“Tahir Kərimli Eldəniz Səlimovu ona görə müdafiə edir ki...” – Hüquqşünas
Ötən gün Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı Milli Məlisin iclası baş tutub. Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunması haqda məsələ müzakirə olunarkən, Tahir Kərimlinin çıxışı etirazla qarşılanıb. Tahir Kərimli “polisin yiyəsi var, deputatın yiyəsi yoxdur”, – deyə bir fikir səsləndirib. Bu fikirlər heç kim tərəfindən birmənalı qarşılanmayıb. Yenisabah.az-a açıqlamasınada Milli Məclisin sabiq deputatı, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deputatların fikirlərini ifadə etməkdə sərbəst olduqlarını vurğulayıb: “Hansısa deputatın fikirlərini şərh etmək istəməzdim, çünki deputatlar bu və ya digər fikirləri söyləməkdə sərbəstdirlər. Eldəniz Səlimovla Tahir Kərimli deputat yoldaşı idilər və ortada subyektiv fikirləri ola bilər. Məlum olduğu kimi, Tahir Kərimli məsələnin barışıqla həll edilməsini təkli edib. Lakin bu məsələdə barışıq ola bilməz, çünki baş vermiş hadisə ictimai təhlükəli bir əməldir. Deputat sadəcə olaraq fiziki şəxs deyil, o, eyni zamanda, dövləti, hakimiyyətin qanunverici qolunu təmsil edir. Əgər deputatın hansısa qeyri-qanuni hərəkəti dövlətin və cəmiyyətin maraqlarına təhlükə yaradırsa, ağır ziyan vurursa, o, funksional vəzifələrindən kənara çıxır. Baş verən hadisə zamanı dövlətin ictimai maraqları zədələnib. Məncə, Baş Prokurorluq tərəfindən doğru qiymətləndirmə aparılıb. Eldəniz Səlimova qarşı irəli sürülən maddələr tamamilə düzgündür. Baş Prokurorluq istintaq aparacaq və məsələnin bütün təfərrüatı ortaya qoyulacaq”. Ə.Nuriyev Eldəniz Səlimovun hərəkətlərində cinayət tərkibi olduğunu vurğulayıb: “Bu hadisədə zor tətbiq edilib və ortada ağır nəticə var. Odur ki, cinayət tərkiblidir. Gələcəkdə məhkəmə qərar qəbul edəcək və məsələ tam aydınlaşacaq. Burada zorakılığın kimin tərəfindən, kimə qarşı edilməsi önəmli deyil. Hər kəs layiq olduğu cəzanı çəkməlidir”.