Səfirliklər hədəfdə: Nə edək, qoşun göndərək?

Səfirliklər hədəfdə: Nə edək, qoşun göndərək?

Son günlər Azərbaycan səfirliklərinə olan təxribatların sayı getdikcə artmaqdadır.

 

Londondakı səfirliyimizdən sonra, Parisdəki səfirliyimizə qarşı həyata keçirilən erməni təxribatından sonra ötən gün də ABŞ-dakı səfirliyimizin avtomobili atəşə tutulub.

Azərbaycanın xarici siyasətindən narahat qüvvələrin isə əsas hədəfi səfirliklərimiz olaraq götürülür.

Yenisabah.az-a danışan Azərbaycanın İrandakı sabiq səfiri, tarix elmləri doktoru Nəsib Nəsibli deyib ki, sonuncu hücumdan sonra ABŞ-ın müvafiq hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olmalıdırlar:

“Daha buna nə deyəsən ki?! Bu, cinayət işdir və ABŞ-ın müvafiq orqanları bununla məşğul olmalıdır.

O ki qaldı səfirliklərimizə hücumlara, çünki səfirlik siyasi idarədir və səfirliyin əməkdaşları da həmişə terrorist qrupların hədəfində olan şəxslər olur. Bu da erməni diasporunun narahatlığının ifadəsidir ki, belə yollara əl atırlar”.

Politoloq Zərdüşt Əlizadə isə düşünür ki, Azərbaycanın siyasəti xaricdəki hansısa vətəndaş qruplarına xoş gəlmir.

Çıxış yolundan danışan siyasi şərhçi əlavə edib:

“Biz bu məsələdə nə edə bilərik bəs? Yalnız müvafiq ölkənin Xarici İşlər Nazirliyinə məlumat verib tələb edə bilərik ki, Vyana konvensiyasına uyğun olaraq nümayəndəliyin qorunmasına diqqəti artırsınlar. Vəssalam, başqa şey mümkün deyil”.

“Azərbaycan hökumətinin bununla bağlı hər hansı təhlükəsizlik tədbirlərini görməsinə gəldikdə isə, axı o, başqa ərazidə nə edə bilər?! Qoşun göndərməlidir?! Boş söhbətdir. Başqa şərait də yoxdur. Baxın, istər ABŞ Rusiyadakı səfirliyini qorumaq üçün, istərsə də Rusiya ABŞ-dakı səfirliyini qorumaq üçün bir-birilərinə müraciət edirlər. Yəni ki, bu məsələlərlə yerli hökumət baxmalıdır”, – yekunlaşdırıb.

 






Fikirlər