“Hərbi gücü Ukraynada kifayət qədər sarsılmış, üstəlik iqtisadiyyatı və maliyyə sistemi çökməkdə olan Rusiya rəhbərliyinin qondarma “SSRİ-2” layihəsini həyata keçirmək cəhdi tam iflasa məhkumdur...”
Bir sıra analitiklər hesab edir ki, 1920-ci illərdən fərqli olaraq SSRİ-ni bərpa etmək üçün Kremlin əlində heç bir cəlbedici ideologiya yoxdur. Fəqət, Rusiyanın Ukraynaya məkrli və soyqırımla müşayiət olunan müdaxiləsindən sonra bəlli oldu ki, Putin üçün belə bir ideologiya var - denasifikasiya. Yəni belə çıxır ki, Rusiya hakimiyyətinin hər cür təzyiqlər, hərbi-siyasi şantajlar, hədələr tərtbiq etdiyi istənilən postsovet dövlətində, yaxud elə onunla həmsərhəd Finlandiya, İsveç kimi digər ölkələrin iqtidarları və xalqları tərəfindən Moskvaya qarşı bir az sərt etirazlar səslənərsə, Putin rus xalqına deyəcək ki, görürsüz, orada da nasistlər var, onları da denasifikasiya etmək üçün xüsusi əməliyyat keçirməliyik. Bu cür durumda sabah buradakı “5-ci kalon”un vasitəsilə Azərbaycanda rus mənşəli və rusdilli əhaliyə qarşı, yaxud Qazaxıstandakı kimi sosial zəmində hansısa təxribat törədib Bakıya da qoşun yeritməyə bəhanə tapa bilərmi Kreml?..
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bu fikirləri ifadə edib:
“Bilirsiz, mən də hesab edirəm ki, hazırda “SSRİ-2” layihəsindən danışmaq mənasızdır. Çünki heç postsovet məkanındakı bütün xalqları cəlb edəcək bir ideologiya da yoxdur. Yəni həmin birləşdirici ideologiya həm Rusiya əhalisi, həm də postsovet məkanı insanları üçün cəlbedici olmalıdır...
Məsələn, XX əsrin əvvəlində Rusiya imperiyası ərazisində kommunizm ideologiyası hökmran olmağa başladı. Və bu da həm Rusiyanın, həm də onun müstəmləkəsi olan digər ölkə xalqlarının, o cümlədən Azərbaycan xalqının yoxsul təbəqələri üçün cəlbedici idi. Bunu etiraf etmək lazımdır. Çünki o zaman Azərbaycanda müstəqili dövlətin qurulması ərəfəsində vətənpərvər, millətçilər və bir də sosial-demokratlar var idi. Sosial-demokratların da ideologiyası bolşevizm-kommunizm ideologiyasıyla xeyli uyğun idi. Amma bu gün Putinin arxalandığı üzdəniraq denasifikasiya ideyasını götürsək, tutaq ki, Azərbaycandakı rusiyapərəst qüvvələr burada nəsə etmək istəsə, bu ideyanı bizim xalq arasında necə təbliğ edəcək? Yəni gülməlidir... Bir sözlə, denasifakasiya yalnız rus millətinin müəyyən hissəsini cəlb edə bilər. Digər xalqları bununla cəlb edib vahid bir dövlət qurmaq mümkün deyil... Bir sözlə, XXI əsrdə yalnız hərbi güc əsasında hansısa bir imperiya qurmaq və ya onu bərpa etmək də mümkünsüzdür”.
Politoloq çağdaş dünyada nəinki yalnız hərbi güc, hətta hərbi güclə parallel birləşdirici görünən güclü ictimai-siyasi ideologiya vasitəsilə də hansısa imperiya qurmağın mümkünsüzlüyündən də danışıb.
“Dünyada hazırda ən güclü dövlət ABŞ hesab olunur. Amma onun ideologiyası var - demokratiya. Və bu, bir sıra xalqlar üçün cəlbedici görsənir. Bunu təbliğ etmək olur və təbliğ olunur... Həmin ideologiya nə qədər gerçəyə uyğundur – o, başqa mövzudur... Lakin hətta bəzən güc və ideologiya vasitəsi ilə də müəyyən bir ölkəni müstəmləkəyə çevirmək mümkün olmur. Məsələn, SSRİ-nin, ardınca da ABŞ-ın Əfqanıstanı özlərinə tabe etmək cəhdlərinə baxaq. Moskva 10 il ərzində əfqanların beyninə sosializm-kommunizm ideologiyasını tam şəkildə yeridə bildimi? Xeyr. Yaxud 2001-ci ildən Amerika öz ordusunu bu ölkəyə yeritdi və orada demokratiya standartlarını təbliğ etməyə çalışdı. Ancaq 20 ildən sonra Ağ Ev anladı ki, demokratiya da əfqan xalqı üçün cəlbedici olmadı. Və nəticədə özünün yetişdirdiyi demokratiyanı təbliğ etməyə çalışan Əfqanıstan hökuməti rəhbərləri “Taliban”ın hücumu qarşısında cəmi bir neçə həftə də davam gətirməyib qaçdı... Eləcə də demokratiya ideologiyası İraqda, Suriyada və “ərəb baharı”nın baş verdiyi digər ölkələrdə də duruş gətirmədi... Özü də ABŞ-ın əlində, bildiyiniz kimi, yetərincə həm hərbi, həm iqtisadi, həm texnoloji güc, həm də maliyyə resursları var. Bu baxımdan yanaşdıqda hərbi gücü Ukraynada kifayət qədər sarsılmış, üstəlik iqtisadiyyatı və maliyyə sistemi çökməkdə olan Rusiya rəhbərliyinin postsovet məkanında hansısa qondarma “SSRİ-2” layihəsini həyata keçirmək cəhdi tam iflasa məhkumdur”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.
Sultan Laçın