“Yeni Müsavat” Azər Ayxanla bağlı daha bir açıqlama yaydı - Yenilənib
““Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş edib”. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı “Yeni Müsavat” Media Qrupu məlumat yayıb. Şirkətin yaydığı açıqlamaya görə, onunla aparılan danışıqlar heç bir müsbət nəticə verməyib: “Son olaraq bu istefanın qəbul olunduğunu bəyan edirik. “Yeni Müsavat” Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk”. Xatırladaq ki, daha əvvəlki açıqlamada şirkət istefanın gözlənilməz olduğunu bildirmiş, irəliləyən zamanlarda bu məsələnin müsbət həllinə ümid ifadə etmişdi. A.Ayxan istefasını yaranan fikir ayrılıqları ilə əlaqələndirmişdi: “Əlverişsiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur” Qeyd edək ki, A.Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. R.Arifoğlu məsələ ilə bağlı hələ ki, heç bir açıqlama yaymayıb. *** Azər Ayxan istefası haqda “Qafqazinfo”ya bunları deyib: "İstefa ərizəmin çevik şəkildə qəbul olunmasını israrla xahiş etdim. Uzatmağın, "bəlkə, yaxşı düşünəsən" təkliflərinin əleyhinə çıxdım. Uzadılacaq, düşünüləcək heç bir şey yoxdur. İnsan verdiyi qərara öncə özü hörmətlə və dürüst yanaşmalıdır. Artıq "Yeni Müsavat"la aramdakı əmək müqaviləsinə xitam verilib, oradakı işimdən rəsmən ayrılmışam". Azər Ayxan bəzi iddialara aydınlıq gətirib: "Mənim "Yeni Müsavat"dan işdən çıxmağımı bəziləri yeni layihə ilə əlaqələndirirlər. “Facebook”da yazdığım dəqiq açıqlamadan sonra belə qənaətə gələnlər oldu. Bildirirəm ki, 17 ildir baş redaktoru olduğum qəzetdən yeni layihəyə görə ayrılmamışam. İstefa verməyimə səbəb peşəkar yöndə idarəetmə ilə bağlı fikir ayrılıqlarıdır. Bu fikir ayrılıqlarının getdikcə dərinləşdiyini və təkliflərimin qəbul olunmadığını gördüyüm üçün tutduğum vəzifədən istefa vermək qərarına gəldim. Bir müddət istirahət etdikdən sonra yeni iş, yeni layihə haqda düşünəcəm. 31 illik qəzetçilik təcrübəmi, informasiya və ideoloji sahədəki bilgilərimi yeni layihələrdə cəmiyyətə çatdırmağı düşünürəm. Həmçinin tamam başqa sahələrdə iş təkliflərini də dəyərləndirəcəm”.