30 il sonra tarixçilər kimi təqsirkar hesab edəcək: Putini, yaxud Zelenskini?
"Düşünmürəm ki, 30 il sonra bu tarixi təhlil edən araşdırmaçılar Zelenskini günahkar göstərəcək". Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə öz şiddəti ilə seçilir və artıq indidən müxtəlif mülahizələr yürütmək olar. "Analitiklər artıq indidən həm müharibənin başlanması təqsirkarlarının axtarılması, həm də müharibədən sonrakı vəziyyətin təhlil olunması istiqamətində düşünür və bu yöndə tezislər irəli sürürlər. Geniş yayılmış iddialardan biri budur ki, Zelenski müharibəni dayandıra bilər və qan tökülməsinin qarşısının alınması istiqamətində müvafiq addımları atmaqla, Rusiyanın ali siyasi rəhbərliyi ilə bir başa dialoqla problemlərin öhdəsindən gəlmək mümkün olardı. Çünki dağıntılar var, dinc insanlar həlak olur, hərbi qulluqçu və texnika itkiləri var. Düşünmürəm ki, 30 il sonra bu tarixi təhlil edən araşdırmaçılar Zelenskini günahkar göstərəcək. Çünki 30 il sonra Ukraynada tamamilə başqa bir mənzərə formalaşa bilər. Bu həm iqtisadi rifah, həm də ölkənin təhlükəsizliyi baxımından mümkündür”. Politoloq Ukrayna xalqının prezident Volodimir Zelenskiyə olan dəstəyini də ifadə edib: “Ukrayna xalqı bu gün Zelenskinin arxasındadır, onun addımlarını dəstəkləyir və ona qahmar çıxır. Ona görə də, Ukraynanın müasir tarixinə baxanda ölkənin rəhbərliyində təmsil olunan şəxslərin əlləri o qədər korrupsiyaya bulaşmışdı ki... Hazırda isə ölkənin gələcəyini düşünən, Ukrayna xalqının rifahı haqqında müxtəlif fəaliyyətlər həyata keçirən Volodimir Zelenskini xilaskar qismində görürlər. Bu, Ukrayna xalqının dəstəyini özündə ifadə edir. Avropa İttifaqının üzv dövlətləri, avroparlamentariləri, politoloqları, siyasi strateqləri və texnoloqları yaxından maraqlandıran məsələ budur ki, Zelenski kimi bir şəxs və onun timsalında Ukrayna idarəçiliyi hazırda dünəni yox, bu günü yox, daha çox sabahı düşünür. Bu dağıntılar da təbii ki, aradan qaldırılacaq. Artıq Aİ-nin üzv dövlətləri fəsadların aradan qaldırılması istiqamətində maliyyə yarıdmlarının edilməsi, müxtəlif proqramların, güzəştli kreditlərin və s. irəli sürülməsini sonrakı mərhələyə salıblar”. “Əminəm ki, Aİ və NATO ilə birlikdə Ukraynanı bu müharibəyə sürüklədi. Ona görə də, bunun iqtisadi fəsadlarının aradan qaldırılması, humanitar yardımlar, eləcə də insanların yaşaya biləcəyi şəhərlərin bərpasını öz üzərlərinə götürəcək və Zelenskiyə hər hansı ittihamlar olmayacaq. Putini günahlanladıran şəxslərin sayı çox olacaq. Bu istiqamətdə daha çox təhlillər aparılacaq. Çünki hazırda baş verən proseslərdə Zelenskini ittiham etmək üçün heç bir səbəb yoxdur. Təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar Ukraynanın iradəsindən kənarda, daha çox NATO və Rusiya arasında baş verir və Rusiya Ukraynanın neytrallığını tələb edirdi. Ukraynanın öz milli maraqları var, o cümlədən Aİ və NATO-nun da maraqları. Onlar, əsasən, Rusiyanın mövqelərinə və siyasi ambisiyalarına qarşı yönəlib”, - deyə analitik fikirlərini yekunlaşdırıb.