“Zəngəzur dəhlizi məhz Rusiyaya lazımdır“ - Paşinyan ailəsinin qəzeti
"İctimai bəyanatlara baxmayaraq, Ermənistan ərazisindən keçən dəhlizin əsas benefisiarı Rusiyadır, çünki həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya Ermənistan ərazisindən keçən dəhlizin Rusiya Federasiyasının nəzarətində olmasını istəyir". Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin yeni redaksiya məqaləsində yazılıb. Məqalədə daha sonra qeyd edilir: "Sonuncu amil əhəmiyyətlidir, çünki İran ərazisindən keçən yol da var. İran ərazisindən də dəmir yolu çəkilə bilər". Təhlildə vurğulanır: "Rusiyanın bizim regiondakı istəkləri onun qlobal istəklər zəncirinə uyğundur, Ermənistan və Qarabağ bu arzular zəncirinin həlqəsidir. Rusiya Ukraynadan istədiyini az qala Ermənistandan da istəyir ki, Rusiya-Belarus İttifaqı Dövlətinin və ya Rusiyanın bir hissəsi olsun. Əgər Ukrayna məsələsində Rusiya bunun üçün Rusiya və ola bilsin ki, Belarus qoşunlarından istifadə edirsə, Ermənistana münasibətdə Azərbaycanda yerləşdirilmiş rus qoşunlarından və müəyyən dərəcədə Ermənistanda yerləşən qoşunlardan istifadə edir. Bu cür hərəkətlərin mənası Ermənistanın təhlükəsizliyinin zəifliyini göstərməkdən ibarətdir ki, sonuncu mümkün qədər tez birlik dövlətinə üzvlük üçün müraciət etsin". Nəşr bu məntiqin inkişafı üçün atılan addımları sadalayarkən Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirilməməsini qeyd edir. "Rusiyaya Dağlıq Qarabağın həll olunmamış problemi həm Ermənistana, həm də Azərbaycana təsir rıçaqı kimi lazımdır", - deyə vurğulayan erməni nəşrinin fikrincə, Kreml Qərblə gözlənilən münaqişə kontekstində, nəqliyyat yollarının bağlanacağı bir şəraiti nəzərə alıb: "Məhz buna görə də Lavrovun Qarabağ məsələsi ilə bağlı planında Ordubad-Meğri-Horadiz dəmir yolu və avtomobil yolunu maneələrdən azad etmək üçün Qarabağın cənub rayonlarının Azərbaycana verilməsi nəzərdə tutulurdu". "Türkiyə və Azərbaycanın rolu daha da artıb və indi Azərbaycan Rusiyadan Aİ-yə qaz və neft ixracı üçün platformaya çevrilə bilər”, - deyə sonda “Haykakan Jamanak” qəzeti qeyd edir.