XOCALI qətliamına beynəlxalq hüquqi-siyasi qiymət verilməlidir...
Otuz il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı xalqımızın, dünya ictimaiyyətinin yaddaşında sağalmaz iz buraxıb. Hər il soydaşlarımız, o cümlədən dünya azərbaycanlıları bu dəhşətli faciəni – insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayəti dərin hüznlə yad edirlər. Bununla əlaqədar paytaxtda və respublikamızın bütün bölgələrində anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, ruhlarına dualar oxunur. Prezident İlham Əliyevin imzaladığı 28 yanvar 2022- ci il tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncamda da bu məsələlər öz əksini tapıb. Sərəncamda qeyd edildiyi kimi, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Hazırda dünyanın bir sıra ölkələrində bu qətliamın ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Qürurverici haldır ki, artıq ABŞ kimi qüdrətli dövlətdə də Xocalı faciəsinin ildönümü qeyd edilir. ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 Fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıblar. Həmin şəhərlərin merləri Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir. Bundan əlavə, ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhər meri Coy Kuper də Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb. Bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti çərçivəsində erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar. Sənəddə, həmçinin Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ ev tərəfindən dəstəklənməsi xüsusi qeyd olunur. XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalarda, ümumbəşəri qanunlarda Xocalı soyqırımı kimi faciələr dəfələrlə pislənilmiş, bunun qəbuledilməzliyi olduğu bəyan olunmuşdur. Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması dövlət siyasətimizin prioritetlərindəndir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində artıq dünyanın müxtəlif ölkələrinin parlamentləri Xocalı faciəsinin tanınması haqqında qərar qəbul ediblər. Leyla Əliyeva “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə rəsmən tanıdılması istiqamətində mühüm işlər görmüşdür. Bu kampaniyanın əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, qətliamın beynəlxalq miqyasda tanınmasını təmin etmək və faciə qurbanlarının xatirəsini yad etməkdir. Dünya ölkələri arasında Pakistan, Meksika və Kolumbiya Xocalı qətliamını soyqırım aktı kimi tanımışdır. Çexiya, ABŞ-ın Qərbi Virciniya, Pensilvaniya, Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi və Konnektikut ştatlarının qanunverici orqanları Xocalı soyqırımına dair müvafiq qətnamələr qəbul etmişlər. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımı ilə bağlı aparılan istintaq zamanı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən çox ekspertiza həyata keçirilmişdir. Rusiya, Qazaxıstan və Özbəkistanın prokurorluqlarına bir sıra məsələlər, o cümlədən 366-cı motoatıcı alayın ermənilər tərəfindən ələ keçirilən hərbi texnikası, həmin hərbi texnikalarla atəşə tutulan Azərbaycanın yaşayış məntəqələri barədə məlumatlarla əlaqədar müraciətlər edilmişdir. Cinayətin törədilməsində 366-cı alayın 2-ci taborunun komandiri, mayor Seyran Ohanyan (sonralar 2016-cı ilin oktyabr ayınadək Ermənistan Respublikasının müdafiə naziri), 3-cü taborun komandiri Yevgeni Nabokix və başqalarının iştirakına dair sübutların toplanması üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanınmasının təmin edilməsi istiqamətində işlər Avropa ölkələrinin parlamentlərində məsələ qaldırılmaqla və siyasi sənədlər qəbul edilməklə də davam etdirilmişdir. Hələ 2013- cü ildə Rumıniya Demokratik Liberal Partiyasının qrupu “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat təqdim etmişdir. Parlamentin iclasında deputat Luçian Militaru bəyanatın mətnini oxumuş və vurğulamışdır ki, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc sakinləri vəhşicəsinə qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanınmalıdır. İtaliya Senatının ümumi iclasında Xocalı soyqırımını keçmiş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi adlandırılmışdır. Çexiya Ermənistanı Xocalıda dinc sakinlərin qətlinə görə rəsmən qınayan və bu hadisələri insanlığa qarşı cinayət kimi tanıyan Avropa İttifaqı üzvü olan ilk ölkə olmuşdur. Bundan başqa, Meksika Konqresinin Deputatlar Palatası Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını və Xocalıda törədilən qətliamı kəskin şəkildə pisləyən qətnamə qəbul etmişdir. Kolumbiya Meksikadan sonra Xocalı soyqırımını tanıyan ikinci Latın Amerikası ölkəsi olmuşdur. Ölkə Senatı bu istiqamətdə müvafiq qətnamə qəbul etmişdir Peru parlamenti, Kolumbiya Konqresinin Nümayəndələr Palatası, Honduras Milli Konqresi, Sudan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsi , Panama Milli Assambleyası Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul etmişdir. Həmin qətnamədə təcavüzkarın Xocalıda törətdiyi qətliam qəti şəkildə pislənilmişdir. Bir neçə il əvvəl Fransa portalında və dünyanın digər aparıcı kütləvi informasiya vasitələrində Xocalı faciəsinin ildönümü ilə əlaqədar dərc olunmuş məqalələr diqqəti cəlb edib. Fransa portalında, həmçinin Malayziyanın Kommunikasiya və Multimedia Nazirliyinin nəzdində fəaliyyət göstərən “Cənub-Cənub İnformasiya Qapısı” agentliyinin rəsmi internet saytında yerləşdirilmiş, Xocalı qətliamından bəhs edən məqalələrdə dünya birliyi belə bir qanlı faciəyə biganə qalmamağa çağırılır. Göründüyü kimi, artıq beynəlxalq aləmdə Xocalı soyqırımı pislənilir, bu faciəni törədənlər lənətlənirlər. Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması üçün kifayət qədər ciddi əsaslar verir. Nürnberq Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilib. Orada soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilib. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam əksini tapıb. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, müharibə cinayəti sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: həmin qrupun üzvlərinin öldürülməsi, onların şikəst edilməsi, onlara bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi, hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan şəraitin yaradılması, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bu hallardan hər hansı birinin mövcudluğu hadisənin soyqırımı hesab olunması üçün kifayət edir. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir. Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu qətliamda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var. Cinayət işi öyrənilərkən, müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarını bilərəkdən kobud şəkildə pozublar. Xocalı faciəsi zamanı mülki əhalinin qorunması haqqında Cenevrə konvensiyalarında nəzərdə tutulan tələblərə ümumiyyətlə, əhəmiyyət verilməyib. Bütün bunlar bir daha təsdiqləyir ki, Xocalı hadisəsi soyqırımıdır. Dünyanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən tanınmış hüquq müdafiəçiləri, ekspertləri, ictimai-siyasi xadimləri Xocalıda törədilən vəhşiliklərə biganə qala bilməmişdir. “Times”, “İzvestiya”, “Sunday Times”, “Financial Times”, “La Mond” qəzetləri, “Valeur actual” və “Krua l’Eveneman” jurnalları, həmçinin digər dünya şöhrətli mətbu orqanlar Xocalı qətliamından bəhs edən məqalələr dərc edərək, bu qətliamı bəşəri cinayət adlandırmışlar. Prezident İlham Əliyevin uğurlu xarixi siyasəti və ordu quruculuğunu daim diqqət mərkəzində saxlaması artıq öz bəhrəsini verdi. Xocalıların, həmçinin Vətənimizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin qanı yerdə qalmadı. Rəşadətli ordumuz Vətən müharibəsində 44 gün ərzində Ermənistan ordusunu diz çökdürdü. Çıxılmaz vəziyyətə düşən düşmənin siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezident, Ali Baş Komandan İlham Əliyevə xalqın etibarı və ehtiramı sonsuzdur. Hər zaman xalqın dəstəyinə arxalanan dövlət başçımız Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə azad edilmiş ərazilərə səfərləri ilə öz sevinclərini xalq ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduqlarını əyani nümayiş etdirirlər. Çingiz QƏNİZADƏ, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru