Hafiz Hacıyev VARİS axtarır: “ÖZÜM kimi CƏSARƏTLİ birini tapa bilmirəm”
Bir çox partiya sədri, siyasətçi onların yolunu davam etdirsin deyə özlərinə varis seçir. Tez-tez qalmaqallı çıxışları ilə gündəmə gələn Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də özünə varis seçibmi? Məsələ ilə bağlı Modern.az-a danışan Hafiz deyib ki, Müasir Müsavat Partiyasının üzvləri arasında kifayət qədər savadlı, bacarıqlı, təcrübəli, güclü siyasətçilər var. “Hələlik Hafiz Hacıyev siyasətdə öz sözünü deməyib. Mən əminəm ki, siyasətdə öz sözümü deyəcəyəm və Allah nə qədər ömür versə, 20-30 il hakimiyyətdə olacağam. O müddətdən sonra varisliklə bağlı məsələni düşünə bilərəm. Əlbəttə ki, partiyada mənim müavinlərim, məsləhətləşdiyim insanlar var. Amma varis məsələsi hələ ki tezdir. Mən ölkəni idarə edib Qarabağı düşmən işğalından azad etməyənə qədər partiyanı heç kimə verəsi deyiləm. Hakimiyyətə gəlib öz sözümü deyəcəyəm və millətim də görəcək ki, Hafiz Hacıyev həqiqətən də dediyini gec də olsa, həyata keçirdi. Hər halda prezident seçiləndən sonra partiya sədrliyinə məsləhətli bir adamı qoyaram. Mən Azərbaycan xalqının prezidenti olacağam, bir partiyanın yox. Hələlik partiya üzvləri etimad göstərib məni rəhbər seçirlər. Ola bilər gələcəkdə partiya üzvlərinin etimadını doğrultmayım, prezident seçilməyəm, əlbəttə, elə olan halda mənim yerimə kimisə seçəcəklər”. “Mən ölümdən qorxmayan bir insanam, ölümün gözünün içinə düz gedirəm. Belə insanlar çox azdır. Mən özüm kimi həyatını xalqının, millətinin, ölkəsinin yolunda qumara qoyan ikinci bir adam tanımıram, gələcəkdə də belə bir adamın olacağını hələ ki görə bilmirəm. O mənəm ki, həyatımı siyasi qumara qoymuşam. Millətimiz üçün, xalqımız üçün, dövlətçiliyimiz üçün, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün həyatını qurban verən ikinci bir adam tanımıram. Mən nə qərbə, nə şərqə, nə də daxildə heç kimə satılmayan bir insanam. Mən hər zaman öz iradəmi ortaya qoymuşam. Bu əqidəmlə də axıra qədər davam edəcəyəm, öləndə də bu əqidə ilə davam edəcəyəm. Mən o vaxt xoşbəxt olacam ki, paytaxtımızı Xankəndinə köçürəcəyəm”.
Partiya sədrinin sözlərinə görə, varislik üçün özü kimi mübariz, qorxmaz, cəsarətli birini görə bilmir.