Hafiz Hacıyevdən ağır sözlər: “Heç ata-anasını da tanımır”
“Azərbaycan telekanallarına baxan yoxdur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasını (MMP) sədri Hafiz Hacıyev deyib. MMP rəhbəri də ARB telekanalının “Xəbər-ətər” verilişi ilə bağlı qalmaqala rəy bildirib. Xatırladaq ki, Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan proqrama şairin nəvəsi Anar Axundzadə qonaq çağırılıb. Aparıcı Zümrüd Bədəlovanın Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı aparıcını gülünc vəziyyətə salıb. Anar Axundzadə təəccübünü gizlədə bilməyib: “Babam 37-ci ildə güllələnib”. Veriliş aparıcısının Əhməd Cavadı tanımaması sosial şəbəkələrdə qınağa səbəb olub. Mövzu ilə bağlı danışan Hafiz Hacıyev Azərbaycan telekanallarını izləmədiyini deyib: “O aparıcının səviyyəsi budur, nə sual verdiyini bilmir. Bunlar efirə kimlərinsə, xahişi ilə çıxanlardır. Son vaxtlar görürəm ki, mövzuya aidiyyatı olmayan insanları efirə çıxarırlar, bu da ictimaiyyəti çaşdırır. Bir növ, televiziyaların məkrli siyasətdir”. Partiya sədri qeyd edib ki, televiziyada bayağılığa son verilməlidir: “Belələrini efirə çıxarmaqla qabiliyyətli, savadı şəxsləri unutdururlar. Eləsi var ki, heç ata-anasını tanımır. Fikir belə bildirə bilmirlər. Aparıcı Əhməd Cavadı tanımırsa, o proqram niyə tərtib olunub?! Bununla yanaşı, verilişə elə adamları çağırırlar ki, heç kəs onu tanımır. Bununla da tanınmış siyasətçiləri gözdən salırlar. Məni efirə çağırmamalarının səbəbi odur ki, birdən xalqın gözünə açaram. Bu da onların maraq dairəsində deyil. İnternet televiziyaları telekanallardan daha çox izlənilir. Azərbaycan televiziyasına baxan yoxdur. Efirdə nə qədər saxta verilişlər olar axı... Çox təəssüf ki, Azərbaycan xalqını maarifləndirmirik. Çünki efirə səviyyəsiz insanlar çıxarırlar. Həmin adam imkanı ilə xanımı televiziyaya çıxarıb, reklam elətdirir”.