçirilib və dairə də demək olar ki, axıra kimi boş qalıb”. “Opponentlərinizin həbs edilməsinin səbəbi nədir? Siz seyid nəslindənsiniz, yoxsa Allah-Təala haqsızlığı götürmür” sualına isə müsahibimiz özünəməxsus tərzdə cavab verib: “Mən elə şeylərə inanan adam da deyiləm (gülür). Görünür, İlahi ədalət deyilən bir şey var, Allah-Təala haqsızlığı götürmür. Niyə götürmür? Çünki mən həlləm-qəlləm, haramzadə, oğru, quldur, belə adam deyiləm də. Həqiqətən də necə varamsa, o cürəm, vicdanım təmizdir. Görürsünüz də, bəzən sosial mediada məni çox söyürlər, haqqımda yalanlar uydururlar, mən isə hamısına gülüb keçirəm, vecimə də almıram. Çünki özüm özümü yaxşı tanıyıram. İstər seçki, istərsə də başqa proseslər olsun, mən haqqım olmayana heç vaxt iddia etməmişəm, haqqım olanı isə almaq istəmişəm, sadəcə olaraq həmişə qabağıma belə adamlar çıxıb və yaxud da çıxarılıb və onlar haqqımı əlimdən alıblar, nəticəsi də bu olub. Bunun seyidliklə əlaqəsi yoxdur, məncə. Mən, ümumiyyətlə, elə şeylərdən uzaq adamam, sadəcə görünür ki, İlahi ədalət varmış”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.