Rusiyanın birinci prezidenti Boris Yeltsinin sabiq köməkçisi, politoloq Georgi Satarov mərhum dövlət başçısının nə üçün varisi kimi Boris Nemtsovu yox, indiki ölkə lideri Vladimir Putini seçməsi haqda danışıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Exo Moskvı”nın efirində bildirib.
Onun sözlərinə görə, bu seçimin üç səbəbi olub:
“Birincisi, Yeltsin 1998-ci ildəki defoltdan sonra öz varisinə münasibətini dəyişdi. Onun üçün defolt fantastik şok idi. O, varisinin gənc islahatçı olmasından imtina etdi. Həmin şəxs hərbçi olmalıydı”.
Satarov qeyd edib ki, ikinci səbəb Çeçenistan-Rusiya müharibəsi olub: “Yeltsinin bu məsələyə baxışı Putinin siyasətinə yaxın idi”.
Politoloqun fikrincə, qərarı şərtləndirən üçüncü hal cəmiyyətin inqilablardan yorulmasıyla bağlıydı.
Satarov deyib ki, Putin lazımi anda prezidentin yanında olub: “O, yeni varis tipinə uyğun gəlirdi, üstəgəl, çox ciddi populyarlıq qazanırdı”.
Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Onun qətli Rusiyanın Ukraynadakı işğalçı əməliyyatlarına və Rusiyadakı maliyyə böhranına qarşı Nemtsovun təşkil etdiyi etiraz aksiyalarından cəmi 2 gün sonra baş verib. Mərhum siyasətçi Vladimir Putinin ən ciddi rəqiblərindən biri hesab olunurdu.