“Azərbaycanı hədəfə alanlar qarşılarında Türkiyəni görəcəklər” -FAZIL MUSTAFA
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan qırmızı xəttimizdir” bəyanatı yerində verilib və təsadüfi deyil. Hesab edirəm ki, cənab Ərdoğan bununla bir daha Azərbaycanla müttəfiq olduqlarını açıq şəkildə ortaya qoyub. Bu bəyanatla həm də Azərbaycanla bağlı əsası olmayan açıqlama verən bəzi ölkələrin siyasətçilərinə cavab verilib və onlar bundan nəticə çıxarmalıdırlar”. Bu fikirləri Reyting.az-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Partiya sədri xatırladıb ki, müxtəlif ölkələrin Azərbaycanla bağlı açıqlama və bəyanatları var: “Mən qonşu ölkələrin rəhbərlərini nəzərdə tuturam. Buna qarşı da prezident Ərdoğan açıqlama verdi və açıq tonla qeyd etdi ki, “Azərbaycan bizim qırmızı xəttimizdir”. Ehtimal edirəm ki, Türkiyə lideri məhz həmin siyasətçilərə cavab olaraq bu fikirləri işlədib. Əlbəttə, bu, həm də o deməkdir ki, Azərbaycanı hədəfə alanlar qarşılarında Türkiyəni görəcəklər. Ərdoğan da bunu təkrarlayıb”. Deputat əlavə edib ki, Ərdoğanın bu açıqlaması həm İrana, həm də Azərbaycanla bağlı müəyyən fikirlər işlədən başqa ölkələrə verilən cavabdır. F. Mustafa Türkiyə prezidenti Ərdoğanın işlətdiyi fikirləri Azərbaycanla bağlı açıqlama verən xarici ölkələrə yetərli cavab sayır: “Siyasətdə ölkənin başçısı fikrini birinci deyir. Daha sonra digərləri bunu konkret əməllərdə göstərirlər”. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl İranın Ali dini lideri Seyid Əli Xamenei “Tvitter” hesabındakı paylaşımında Zəngəzur dəhlizinə qarşı çıxıb, İran-Ermənistan sərhədinin bloklanmasına etiraz edəcəklərini bildirib. İran dini rəhbərinin bu açıqlaması və vaxtilə Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş, İslam dininə aid tarixi abidələri dağıtmış Ermənistanı dəstəkləməsi etirazla qarşılanıb.