Dünya böhrana hazırlaşır-Ermənistan defoltun astanasında ...
Çinin “sıfır korona” siyasəti və daşınmaz əmlak böhranı dünyanın ikinci ən böyük iqtisadiyyatında artımı demək olar ki, tamamilə yavaşladıb. Almaniyanın “Deutsche Welle“ radiosunun hesablamalarına görə, pandemiyadan sonra Çində ən zəif artım qeydə alınıb. Pekin Statistika İdarəsinin iyul ayı üçün elan etdiyi kimi, keçən ilin eyni dövrü ilə müqayisədə ikinci ən böyük iqtisadiyyat yalnız 0,4 faiz artıb. Bu, korona pandemiyasının başlanğıcından bəri ən zəif rüblük artımdır. Birinci rübdə iqtisadiyyat 4,8 faiz artmışdı. Bu, ilin birinci yarısında ümumi artımın 2,5 faiz təşkil etməsi ilə nəticələnib. Ukrayna müharibəsinin Avropada ciddi iqtisadi problemlərə səbəb olduğu danılmazdır. Avropanın Rusiyadan gələn məhsullardan asılılığı cəmi üç faiz təşkil edirsə, Çin mallarından asılılıq 52 faizə çatır. Hər iki fövqəldövlətdə ciddi iqtisadi təlatümlər Avropanı, eləcə də dünyanı dərin iqtisadi böhranla hədələyir. Rusiya qazı bağlamaqla həm özünü, həm də Avropanı, eləcə də dünyanı növbəti böhranla təhdid edir.
Almaniyanın maliyyə naziri Xristian Lindner “ciddi iqtisadi böhrandan" qorxur, beyin mərkəzləri iqtisadi artım proqnozlarını azaldır və analitiklər qlobal tənəzzül barədə xəbərdarlıq edirlər. Lindner Almaniyanın “ZDF” televiziyasına müsahibəsində növbəti böhranı belə xarakterizə edib: “Enerji qiymətlərinin kəskin artması, daşınma zəncirindəki problemlər və həmçinin inflyasiya səbəbindən çox ciddi qəbul edilməli olan iqtisadi böhran riski var”. Dünya sanki böyük bir böhran labirintinin içərisində vurnuxur. Azərbaycanda da qiymətlərin artması, bəzi məhsulların qıtlığı qışla bağlı ciddi narahatlıqlar doğurub. Kənd əhalisi yığdığı taxılı bazara çıxarmaq əvəzinə qiymət artımı qorxusu ilə anbarlara yığır. Ölkəmizin baş iqtisadçısı Mikayıl Cabbarovun “böhrana hazır olmalıyıq” xəbərdarlığı hökumətin böhran strategiyası hazırlamasından xəbər verir. Avropa özünün nə qədər asılı və həssas olduğunu bilir və bu asılılığı minimuma endirməyə çalışır. Çox güman ki, bu cəhdlər bir neçə ildən sonra effekt verməyə başlayacaq. Belə olan halda yaxın illərdə dünyanı və Azərbaycanı nə gözləyir?
Hal-hazırda Avropa ölkələri bir-birini gücləndirən müxtəlif böhranlardan keçirlər. Çində əmanətçilər küçələrə axışır, çünki bankomatlardan pul çıxarmaq artıq mümkün deyil. Daşınmaz əmlak böhranı insanları sərvətlərindən məhrum edib. İndiyə qədər hökumət əhalinin 1 milyard ABŞ dollarından çox əmanətini “müsadirə edib”. Hesablardakı əmanətlərin yoxa çıxmasına başqa ad vermək olmur. Almaniyanın "Focus" portalının məlumatına əsasən əhali baş verənlərə etiraz olaraq, kredit faizlərini ödəməkdən imtina edir. Rəsmi statistikaya görə, iyun ayında yeni tikili mənzillərin qiymətləri ardıcıl ikinci aydır ki, ucuzlaşıb. Çinin “ANZ” Bankının analitiki Betty Vang “Financial Times”a izah edib ki, artıq faizlərini ödəməyən ev sahiblərinin sayı da artmaqdadır. “Pinpoint Asset Management”in analitiki Zivey Jang bildirib ki, bu vəziyyət “böyük narahatlıq yaradır” və maliyyə sistemini birbaşa təhdid edir. Çində yüzlərlə sahibkar çarəsizliyin astanasında çabalayır. Daşınmaz əmlakla məşğul olan sahibkar Yang Huiyan 24 yaşında milyarder olmuşdu, lakin təkcə bu il sərvətinin yarısını itirib. İsveçrənin “NZZ” qəzeti gənc milyarderin başına gələnləri Çin iqtisadiyyatının Si Cinpin dövründəki dərin transformasiyası ilə əlaqələndirir. Qəzetin yazdığına görə, Çin lideri zənginləri soymaq mexanizmini işə salıb. Asiyanın ən zəngin qadını üçün 2022-ci il indiyədək fəlakətli il olub: Yang Huiyan bir vaxtlar 22,6 milyard ABŞ dolları olan sərvətinin yarıdan çoxunu itirib. İndi də onun daşınmaz əmlak şirkəti “Country Garden” ciddi problemlərlə üzləşib, müflis olmaq üzrədir. Ölkənin cənubundakı Şunde şəhərində anadan olan 41 yaşlı Yang Huiyanın taleyi Si Cinpin dövründə Çin cəmiyyətində baş verən kəskin dəyişikliklərin simvolu sayılır. Gənc xanımın taleyi onu da göstərir ki, “Çin arzusu” bir çox insanı qısa zamanda ağlasığmaz sərvətlərə çatdırsa da, o, bir o qədər tez bu sərvəti əridə bilər. Davam edən daşınmaz əmlak bumu səbəbindən Yang Huiyan 2018-ci ildə sahibkarlıq zirvəsində idi. Təkcə ilin ilk dörd günündə artan səhm qiymətləri onun sərvətinə 2 milyard dollar əlavə etmişdi. Bu, o zaman sensasiya idi. Asiyada kişilərin üstünlük təşkil etdiyi zənginlərin siyahısında bir çinli qadın birdən-birə ən yüksək yerlərə qalxmışdı. Almaniyada insanlar qışda artan qaz qiymətlərini ödəyə biləməyəcəklərindən narahat olduqları kimi Çin əhalisi də hər şeyini itirməkdən qorxur. Çinlilər xüsusilə iki fəlakətin başladığı Henan əyalətinə baxırlar. Bir neçə həftə əvvəl bu əyalətdə əmanətçilərin küçələrə çıxdığı açıqlandı, çünki dörd böyük yerli bankın bankomatları artıq pul çıxarmağa icazə vermir. Tayvan şirkətləri 1991-2021-ci illər arasında materikə 193 milyard ABŞ dolları sərmayə qoyublar ki, bu da əhalisinin demək olar ki, üç qatına malik Almaniyanın investisiyalarından xeyli çoxdur. Çin-Tayvan münaqişəsi bu investisiyaların taleyini sual altına salıb. Çinin Ticarət Nazirliyi son açıqlamasında bəyan edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Çin və Rusiya arasında normal iqtisadi və ticarət fəaliyyətini pozur. Ayrı-ayrı xarici şirkətlər Çin şirkətlərini Ukrayna münaqişəsində tərəf seçməyə məcbur edirlər. Pekin ölkə şirkətlərinə qoyulan bu məhdudiyyətlərə qarşı çıxır və şirkətləri yerli istehsalçıların qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcəyi ilə hədələyir. Çində başlanmış daşınmaz əmlak böhranı ölkəmizdən də yan keçməyə bilər. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilk növbədə daşınmaz əmlak bazarına ciddi zərbə vura bilər. Azərbaycan özü - özünü enerji ilə təmin etmək gücündə olduğundan, enerji böhranının bizdən yan keçəcəyini proqnozlaşdırmaq olar.
Cənubi Qafqazda böhrandan ən çox Ermənistanın ziyan çəkəcəyi gözlənilir. Çünki Ermənistan dövlətinin taleyini böyük ölçüdə başqa dövlətlər həll edir. Bu ölkələrin daxili və xarici problemləri Ermənistana təsir edir. Qərbin sanksiyalarından sarsılan təkcə Rusiya iqtisadiyyatı olmayacaq. Rus iqtisadiyyatdan asılı olan Ermənistan dövlətinin defoltun astanasında olduğu açıq-aşkardır. Ötən il aparılmış siyahıyaalmaya əsasən ölkə əhalisinin təxminən 40 faizi çıxış yolunu mühacirətdə tapıb. 1989-cu ildə 3,5 milyon insanın yaşadığı Ermənistanda 2 milyondan az əhali qalıb. Rusiya prezidenti Putin 44 günlük müharibədən əvvəl bu ölkədə yaşayan erməni diasporunun nümayəndələri ilə görüşü zamanı Ermənistan əhalisinin 2 milyondan çox olmadığını təsdiqləyib. "APA-Economics"in xəbərinə görə, Dünya Bankının aparıcı iqtisadçısı Karmen Reynhart bildirib ki, Rusiya və müttəfiqi Belarus borcun ödənilməsi üzrə defolta çox yaxındır. Bu halda Rusiyadan asılı olan Ermənistanın da defoltdan qaçması mümkün olmayacaq. Elxan Həsənli, Surix,Musavat.com