RUSİYA KRIMA YENİ BRİQADA YERLƏŞDİRDİ... – Britaniya ordusu isə fövqəladə vəziyyət yarandığı halda...

Əgər Rusiya Ukraynaya təcavüz edərsə, Qərb ona birbaşa hərbi yardım göstərəcəkmi? Hazırda bu, beynəlxalq analitikləri düşündürən əsas suallardan biridir. 2014-cü ildən indiyədək bir çox NATO ölkəsi Ukrayna əsgərlərinə hərtərəfli döyüş təlimləri keçib. Lakin bu, həmin ölkələrin Ukrayna uğrunda Rusiyaya qarşı vuruşacağı anlamına gəlirmi?

Ukrayna ərazisində yerləşən NATO hərbi birləşmələrinin ehtimal edilən müharibəyə cəlb olunması inandırıcı görünmür. Çünki bu halda vəziyyət tamamilə başqa məcraya yönələr. Elə ona görə də Ukraynadakı Britaniya hərbçilərinin təxliyyəyə hazırlaşmaları barədə yayılan məlumatlar Rusiya müdaxiləsinin reallaşacağı siqnalı kimi dəyərləndirilir.

Böyük Britaniyanın “Daily Express” qəzeti “Rusiyanın müdaxiləsi təqdirində, Britaniya öz ordusunu Ukraynadan təxliyyə etməyə hazırdır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. “Az.Politika.info” həmin məqaləni qısa ixtisarla təqdim edir:

”Hal-hazırda polşalı, amerikalı və kanadalı hərbçilərlə yanaşı yüz nəfərdən çox britaniyalı Ukrayna ordusuna məsləhət verir, təlimlər keçirlər. Lakin Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles britaniyalıların Ukrayna torpağında Rusiya ordusu ilə döyüşəcəyini “az ehtimal olunan perspektiv” adlnandırıb. İndi britaniyalılar Ukraynadakı missiyalarının sona çatdırılması strategiyasını hazırlayırlar.

Amerikanın “Maxar Technologies” şirkətinin peykdən çəkdiyi şəkillər göstərir ki, rusların Krımdakı hərbi bazasında yüzlərlə tank və zirehli texnikadan ibarət yeni briqada peyda olub. Moskva həmçinin, qanunvericilikdə dəyişiklik aparıb. Belə ki, indi həlak olan əsgərin hərbi fəaliyyət teatrında dəfn edilməsinə qanunla razılıq verilib və repatriasiya tələb olunmur. Bütün bunlar Rusiyanın hərbi müdaxilə planı hazırlaması barədə siqnaldır. Lakin Moskva bunu inkar edir. ABŞ ilə danışıqlar ərəfəsində Rusiya 10.000 hərbçisini Ukrayna sərhədindən geri çəkib. Amma bu, sərhədə yığılmış rus ordusunun yalnız kiçik bir hissəsidir.

 

 

 

Əgər Moskva Ukraynaya ordu yeridərsə, Britaniya komandanlığı bütün hərbçilərinin təhlükəsiz şəkildə təxliyyəsinın təmin olunması əməliyyatını gözdən keçirəcək. Britaniyalıların əsas hərbi hissələri Lvov vilayətindəki Yavorova şəhəri yaxınlığında yerləşdirilib və gözlənilməz fövqəladə vəziyyət yarandığı halda, onlar təcili Polşaya təxliyyə olunacaq.

Bosch Home

 

Təxliyyə qərarını Britaniyanın müştərək əməliyyatlar bölməsinin rəisi, general-leytenant Çarli Stiklend verə bilər. Britaniyanın Nortvud şəhərində yerləşən birləşmiş ştabın əməkdaşları bütün Milad bayramı ərzində Ukraynadakı atmosferi izləyəcəklər, vəziyyət barədə məlumat gündə iki dəfə Striklendə məruzə ediləcək. 2015-ci ildən britaniyalı mütəxəssislər 21000-dən artıq ukraynalı hərbçiyə döyüş hazırlığı ilə yanaşı, tibb, planlaşdırma, material-texniki təchizat sahələri üzrə də təlimlər keçiblər.

 

 

2019-cu ildə Britaniyanın təlim əməliyyatı 2023-cü ilədək uzadıldı və bir qədər də genişləndirildi. Əlavə olaraq, təlim proqramına Britaniya Kral donanması və Kral dəniz piyadaları da qoşuldu. Onlar Ukrayna donanmasını Azov dənizində təhlükələrə qarşı hazırlayırlar.

Hazırda Bayden administrasiyası bir sıra sanksiyaları gözdən keçirir, onların içərisində Rusiyanın dövlət banklarının “SWIFT” pul köçürmə sistemindən istifadəsinə qadağa qoyulması da var. Lakin bu məsələdə Avropa Birliyinin dəstəyi məhduddur.

Bir neçə gün əvvəl prezident Putin xəbərdalıqla söyləyib ki, əgər Qərb özünün təcavüzkar xəttindən əl çəkməzsə, bu qarşıdurmada Rusiyanın geriyə çəkiləcəyi yer yoxdur və o, sərt cavab vermək məcburiyyətindədir. Putin istəyir ki, NATO 1997-ci ilin sərhədlərinə geri qayıtsın”.

Vaqif Nəsibov

“AzPolitika.info”






Fikirlər