“RUS “DƏRİN DÖVLƏTİ” PUTİNİ HAKİMİYYƏTƏ BUNA GÖRƏ GƏTİRİB...”

Sülhəddin Əkbər: “Rusiya Ukraynada bataqlıqda çapaladıqca güzəştlərə getməyə, Azərbaycan və Türkiyənin təklifləri qarşısında geri çəkilməyə məcburdur”

“Ən geci sentyabrda ciddi və böyük toqquşmalar görəcəyik”

Son günlər Rusiya tərəfindən verilən açıqlamalar qarşıda ciddi təhlükələrin yaşana biləcəyindən xəbər verir. Rusiyanın səlahiyyətli şəxsləri açıq bəyan edirlər ki, imperiyanı bərpa etmək niyyətləri və planları var. Hətta Qazaxıstan, Gürcüstan, Moldova kimi ölkələr açıq hədələnir. Görünən budur ki, Kreml Ukraynada uğur qazanarsa, bütün keçmiş sovet respublikalarını bir çətir altında birləşdirmək üçün yeni mərhələyə keçid etməyə çalışacaq.

“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər müzakirə edib:

- Rusiya rəhbərliyindəki bir çox şəxslər tez-tez SSRİ-nin bərpası niyyətində olduqlarına dair açıqlamalar vereirlər. Sizcə, bu fikirlər nə dərəcədə ciddidir?

 

- Mən çox təəssüf edirəm ki, Rusiyanın yeni imperiya siyasətinə vaxtında və lazımi səviyyədə reaksiya vermədik. Nə hakimiyyət, nə müxalifət, nə də media səviyyəsində bunu qiymətləndirmədik. İllər əvvəl deyirdim ki, Rusiyanın hələ demokratik dövründə -1992-1993-cü illərdə bizim etibarlı mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərirdi ki, demokratik Rusiya imperiyanı bərpa etmək niyyətindədir. Əslində, MDB-ni yaratmaqda məqsəd vaxt qazanmaq idi. Fikir belə idi ki, indiki şərtlər altında imperiyanı bərpa etmək imkanımız yoxdur, bunun üçün vaxt lazımdır. Amma eyni zamanda keçmiş SSRİ respublikalarının geopolitik nəzarətdən çıxmaması üçün aralıq müddətdə birlik lazımdır. Bu zaman MDB-nin yaradılması məsələsi ortaya çıxdı. Yəni imperiyanı bərpa etmək niyyəti heç vaxt Kremli tərk etməyib. Sadəcə olaraq, biz buna qeyri-ciddi yanaşmışıq.

Zənnimcə, bu səhvi təkcə biz deyil, ümumilikdə bütün dünya buraxıb. Rus “dərin dövləti” Putini də hakimiyyətə bu hədəfə çatmaq üçün gətirib. İndi bu fikirlərin artıq yüksək səslə ifadə edilməsi onu göstərir ki, Kremldə anlayırlar ki, imperiyanı bərpa etmək hədəfinə çatmaq artıq mümkün deyil.

- Rusiya rəsmiləri nədən mümkün olmayan şeyləri bəyan etsinlər?

- Bunu öz daxili auditoriyaları, bu günə qədər imperiya hissləri ilə bəslədikləri elita, rus “dərin xalqı” üçün edirlər. Yəni, “biz bacardığımızı etdik, bütün bu münaqişələrə, müharibələrə baxmayaraq əlimizdən gələni etdik, bizi düzgün başa düşün”. Onlar narahatdırlar ki, bir azdan Rusiyada millətçi qüvvələr meydan sulamağa başlayacaq. Artıq bu ultra millətçi qüvvələri hətta Putinin radikallığı belə qane etməyəcək. Onlar bilirlər ki, situasiyanı qabaqlamaq lazımdır və təşəbbüsü belə qüvvələrə vermək olmaz. İndidən ultra millətçilərin irəli sürəcəyi şüarları onların əllərindən almaq üçün bu açıqlamalar verilir.

- Dmitri Medvedev öz sosial şəbəkə səhifəsində açıq yazdı ki, Ukraynadan sonra növbədə Qazaxıstan və Gürcüstandır. Doğrudur, sonradan bu statusunu sildi. Bəs, doğrudanmı Kremldə artıq SSRİ-nin bərpası ideyası ilə yanaşı, artıq bunun üçün hazır plan da var?

- Bəli, onların belə planı var. Bu plan hələ də qüvvədə qalır, amma açıq görünür ki, onlar bunun üçün yetərli resurslara malik deyillər. Yeganə resursları qalır - nüvə silahı. Bundan istifadə də onların özləri üçün çox təhlükəlidir.

Ruslar düşünürdü ki, Ukrayna məsələsini həll etdikdən sonra Qazaxıstan və Gürcüstana keçməlidirlər. Planları yeni şəraitə uyğun olaraq imperiyanı bərpa etmək idi. Əslində, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı imperiyanın ayrı-ayrı strukturları idi. Son nəticədə hədəf bu ayrı-ayrı strukturları bir təşkilatda birləşdirməkdir. Rusiya Azərbaycanı da Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına dəvət edirdi. Bunlar təsadüfi deyil. Mən o zaman buna çox ağrılı reaksiya vermişdim. Çünki proseslərin istiqamətini görürdüm. Nə yaxşı ki, Rusiya Ukraynada indiki vəziyyətə düşdü. Ona görə mən qeyd edirdim ki, Azərbaycanın müstəqil dövlət kimi varlığı Ukraynada gedən müharibənin nəticəsindən asılıdır. İndi Rusiya Ukraynada bataqlıqda çapaladıqca güzəştlərə getməyə məcbur olur. Məsələn, Azərbaycan və Türkiyənin təklifləri qarşısında geri çəkilməyə məcburdur. Qarabağdakı son əməliyyat bunu deməyə əsas verir. Əlbəttə, söhbət böyük güzəştlərdən getmir, amma hər halda belə tələblərin qarşısında uzun müddət müqavimət göstərmir.

- Ukraynadakı indiki situasiyanı necə qiymətləndirirsiniz, müharibə artıq altıncı aydır davam edir...

- Oxucular üçün anlaşılan olsun deyə Əfqanıstan nümunəsini göstərməyi münasib sayıram. Sovet ordusu Əfqanıstana girdi, buranı işğal etdi, hətta oyuncaq rejimini də qurdu. Bəs son nəticə necə oldu? Biabırcasına Əfqanıstanın tərk edilməsi, sonra da sovet imperiyasının süqutu. İndi görürük ki, Rusiyanın hətta Ukraynanın bir hissəsini işğal etməyə belə gücü çatmır. Bu geopolitik məntiqlə Rusiyanın özü imperiyadır. Rusiya Federasiyası adlanan qurum onlarla subyektdən ibarətdir. Amma onun dağılmasını istəməyən böyük qüvvələr də var. Bunun üç səbəbi var. Onlardan birini deyirlər, digər ikisini demirlər. 

Birincisi, odur ki, Rusiya dünyada ən çox nüvə başlığına malik ölkədir. Dağılsa, bu silahlar nəzarətdən çıxa, ayrı-ayrı qüvvələrin, eləcə də beynəlxalq terrorçuların əlinə keçə bilər.

 

İkinci təhlükə odur ki, yaranan boşluğu Çin doldura bilər. Xüsusilə, Sibir istiqamətində. Beləcə, gücünə güc qatar.

Üçüncüsü odur ki, Rusiyanın parçalanacağı təqdirdə ən çox türk-müsəlman toplumu qazanacaq. Türk Dövlətləri Təşkilatının böyüməsi, Rusiya içərisində olan türk xalqlarının istəklərinə çatması və nəhayətdə Turanın təbii şəkildə yaranması fürsəti meydana çıxa bilər.

Yeri gəlmişkən, sizinlə son söhbətimizdə qeyd etmişdim ki, Ukraynada əsas savaş avqustun sonu, sentyabrın əvvəllərində baş verəcək. Həmin müddət yaxınlaşır. Artıq ABŞ Ukraynaya bir milyard dollarlıq yardım paketini açıqladı. Məncə, bu, Ukrayna Ordusunun əks-hücuma hazırlığının son mərhələsidir. Bu yardım paketi gəlib çıxdıqdan sonra yəqin ki, ayın sonlarında əks-hücum baş verəcək. Əlbəttə, silah-sursatın ünvana çatdırılması, onun qorunması, təhlükəsizliyinin təminatı lazımdır. Yəni, vəziyyətə bir çox faktorlar təsir edə bilər. Hər halda, ən geci sentyabrda ciddi və böyük toqquşmalar görəcəyik.

 

 

- Və sizin qənaətinizcə, bu böyük savaşda Rusiya məğlub olacaq...

- Hadisələrin inkişafı onu göstərir ki, gözlənilən toqquşma dönüş nöqtəsi ola və operativ sahədə təşəbbüs bütövlükdə Ukraynaya keçə bilər. Strateji təşəbbüs onsuz da çoxdan Rusiyanın əlindən çıxıb. İndi söhbət operativ-taktiki təşəbbüsdən gedir. Bu, təkcə mənim deyil, bütün aparıcı mütəxəssislərin gəldiyi qənaətdir.

Məsələn, strateji baxımdan rusların məqsədi nə idi? Sürətli hücumla Kiyevi ələ keçirmək, demokratik rejimi devirərək oyuncaq hökumət qurmaq və bundan sonra üzünü Qazaxıstana çevirmək. Rusiya və Belarus hazırdır, Ukrayna ram edildikdən sonra dördüncü böyük dövlət qalırdı - Qazaxıstan.

- Deyirsiniz ki, Rusiyada böyük proseslər gözləyirsiniz, orada təşəbbüs ultra millətçilərin əlinə keçə bilər. Bu fikirinizi inkişaf etdirsək, gözləntiniz nədir?

- Hər şey sözsüz ki, Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Strateji səviyyədə təşəbbüsü itirən Rusiya operativ təşəbbüsü də itirdikdən sonra proseslər daha da qızışa bilər. Əlbəttə, müharibəni, ictimai-siyasi prosesləri proqnozlaşdırmaq çətindir. Hazırda müharibə gedir və elə bir şey baş verə bilər ki, bütövlükdə istiqamət dəyişə bilər. Ona görə də proqnoz vermək çətindir. Əsas tendensiyaları izləmək lazımdır. Əgər doğrudan da gözlənildiyi kimi avqustun sonu və sentyabrın əvvəli böyük toqquşmalar başlayacaqsa, yəqin ki, bu proses bir müddət çəkəcək. Əgər bu, Rusiyanın gözlədiyinin əksinə olacaqsa, məsələn, Xerson azad edilərsə və ya Rusiyanın Dneprin sağ sahilində olan 30-35 minlik qüvvəsi mühasirəyə düşərsə, yaxud Ukrayna Ordusu tamamilə başqa istiqamətdə böyük uğur qazanarsa, bu, sözsüz ki, Rusiyada daxili vəziyyətə böyuk təsir edə bilər. Hazırda mümkündür ki, Ukrayna tərəfinin addımları da oyundur. Biz Ukrayna Baş Qərargahının nələr hazırladığını, hansı planlarının olduğunu bilmirik. İndi Dneprin sağ sahilinə qüvvə toplanılır, körpülər dağıdılır. Orada daha bir neçə körpünün dağıdılmasından sonra rus qoşunları operativ mühasirəyə düşsə, təsəvvür edin ki, Rusiyada hansı vəziyyət yaranar. Yəni versiyalar fərqlidir. Bütün bunlar Rusiyada Putin rejimini qarşı gözlənilən proseslərdə açar rolunu oynaya, hərəkətverici amil ola bilər.

- Amma bu ana qədər Putin öz hakimiyyətini qoruya və bütövlükdə proseslərə nəzarət edə bilir. Belə görünür ki, sərt nəzarət mexanizmi qurulub...

- Bəli, bu ana qədər Putin hakimiyyətə və proseslərə nəzarət edə bilib. Amma yuxarıda qeyd edilən variantlardan biri baş verərsə, necə vəziyyət yaranacağını söyləmək çətin olar. Hər halda proseslər başlayacaq, amma onun hansı sürətlə gedəcəyini demək çətindir.

- Sizcə, Putin son anda geri çəkilməyə, Ukraynanı sərbəst buraxmağa hazırdırmı?

- Məncə, son və şiddətli döyüşü görmədən, onu yaşamadan güzəştə getmək haqqında düşünməyəcək. Ümumiyyətlə, müharibələr tarixində və siyasətdə hər bir siyasətçi, millət, dövlət öz gücünün sərhədlərinə çıxmayınca, gücünü görməyincə geri çəkilmək haqqında düşünmür. Hər kəs gücünün sərhədlərini görməlidir. İndi məntiqlə Putin gücünü və onun sərhədlərini görür, amma qəbul etmək istəmir. Odur ki, onun Ukrayna tərəfinin aydın qələbəsini görməsi lazımdır. Yəni ona məğlubiyyət lazımdır ki, başqa yolu qalmasın.

 

 






Fikirlər